Virtualaz.org «Forbes»ə istinadən xəbər verir ki, Qreq Maffey bundan əvvəl də «Formula 1» partnyorlarını incidən açıqlamaları ilə tanınır.
«Bizim vəzifəmiz ancaq ondan ibarət deyil ki, yaxşı pul ödəyən partnyorlar tapaq. Onlar bizə brend yaratmaqda və məhsul hazırlamaqda kömək etməlidir. Berni Ekklstoun ancaq qazanmaq hərisliyi ilə hərəkət edirdi, nəticədə biz Bakı kimi şəhərlərdə yarışlar keçirməli olduq. Onlar bizə yaxşı məbləğ ödəyirlər, ancaq brend yaratmaq və sağlam biznes qurmaq üçün heç nə etmirlər», - Maffey deyib.
«Forbes» qeyd edir ki, Azərbaycanla bağlanmış 10 illik müqaviləyə əsasən Bakı Qran Prisinin keçirilməsi üçün bu yarışın sahibinə ildə 40 milyon dollar ödənilməlidir. Lakin müqaviləyə əsasən məbləğ hər sonrakı il üçün 5 faiz artırılır. Hazırda Azərbaycan növbəti 9 il üçün «Liberty Media» şirkətinə 393.6 milyon dollar ödəməlidir. Beləliklə, müqavilə kifayət qədər gəlirlidir. Lakin «Liberty Media» şirkətinin səhmdarlarını narahat edən odur ki, bu pullar hökumətdən gəlir və Qreq Maffey də son açıqlaması ilə məhz hökuməti hədəf alıb.
«Forbes» qeyd edir ki, Qreq Maffeyin açıqlaması onun biznesinə qarşı əsl təxribatdır. Çünki əgər xarici idman bossu hansısa dövlətdən 400 milyon dollar alırsa və üstəlik deyirsə ki, o, «biznes üçün heç nə eləmir», o zaman bu həmin ölkənin ictimaiyyəti və hökuməti üçün həmin pulları dayandırmaq çağırışlarını başlada bilər. «Ola bilsin biz Azərbaycanda bunun baş verib-vermədiyinin şahidi olmaq üçün çox gözləməli olmayacağıq, hərçənd ölkənin «Formula 1»in sahibi ilə onillik müqaviləsi var. Ancaq həmin müqavilə yarışların davam edəcəyinə təminat vermir. Doğrudur, «Formula 1»in qonorarları ödəyən tərəf hökumət olanda bank qarantiyası ilə qorunur, ancaq ödəmədən imtina edilsə şirkətin hökuməti məhkəməyə verib həmin pulları alması heç ağlabatan deyil.
Nəşr onu da yazır ki, Maffeyin açıqlaması ironiya doğurur, axı «Formula 1» pilotları Bakı yarışları haqda ağızdolusu danışmışdılar və yarışların yaxşı təşkil edildiyini demişdilər.
Elə yarışların təşkilatçısı olan «Baku City Circuit» («Bakı Şəhər Dövrəsi») şirkətinin rəhbəri Arif Rəhimov da «Reuters»ə açıqlamasında Qreq Maffeyin bəyanatından məyusluq və təəcüb ifadə edib.
«Əlbətdə, bu deyilənlər bizi məyus edib. Cənab Maffey «Formula 1»lə heç bir il deyil məşğul olur, ancaq biz bu layihə üzərində üç ildən çoxdur işləyirik və «Formula 1»lə bağlı təcrübəmiz ondan daha çoxdur. Ona görə də bu sözlər məsələnin mahiyyətinin kifayət qədər dərk edilməməsindən qaynaqlanır. Ötən il biz gözəl şou keçirdik, praktiki olaraq hamı bunu etiraf etdi. Bu, pilotların uğuru idi, çünki bizdə tras mürəkkəb idi və pilotların marağına səbəb olmuşdu. Bu, əla yarış idi, əla şou idi», - Arif Rəhimov deyib.
Arif Rəhimov əlavə edib ki, kiminsə yarışda və ya hansısa tədbirdə iştirak etmədiyi halda onu tənqid etməsini anlamaqda çətinlik çəkir. «Bizim üçün Maffeyin Azərbaycan mərhələsinin onlarda müsbət emosiyalar yaratmadığı barədə dedikləri xoşagəlməzdir, zərbədir. Hesab edirəm ki, bu cür sözlər uzaqgörənlikdən xəbər vermir. Eyni zamanda «Formula 1»ə zərbə vurur. Ancaq biz müqaviləyə yenidən baxa bilərik. Müqaviləni hər iki tərəfin qarşılıqlı razılığı ilə pozmaq olar. Biz dünya çempionatının gəlirlərinə ciddi töhfə veririk və birdən müqavilənin dayandırılması barədə qərar verilsə bundan itirən «Formula 1» olacaq», - Arif Rəhimov deyib.