Vaxt.Az
Avropa çempionluğu Vüqar Həşimova həsr edildi
Şahmatçılarımız qitənin ən güclüsü oldu
Dünən Polşanın paytaxtı Varşavada şahmat üzrə komandalararası Avropa çempionatı başa çatıb.
Azərbaycan millisi Avropa çempionu adını qazanıb. Sonuncu turda Azərbaycan millisi Ermənistan şahmatçıları ilə qarşılaşıb. Gərgin mübarizədə bütün lövhələrdə heç-heçə qeydə alınıb - 2:2.Bu nəticə komandamızı razı salıb. Fransa yığması Rusiyaya uduzduğundan (1,5:2,5) Ermənistanla qarşılaşmada əldə edilən bərabərlik Azərbaycana çempionluq üçün yetərli olub. Ümumi hesabda 14 xal toplayan Azərbaycan millisi tarixində ikinci dəfə Avropa çempionu olub. Buna qədər 2009-cu ildə Serbiyada keçirilən yarışda şahmatçılarımız qalib adını qazanmışdılar.
Qələbədən sonra Azərbaycan millisinin üzvləri sosial şəbəkədə öz fikirlərini paylaşıblar. Onlar ağır xəstəlikdən əziyyət çəkən, hazırda Almaniyada müalicə olunan Vüqar Həşimovu da yada salıblar.
Azərbaycan yığmasının üzvü Qədir Hüseynov qələbəni belə şərh edib: “Nəhayət ki, yazmaq imkanım var. Xoşbəxtəm ki, gərgin mübarizə şəraitində Avropa çempionu olmağı bacardıq. Biz birlikdə qalib gəldik. Komandamızın hər bir üzvü kimi mən də qələbəni Azərbaycan xalqına və dostum Vüqar Həşimova həsr edirəm. Vüqar, sənin məsləhətlərin həm şahmatda, həm də həyatda həmişə kömək olub. Tezliklə qayıt, qardaş”.
Millinin üzvü Şəhriyar Məmmədyarov da qələbəni Vüqar Həşimova həsr etdiyini vurğulayıb: “О, hər zaman bizimlədir və biz də bu qələbəmizdə onun adını və özünü görürük. Birinci dəfə Avropa çempionu olanda o, bizimlə idi. Amma heyf ki, indi o, yanımızda ola bilmir. Bunun bəzi səbəbləri var. Amma qoy bütün şahmatsevərlər bilsin ki, Vüqar hər zaman bizimlədir və onun əvəzi yoxdur. Bu çempionluqda da o, bizimlədir. Hər şeyə görə çox sağ ol, Vüqar Həşimov”.
18.11.2013 çap et