Vaxt.Az

Avrointeqrasiyanın faydası


 

AHİM «Qafqaz tülküsü»nün arzusunu gözündə qoydu

Avrointeqrasiyanın faydası Gürcüstanda yarımdemokratik-yarımavtoritar rejim qurmaq istəyən «Qafqaz tülküsü» Bidzina İvanişvili ötən həftə Avropadan tərs sillə yedi.

İvanişvili ötən ildən bəri müxalifyönlü «Rustavi-2»nin əvvəlki sahibini ortalığa salıb, onun əli ilə kanalı hazırkı kollektivin əlindən almaq istəyirdi. Nəhayət, martın 2-də Ali Məhkəmə bu barədə yekun qərar çıxardı və telekanalı əvvəlki sahibi Kibar Xalvaşiyə qaytardı. Bundan sonra baş verənlər maraqlıdır.

Cümə günü, martın 3-də «Rustavi-2» Ali Məhkəmənin qərarı ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət etdi. Müraciətdən cəmi bir neçə saat sonra - elə həmin gün axşam saatlarında AİHM-dəki növbətçi hakim prioritet qaydada şikayətə baxaraq Gürcüstan Ali Məhkəməsinin qərarının icrasını müvəqqəti dayandırdı. (AİHM-in belə bir səlahiyyəti də var imiş.) Bu qərar Tiflisdə şok effektinə səbəb oldu, heç «Rustavi-2»nin vəkilləri də belə bir qərar və bu cür ildırım sürətli reaksiya gözləmirdilər. Martın 7-də isə AİHM hakimlər kollegiyası yığışıb yekdilliklə qərar verdi ki, «Rustavi-2»nin şikayətinə mahiyyəti üzrə baxılıb, yekun qərar verilənədək Gürcüstan Ali Məhkəməsinin qərarı icra oluna və telekanalın hazırkı redaksiya siyasəti dəyişdirilə bilməz.

Bu qərar Gürcüstanda demokratikləşmənin dönməz xarakter alması baxımından tarixi əhəmiyyətlidir. Eyni zamanda, avrointeqrasiyanın ölkələrə heç nə vermədiyi barədə Rusiyanın və onun təsiri altında olanların apardığı təbliğata da yaxşı cavabdır.

Martın 28-də Gürcüstan vətəndaşlarının Avropaya (Şengen zonasına) vizasız gediş-gəlişi başlayır. AİHM-in qərarı Gürcüstanı idarə edənlərə, gürcü siyasətçilərə mesajdır ki, özünüzü yığışdırın, daha əvvəlki fırıldaqlar keçməyəcək. Artıq hökumət AİHM-in qərarına əməl edəcəyini açıqlayıb.

 





11.03.2017    çap et  çap et