Vaxt.Az

«Ermənilər özlərini müdafiə etməkdə çətinlik çəkir»


 

Əli Həsənov: «Hücum diplomatiyası əsas götürülməlidir»

«Ermənilər özlərini müdafiə etməkdə çətinlik çəkir» «İşğal olunmuş torpaqlarımızın azad edilməsi hər birimizin fəaliyyətində ayrıca hədəf olmalıdır. Hər birimiz Azərbaycan dövlətinin torpaqlarımızı azad etmək istiqamətində siyasətinin iştirakçısına çevrilməliyik». APA-nın məlumatına görə, bunu bu gün «Ermənistanın Azərbaycana təcavüzü: Təhlili xronika» kitabının təqdimatı mərasimində kitabın redaktoru, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, qəlbində Qarabağ istəyi daşıyan hər bir şəxs bu kitabı oxumalı, yetərincə bilikli və hazırlıqlı olmalıdır: «Ermənistanın Cənubi Qafqazda nümayiş etdirdiyi güc siyasətinə ağılla, intellektlə cavab verməliyik. Prezident İlham Əliyevin dediyi kimi, hücum diplomatiyası əsas götürülməlidir. Biz erməni lobbisinin qarşısına yalın əllə çıxa bilmərik».
Şöbə müdiri qeyd edib ki, Dağlıq Qarabağ məsələsini Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Elmin İnkişaf Fondu və digər qurumlar öz fəaliyyətlərinin əsas istiqamətlərindən biri kimi qəbul etməlidir: «Bu sahədə görülən işlərin miqyası genişlənir. Ermənilər son zamanlar özlərini müdafiə etməkdə çətinlik çəkirlər. Çünki qarşılarına qoyduğumuz təkzibedilməz faktlar onları beynəlxalq qurumlarda tez-tez qızarmağa, əlacsız qalmağa məcbur edir. Hücum diplomatiyamız gözlənilən nəticəni verir».
Ə. Həsənov Elmin İnkişaf Fondunun bu kitabı qalib elan etdiyini, kitabın sonrakı hissələrinin nəşri üçün vəsait ayrılacağını da açıqlayıb: «İş adamları da bu kitabın nəşrinə, xarici dillərə tərcüməsinə yardımçı olmalıdırlar».
 





18.11.2013    çap et  çap et