Hesabatda bildirilir ki, İranda əvvəlki illərlə müqayisədə insan haqları ilə əlaqədar durum nəinki yaxşılaşmayıb, hətta vəziyyət getdikcə daha da pisləşib: «İranda söz və ifadə azadlığına qoyulan məhdudiyyətlər, qadınlara və dini azlıqlara qarşı tətbiq edilən ayrı-seçkilik hələ də davam edir. İranda müstəqil Məhkəmə Sisteminin olmaması, söz və ifadə azalığına qoyulan məhdidiyyətlərlə bərabər özbaşına həbslərin davam etdirilməsi, ciddi nigaranlığa səbəb olur. Həmçinin ölkədə həyata keçirilən edamların sayının kəskin artması, o cümlədən də ictimaiyyətin gözü qarşısında icra edilən ölüm hökmləri dünya birliyinin dərin narahatlığına gətirib çıxarıb.
Biz, qeydsiz-şərtsi İranda edamların, o cümlədən də yaşı 18-ə çatmamış yeniyetmələrin edamının dərhal dayandırılmasını, zindanlarda saxlanılan müttəhimlərə qarşı tətbiq edilən təzyiq və işgəncələrə son qoyulmasını tələb edirik. Bildiririk ki, bəzi məhbuslara çıxarılan daşqalaq hökmü və ya onların hansısa bədən üzvünün kəsilməsi ilə bağlı çıxarılan hökmlər və ya cəza növləri, beynəlxalq insan hüquqlarına qarşı zidd addımdır və qəbuledilməzdir. Hesab edirik ki, İranda insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması və ya hər hansı bir müsbət dəyişikliyin baş verməsi, ölkəyə hakim qanunlara köklü şəkildə yenidən baxılmasından asılıdır. Bu isə İran hökumətinin üzərinə düşən bir vəzifədir».