Vaxt.Az

Ruhaninin «Axilles dabanı»


 

Ölkənin yanlış iqtisadi siyasəti İran prezidentinin ayağına yazılır

Ruhaninin «Axilles dabanı» «New York Times» martın 6-da xəbər vermişdi ki, Lüksemburq məhkəməsi İranın Mərkəzi Bankına (CBİ) məxsus 1,6 milyard $-lıq aktivlərin dondurulması barədə qərar çıxarıb. Bundan az əvvəl ABŞ-da 11 sentyabr terror hücumları qurbanlarının bir qrup yaxını Avropa Məhkəməsində İrana qarşı iddia qaldırmışdı.

CBİ rəsmiləri Avropa Məhkəməsinə qədər ABŞ məhkəməsinin çıxardığı qərarların beynəlxalq hüquqa zidd olduğunu bəyan ediblər. İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi isə bildirib ki, «aktivlərin dondurulması nüvə sazişindən əvvəl başlanılan prosesdir və CBİ-nin vəkilləri hazırda vəsaitin sahibinə çatdırılması üçün Lüksemburqda məsləhətləşmələr aparırlar».

Əslində, Lüksemburq məhkəməsində çıxarılan qərar Avropa və ABŞ-da İran aktivlərinin dondurulmasına dair ilk hərəkət deyil. 2016-cı ilin aprelində ABŞ Ali Məhkəməsi CBİ-yə məxsus 2 milyard $ aktivin dondurulması barədə qərar çıxarıb. Lakin banklar və əmanətçilər hazırda İran gündəminin əsas mövzularındandır.

Hələ ötən ay, fevralın 26-da İran hökuməti parlamentdən informasiya və kommunikasiya texnologiyaları nazirliklərinə məxsus 10 trilyon rial (308 milyon $) əmlakın satılması barədə razılıq alıb. Satışdan qazanılan vəsait «Post Bank» və «Cooperative Development Bank»ın ağır durumdan çıxarılmasına yönəldiləcək.

Eyni zamanda, istehsal sahəsində inkişafa nail olmaq üçün banklar öz artıq aktivlərinin 33%-ni satmalıdır. «Serat News» saytının məlumatına görə isə, 31 İran bankı və kredit təşkilatına məxsus daşınmaz əmlakın ümumi dəyəri təxminən 448 trilyon rialdır – 13,8 milyard $.

2014-cü ildə ölkənin ali dini rəhbəri Ayətullah Xamneinin fətvası ilə İranda «iqtisadi müqavimət» siyasəti həyata keçirilir. Lakin ölkənin durğun iqtisadiyyatı, əhalinin məşğulluğunun aşağı səviyyəsi və pisləşən rifah halı həm sıravi vətəndaşların, həm də siyasətçilərin dilindən düşməyən gündəlik müzakirə mövzusudur.

Sözlü etirazların böyüyərək nizamın səddini aşması ehtimalı var. Artıq ölkənin cənubunda, Xuzistan vilayətində kütləvi nümayişlər və asayiş keşikçiləri ilə toqquşmalar baş verib. Həsən Ruhaninin təcili qaydada bölgəyə səfərindən sonra da vəziyyət gərgin olaraq qalır.

İranın 40 tanınmış iqtisadçısı prezident Həsən Ruhaniyə açıq məktubla müraciətində də dövlət başçısını xəbərdar edir. Elə ilk sətirlərdə deyilir ki, iqtisadi vəziyyətin ağırlığı, xüsusilə gənclər arasında işsizlik və digər müşküllərin bir hissəsi «keçmiş iqtidardan miras qalsa da, vəziyyətin pisləşməsi mövcud hökumətin siyasətinin nəticəsidir».

Hər abzası «Cənab Prezident!» xitabı ilə başlayan açıq məktubda dövlət başçısının «liberal kapitalizm tərəfdarları olan komandası»nın şəffaflıq və informasiya azadlığını qulaq ardına vuraraq, korrupsiya faktlarını gizlətməsi xüsusi vurğulanır.

Açıq məktub «iqtisadi düşüncəsi xarici investisiyalara hesablanan» H.Ruhani hökumətinə 5 tövsiyə ilə bitir.

Bəlkə də prezidentə qarşı bu qədər açıq və sərt cəbhələşmənin səbəbini Ekspertlər Şurasının martın 8-də keçirilən iclasında axtarmaq lazımdır. H.Ruhaninin də iştirak etdiyi həmin iclasda Ayətullah Xamnei dövlət başçısının «dabanı»nı çox sərt basdalayıb: «Əgər məmurların məsuliyyət hissi daim narahatlıq, səy, təlaş, məqsədyönlülük və ciddiyyətlə müşayiət olunarsa, bu o deməkdir ki, onlar İslam hökumətinin əsas istiqamətləri üzrə hərəkət edirlər. Əks təqdirdə, bilməliyik ki, İslam hökumətinin hüdudlarından kənara çıxmışıq».

Yaxud: «Aristokratik həyat tərzindən uzaq durmaq da İslam sisteminin möhkəm əsaslarından biri olduğu halda, təəssüf ki, bu gün cəmiyyətin problemlərindən biri də bəzi məmurların davranışları nəticəsində hətta orta və aşağı təbəqələrin də aristokrat görünməyə meyillənməsidir».

Ayətullah Xamnei Ekspertlər Şurası üzvləri önündə açıq şəkildə əlavə edib: «Möhtərəm prezidentə də demişəm, makro göstəricilərin açıqlanması yaxşıdır. Təbii ki, statistikanın dəqiq olması şərtilə. Ancaq hər halda, bunlar əhalinin həyat və məişətində qısamüddətli və ortamüddətli təsir effektinə malik deyil».

Sözünün davamında bu sözlər olub: «Əhalinin şikayətləri və ekspertlərin fikirləri bizə gəlib çatır. İstehsal, məşğulluq, sözün əsl mənasında, böhranın aradan qaldırılması, qaçaqmalçılıqla mübarizə, idxal-ixracat kimi məsələlərdə elə davranmaq lazımdır ki, xalq onun təsirini öz həyatlarında tam şəkildə hiss etsin. Lakin hazırda belə deyil».

O, xarici investisiya cəlbinin müsbət addım olduğunu söyləməklə bərabər, vurğulayıb: «Bu vaxta qədər xarici ölkələrlə bağlanmış müqavilələrin az hissəsi reallaşıb. Buna görə də onların investisiya qoymasına ümid bəsləmək olmaz… Möhkəm nəzəri və konseptual əsasları olan müqavimət iqtisadiyyatı ölkənin problemlərindən yeganə çıxış yoludur. Bu, mütləq icra edilməlidir!»

Yaxın Şərq İnstitutunun (ABŞ) eksperti Əhməd Xalid Məcidyarın fikrincə, prezident seçkilərinə iki ay qalmış Ayətullah Xamneinin toxunduğu iqtisadi durğunluq hazırda tənqidə tuş gələn H.Ruhaninin «Axilles dabanı»dır.

Beynəlxalq sanksiyaların ləğvindən sonra da Qərb şirkətləri investisiya qoyuluşlarına tələsmir. D.Tramp administrasiyasının ballistik raket sınaqlarından sonra yeni qadağalara əl atacağı qorxusu çəkindirici amil rolunu oynayır.

«Amma sanksiyalar yeganə problem deyil, – deyə Ə.Məcidyar vurğulayır. – Ruhani hökuməti ölkənin iqtisadi dirçəlişinə mane olan endemik korrupsiya və təsərrüfatsızlıq problemlərini həll edə bilməyib. «Transparency International»ın 2016-cı ilə aid siyahısında isə İran Rusiya ilə bərabər 131-ci pillədə durur».

Bu arada Həsən Ruhaninin yenidən namizədliyini irəli sürüb-sürməyəcəyinə dair söhbətlərə son qoyulub. Martın 6-da, Ekspertlər Şurasının iclasından iki gün əvvəl seçki qərargahının formalaşdırılması xəbəri çıxıb.

Prezidentin kampaniyasına görkəmli islahatçı xadim Məhəmməd Əli Nəcəfi və Məhəmməd Şəriətmədari rəhbərlik edəcək.

Yeri gəlmişkən, qərargahda analitik mərkəzə rəhbərlik edən 65 yaşlı, Massaçusets Texnologiya İnstitutunun məzunu və son otuz ildə mühüm vəzifələrdə çalışmış M.Nəcəfi 2009-cu il prezident seçkilərində müxalifət lideri Mir Hüseyn Musəvinin düşərgəsində olub. Məhz o, H.Ruhani ilə bərabər, islahatçılar düşərgəsindən daha bir və ya bir neçə şəxsin yedək namizəd olması fikrini irəli sürsə də, bu fikir mənfi qarşılanıb.

Bu fikrin tənqidçiləri «Bir əsgər min komandandan daha yaxşıdır» deyən H.Ruhani ilə vahid namizəd məsələsində eyni rəyi bölüşürlər.

Mohsen Safai Fərahani, islahatçı siyasətçi «Khabar Online«a bildirib ki, əslində, H.Ruhanidən başqa prezidentlik yarışında bir (yaxud bir neçə) islahatçı namizəd(lər)in iştirakı yaxşı olardı: «Çünki Nəzarətçilər Şurasının indiki prezidenti seçkilərdən kənarlaşdırdığı halda, digərləri seçkidə cənab Ruhanini əvəz edərdi».

İslahatçıların düşərgəsində yedək namizəd(lər) fikri qəribçiliyə salınsa da, bu fikir doğru ola bilər.

 





14.03.2017    çap et  çap et