Fransa ənənəvi olaraq ermənilərə simpatiyası ilə tanınır, Qarabağ məsələsində üç həmsədr ölkədən biri kimi zahirən bitərəf görünməyə çalışır, ancaq bu məsələdə də Parisin mövqeyinin ermənilərin maraqlarının təmin olunmasına meylləndiyi sirr deyil. Azərbaycan prezidentindən əvvəl Ermənistan prezidenti Serj Sərkisyan Fransada səfərdə olub və məlum olduğu kimi bu dəfə də iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuşdu. Ancaq Sərkisyanla Olland arasında danışıqlarda Qarabağ mövzusu da əsas danışıqlar mövzusu olub.
Fransa KİV-ləri qeyd edirdilər ki, Ollandla birgə mətbuat konfransında Sərkisyan Qarabağın heç adını da çəkməyib. Ancaq Fransa prezidenti görüşdə ona deyib ki, atəşkəsin qorunmasına dair tədbirlər və «sülhə yaradılan maneələrə görə sanksiyalar» nəzərdən keçirilməlidir. Bu birmənalı olmayan eyhamın məhz hansı tərəfə ünvanlandığını sezmək çətin deyil, daha doğrusu Ermənistan və onun lobbiçiləri həmişə məsələni belə qələmə verir ki, məsələnin hərbi yolla həllinə cəhd edən tərəf Azərbaycandır.
Lakin məsələnin hərbi yolla həllinə cəhd etmək və ya bu variantı gündəmə gətirmək əraziləri işğal altında olan tərəf üçün tamamilə qanuni görünsə də əraziləri işğal altında saxlamaq sülhə yaradılan ən ciddi maneə deyilmi? Ona görə də gözlənilir ki, Azərbaycan prezidentinin Yelisey sarayında aparacağı danışıqlarda Fransanın münaqişənin nizamlanmasındakı roluna dair bu kimi məqamlara aydınlıq gətirməyə çalışacaq.
Bu arada Fransadakı erməni təşkilatlarının koordinasiya Şurasının sədri Murad Papazyan tert.am saytı ilə söhbətində deyir ki, prezident Fransua Olland Qarabağ münaqişəsinin nizamlanmasına dair Madrid prinsiplərinin əsas götürülməli olduğunu bir daha Sərkisyanla görüşdə vurğulayıb. «Fransua Ollandın mövqeyi dəqiqdir - Madrid prinsiplərinə əməl olunmalıdır. O, arzusunu ifadə edib ki, biz Dağlıq Qarabağın yekun statusunu müəyyənləşdirmək üçün referendum keçirək. Sonra Azərbaycana Dağlıq Qarabağ ətrafındakı rayonlardan yeddisini yox, beşini qaytaraq. Bu, Ollandın planıdır, o, bunu danışıqlar aparan tərəflərə təqdim edir», - Papazyan deyir.
Fransadakı erməni diaspor lideri onu da bildirir ki, prezident Olland kimin atəşkəsi pozduğunu bilmək üçün atəşkəsə nəzarət mexanizminin yaradılmasının tərəfdarıdır.
Qeyd edək ki, Dağlıq Qarabağda referendumun keçirilməsi doğrudan da Madrid prinsiplərində var. Lakin bu referendumu ətraf rayonlardan 5-nin qaytarılmasından sonra keçirmək təklif olunur, nəinki Papazyanın Ollanda istinadən iddia etdiyi kimi bəri başdan. Bu baxımdan sual yarana bilər: doğrudanmı Fransa prezidenti Qarabağa dair bu cür absurd ideyanın müəllifidir?