Virtualaz.org xəbər verir ki, Qərb mediasının yazdığına görə açıqlanan sənədlərə əsasən Mərkəzi Kəşfiyyat İdarəsinin hakerləri məxfi kompüter proqramlarının vasitəsilə praktiki olaraq bütün elektron qurğuları, hətta «ağıllı» Samsung televizorlarını da dinləyir. Və dinlənilən şəxslər arasında Rusiyanın rəsmi şəxsləri, o cümlədən prezident Vladimir Putin də olub.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib ki, Amerika kəşfiyyatının prezident Putin də daxil olmaqla rəsmi şəxsləri dinləməsi, yaxud buna cəhd göstərməsi haqda yayılanlar «diqqətə layiqdir». Onun sözlərinə görə, Rusiyaya sirr deyil ki, Amerika kəşfiyyatı xarici ölkə rəsmilərini, o cümlədən Rusiya rəsmilərini fəal şəkildə dinləyir. Bununla belə Peskov açıqlanan məxfi məlumatların xüsusi olaraq öyrənilməsinin vacibliyini deyib.
Xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Amerika kəşfiyyatının şəxsən onu dinləmək səyləri haqda çoxdan bilir. Lavrovun sözlərinə görə, belə dinləmələrdən qorunmaq üçün o, həssas mövzulara dair danışıqlara yanında hər hansı telefon olmadan qatılır.