O, Türkiyənin hədəfinin Əl-Babdan sonra Menbiç olduğunu bir daha təkrarlayıb: «Menbicə getdiyimiz zaman qarşımıza YPG çıxarsa, əmin olun, onları vuracağıq. Bunu daha əvvəl də açıq və konkret şəkildə bəyan eləmişik».
Çavuşoğlu Raqqa əməliyyatında Türkiyənin iştirak edib-etməyəcəyinə isə belə cavab verib: «Bu əməliyyatla bağlı hələlik dəqiq qərarımız yoxdur».
Xatırladaq ki, YPG/PYD Menbicə bir müddət əvvəl yerləşib. Həmin vaxtdan Türkiyə ABŞ-ın dəstəyi ilə ora yerləşən YPG-yə və rəsmi Vaşinqtona israrla bunun yolverilməz olduğunu bildirsə də, xeyri olmayıb. Əksinə, şəhərdə YPG-yə bağlı olan qüvvələr hərbi texnika və postların üzərinə Amerika bayrağı asaraq, Türkiyənin tələbini qulaqardına vurublar.
Rəsmi Ankara isə hələ illər əvvəl Fərat çayının sağ sahilinin Türkiyə üçün «qırmızı xətt» olduğunu açıqlayıb və kürd qruplarının sahili keçməsi halında vurulacağını bəyan etmişdi. Lakin YPG Menbiçə daxil olaraq, oradan İŞİD-i qovaraq, şəhər üzərində hakimiyyətini qurub. Rəsmi Ankaranın atdığı son addımlardan isə görünür ki, Türkiyənin səbir kasası artıq daşmaq üzrədir…