Vaxt.Az

«Onları gəncliyinə bağışlayın»


 

Stomatoloji klinikada soyğunçuluq edənlər hakim qarşısında

«Onları gəncliyinə bağışlayın» Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Rzayevin və Fəhmin Atakişiyevin cinayət işi üzrə məhkəmə istintaqı keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Fikrət Qəribov sədrlik edib.

İstintaqla müəyyən edilib ki, ötən ilin avqust ayının 17-də Fəhmin Atakişiyevlə Fikrət Rzayev istintaqa məlum olmayan digər şəxslə əlbir olaraq özgənin əmlakını talamaq məqsədilə Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində fəaliyyət göstərən «531 Dental» stomatoloji klinikasının qarşısına gəliblər. Aralarındakı razılığa əsasən, F.Atakişiyev dişlərini həkimə göstərmək bəhanəsi ilə qəbul şöbəsinin işçisi Xəyalə Priyevadan həkimi çağırmasını xahiş edib. X.Priyeva həkimə məlumat verməkdən ötrü onun otağına keçərkən F.Rzayev masanın üstündəki «Samsung Galaxy Grand-2» markalı telefonu götürüb. Hər ikisi qapıya doğru istiqamət alıblar.

Öz otağında təhlükəsizlik kamerası vasitəsilə baş verənləri müşahidə edən klinikanın həkimi Səlim Eyvazov onların arxasınca çıxaraq telefonu qaytarmağı tələb edib. Fikrət qaçıb uzalaşsa da, Fəhmini tuta bilib. Cinayətin naməlum iştirakçısı isə araya girərək Fəhmini həkimin əlindən çıxarmağa çalışıb. Bundan istifadə edən 26 yaşlı gənc onu saxlayan həkimin üz nahiyəsinə başı ilə zərbə endirib. Həmin vaxt ərazidə olan post-patrul xidmətinin əməkdaşları F.Rzayevi, həkim isə F.Atakişiyevi saxladığına görə onlar cinayət əməllərini başa çatdıra bilməyiblər.

Törətdikləri cinayət əməllərinə görə F.Atakişiyevə və F.Rzayevə Cinayət Məcəlləsinin 29, 180.2.1-ci (soyğunçuluğa cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Fəhmin Atakişiyev ifadəsində dişləri ağrıdığı üçün həkimə göstərmək istədiyini, qiymətlə maraqlanmaq üçün stomatoloji klinikaya getdiklərini göstərib: «Fikrətlə uşaqlıq dostu olmuşuq, bir yerdə böyümüşük. Neçə vaxt idi dişlərim ağrayırdı. Hazırda yenə də ağrayır. Oradan keçəndə Fikrətə dedim ki, gəl gedək, dişlərimi həkimə göstərim, müalicənin qiymətini öyrənim, görüm nə qədər pul tutur. İkimiz də girdik stomatoloji klinikaya. Hadisə barədə sonradan xəbər tutmuşam. Fikrət telefonu götürüb gedəndən sonra klinikanın həkimi məni tutub saxladı. Həyəcanlı idim, qaçmaq fikrim yox idi. Həkimə dedim ki, mənlik deyil. Əllərimi tutmuşdular. Başımla həkimə zərbə vurdum. Polis gəlib apardı».

F.Atakişiyev ifadəsində klinikaya daxil olarkən cinayət törətməyi planlaşdırmadıqlarını deyib. Həmçinin ali məktəbdə oxuduğunu, təhsil haqqını ödəyə bilmədiyinə görə universiteti yarımçıq qoyduğunu açıqlayıb.

Təqsirləndirilən Fikrət Rzayev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum olunduğunu, 2015-ci ilin iyul ayında azadlığa buraxıldığını göstərib. Hadisə baş verən gün uşaqlıq dostu ilə avtovağzalda görüşdüklərini, Fəhminin dişinin ağrıdığını deyib: «Yaxınlıqdakı diş klinikasına girdik. Fəhmin qıza yaxınlaşıb həkimə dişlərini göstərmək istədiyini dedi. Qız həkimin otağına keçdikdə gözüm stolun üstündəki telefona sataşdı. Fəhminə heç nə deməyib telefonu götürüb qaçdım. Bir qədər keçmiş ərazidə xidmət aparan polis əməkdaşları məni yaxalayıb polis bölməsinə apardılar».

Zərərçəkmiş Səlim Eyvazov ifadəsində 14 ildir stomatoloq işlədiyini, son iki ildə «531 Dental» stomatoloji klinikasında fəaliyyət göstərdiyini deyib: «Klinikanın girişində gözləmə zalı, qeydiyyat masası yerləşir, 9 ədəd kamera yerləşdirilib. Qeydiyyatda Xəyalə Priyeva oturur. Otağımda quraşdırılmış monitor vasitəsilə həmin kameraların görüntülərini izləyə bilirdim».

Həkim-stomotoloq hadisə baş verən gün monitorda iki nəfər cavan oğlanın klinikaya girdiyini və qeydiyyat masasına yaxınlaşdıqlarını, onlardan birinin Xəyaləyə məxsus telefonu götürüb cibinə qoyaraq qaçdığını görüb: «Arxasınca qaçdım, qışqırdım ki, qaytar. Qaçıb uzaqlaşdığından digər oğlanı tutub saxladım. Ona dedim ki, çağır dostunu, telefonu qaytarsın. O boyda kollektivin içərisində sifətimə kəllə vurdu, üst-başım qan içərisindəydi. Bir qədər sonra polis əməkdaşları gəldilər. Xəyaləyə məxsus telefon Fikrətdən aşkarlanıb götürüldü. Sonradan kameralara baxanda gördüm ki, hadisədən əvvəl üç nəfər olublar, ikisi – Fəhminlə Fikrət içəri giriblər, üçüncüsü isə bayırda onları gözləyib. Fəhmini tutarkən həmin üçüncü şəxs onu əlimdən almağa çalışırdı».

Həkim S.Eyvazov məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edib: «Anaları var, onlar da gəncdir, biz də gəncik. Gəncliklərinə bağışlayın, yüngül cəza verin».

Məhkəmə prosesi martın 14-də davam edəcək.

 





11.03.2017    çap et  çap et