Vaxt.Az

Reks hanı?


 

Dövlət katibindən narazıları departamentində bir sual maraqlandırır

Reks hanı? ABŞ Dövlət Departamenti Tramp administrasiyası formalaşandan bəri dayandırılmış gündəlik brifinqləri bərpa edib. Lakin dövlət katibi Reks Tillerson bu brifinqə qatılmayıb və beləliklə də bu vəzifədə Dövlət Departamentində ilk dəfə publika qarşısına çıxmaq imkanından istifadə etməyib.

Virtualaz.org «Politico» nəşrinə istinadən xəbər verir ki, «Exxon» şirkətinin keçmiş prezidentinin dövlət katibi vəzifəsinə yad münasibəti Dövlət Departamentinin peşəkar diplomatları arasında ona etimadı azaldır. Onsuz da əməkdaşlar prezident Trampın xarici siyasətə dair bir-birini təkzib edən, dolaşıq bəyanatlarından məyus olublar və Birləşmiş Ştatların xarici siyasətini həyata keçirməkdə çətinlik çəkirlər.

Digər tərəfdən Tramp Dövlət Departamentinin büdcəsinin azaldılacağını anons edib. Reks Tillerson isə belə görünür ki, buna qarşı çıxmayıb. Peşəkar diplomatlar buna qəzəblidir ki, rəqib ölkələrin xarici siyasət idarələrinin rəsmilərinin hər gün brifinqlər keçirib beynəlxalq ictimai rəyə təsir etdiyi bir vaxtda Tramp hakimiyyətə gələndən bəri Dövlət Departamenti gündəlik brifinqlər keçirməyib, o cümlədən Reks Tillerson mətbuat qarşısına çıxmayıb.

Gözlənilir ki, gündəlik brifinqlər bərpa edilsə də Tillerson onun formatını xeyli dəyişəcək. Hələlik Dövlət Departamentinin sözçüsü Mark Toner təsdiq edib ki, həftənin dörd günü ərzində brifinqi o aparacaq, üstəlik bu günlərin ikisində onun jurnalistlərlə ünsiyyəti ancaq telefonla olacaq. Lakin Mark Tonerin də yerinə yeni təyinat olacağı gözlənilir.

Dövlət Departamentindəki mənbələr deyiblər ki, diplomatik xidmətin karyeralı əməkdaşları demək olar Reks Tillersonun üzünü vəzifəyə təyin olunandan bəri görməyiblər. Onun Dövlət Departamentinin binasının yeddinci mərtəbəsində yerləşən kabinetinin qonşuluğundakı otaqlar boşalıb. Əvvəllər bu otaqlarda peşəkar diplomatlar otururdu. İndi gözlənilir ki, həmin otaqları siyasi təyinatlarla dolduracaqlar.

 





08.03.2017    çap et  çap et