Doğurdanmı, hər il qazın səbəb olduğu bu qədər insan tələfatının qarşısını almaq mümkün deyil? Günah ancaq borulardadırmı? Qaz qırğınına görə kim məsuliyyət daşıyır? Virtualaz.org bu suallara aydılıq gətirmək üçün araşdırma aparıb.
Dəm qazı nədən yaranır?
Dəm qazından ölümlərin bu qədər kütləvi hal alması bir çox insanlar arasında qazın tərkibinə zəhərli maddələrin vurulması ilə bağlı şübhələr yaradır. Əslində, dəm qazı nədir və o necə yaranır?
Dəm qazı, əsasən, aşağı yanıcılıq qabiliyyətinə malik olan səmt qazı (neftlə birgə çıxan qaz) yanarkən alınır. Bütün dünyada belə qazların məişətdə emal edilmədən istifadəsi qadağan edilib. Onlar yalnız tərkibi 60-70 faizə qədər propan qazı ilə zənginləşdirildikdən sonra məişət istifadəsinə verilir ki, həmin qaz yananda qaz oksidindən başqa aralıq maddələr alınmasın. Bəzi mütəxəssislər hesab edirlər ki, Azərbaycanda dəm qazından zəhərlənmə hadisələrinin səbəbi məhz həmin səmt qazının heç bir emal prosesinə uğradılmadan, zənginləşdirilmədən məişətdə istifadəyə verilməsidir.
Lakin qazın tərkibinə zəhərli maddələrin vurulması ilə bağlı deyilənləri əksər ekspertlər inkar edirlər. Qaz təsərrüfatı üzrə ekspert Nüsrət Qasımov deyir ki, əgər qazın tərkibinə zəhərli maddələr qatılsaydı, onda kütləvi insan tələfatları olardı, yəni bir kənd, bir qəsəbə, bir şəhər məhv olardı. Əgər belə deyilsə, deməli, burada insan faktoru var.
Əslində, qazın yanması üçün yanma kamerasına təmiz hava - oksigen daxil olmalıdır. Oksigen olmayan mühitdə yanma baş vermir. Bir kub metr qazın təmiz yanması üçün 9,5 kub metr hava lazımdır. Hava çatışmayanda, yaxud həddən artıq çox olanda proses pozulur və karbon monooksid (CO) alınır. İyi və rəngi olmayan bu qazın qanda konsentrasiyası müəyyən həddə çatdıqda ölüm baş verir.
Qazdan zəhərlənmələr isə daha çox hamam və ya yataq otaqlarında baş verir. Əslində, hamamın qapısı bayıra açılmalı və qapının aşağısında diametri 2,5 sm deşiklər və ventilyasiya kanalı olmalıdır.
Kustar üsulla hazırlanan sobalar təhlükəlidir
Mütəxəssislər dəm qazından ölüm səbəbini həm də ticarət şəbəkəsində müxtəlif ölkələrdə istehsal olunan keyfiyyətsiz qızdırıcılarla əlaqələndirirlər. Məişətdə çox vaxt kustar üsulla hazılanan «İran sobaları» və «Ceyran peçləri»ndən istifadə olunur. Belə sobalarda lazımi texniki şərtlərə əməl olunmur, qaz boruları bacalara birləşdirilmir və nəticədə belə ucuz ölümləri artır.
«Azəriqaz» əhaliyə belə sobalardan istifadənin təhlükəli olması ilə bağlı xəbərdarlıq etsə də, belə sobalar, demək olar ki, bütün ticarət mərkəzlərində rahatlıqla satılır. Onların satışdan yığışdırılması ilə bağlı müvafiq orqanlar tədbir görmürlər.
Qaz təhlükəsizliyinə heç bir qurum nəzarət etmir - ekspert
Dəm qazı ölümlərinin bu qədər artmasının ən böyük səbəbi nəzarətin zəif olması ilə bağlıdır. Ekspert Nüsrət Qasımov deyir ki, hazırda qazın təhlükəsiz yanmasına heç bir qurum nəzarət etmir.
«Sovet dövründə hər mənzilin qaz təhlükəsizliyi ayda bir dəfə yoxlanırdı. Biz gündə 60 mənzilə baxış keçirirdik. İnsanları maarifləndirirdik və hər hansı qanunsuz əməl aşkar etdikdə, tənbeh edirdik. Hazırda bu funksiya «Azəriqaz»dan alınıb, FHN-ə verilib. Nəzarət zəifdir və insanlar da məsuliyyətsizlik edirlər», - deyə ekspert bildirir.
Ekspertlərin sözlərinə görə, əslində hər rübdə bir dəfə su qızdırıcıları, payızda isə digər qızdırıcı cihazların tüstü bacaları yoxlanmalıdır. Qızdırıcının baş hissəsi ilə birinci dirsəyə qədər 50 sm məsafə olmalıdır. «Azəriqaz» əməkdaşlarının xəbəri olmadan qaz cihazlarının yerini dəyişdirmək, qaz cihazı quraşdırmaq olmaz. Hər yoldan keçənə qaz ustası deyib sobaların quraşdırılmasını həvalə etmək düzgün deyil.
«20 manatlıq siqnalizasiyanı alsalar…»
Dəm qazı nəticəsində baş verən silsilə ölümlərdən qurtulmaq üçün qaz sayğaclarının quraşdırdığı mənzillərdə karbon-oksidin səviyyəsini göstərən xüsusi cihazların quraşdırılmasına ehtiyac var. Əslində çox vacib məqam olsa da, bir çox hallarda diqqətdən kənarda qalır və abonentlə «Azəriqaz» arasında müqavilə imzalanarkən belə maddə nəzərə alınmır.
İqtisadçı ekspert İlham Şaban hesab edir ki, «Azəriqaz»ı qazı kəsdikləri, xəbərdarlıq etmədikləri, təmir işləri apardıqları üçün günahlandırmaq olar. Çünki qurumun nümayəndələri mətbuata məlumat verməklə yanaşı, səs gücləndiriciləri ilə gəlib əhaliyə xəbərdarlıq edə bilərlər. Ekspertin Bakupost.az-a bildirdiyinə görə, əhali siqnalizasiya aparatından istifadə edərsə, belə halların qarşısı alınar:
«Əvvəllər də bu cür hadisələr olurdu, insanlar ölürdülər. Amma əvvəllər müəyyən vasitələrdən istifadə edirdilər. Məsələn, evlərin bacaları olurdu, ya da nəfəsliyi açırdılar. İndi isə hər yeri bağlayıb yatırlar. Əgər 20 manatlıq siqnalizasiyanı alsalar, belə olmaz. Zəhərlənmənin miqdarı artan kimi biləcəklər. 2007-ci ildən bunu deyirlər. Amma insanlar pullarına qıyıb canlarını xilas etmirlər», - deyə ekspert bildirir.
«Azəriqaz»: «Qazın tərkibi ilə bağlı məsələ SOCAR-ın səlahiyyətindir»
Dəm qazı zəhərlənmələri ilə bağlı məsuliyyəti «Azəriqaz» da öz üzərinə götürmür. İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev mətbuata açıqlamasında bildirib ki, qazın tərkibi ilə məsələ SOCAR-ın səlahiyyətindədir:
«Xırdalan şəhərində 5 qızın vəfat etdiyi hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın yekunlaşandan sonra tələbələrin ölüm səbəbi bilinəcək. Qazın tərkibi ilə bağlı məsələ SOCAR-ın səlahiyyətindədir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə aidiyyəti qurumlar zamanla mənzillərə baxış keçirirlər».
Ev sahibi istintaqa cəlb olunubmu?
Dəm qazı zəhərlənməsinə ev sahibinin də məsuliyyət daşıdığı şübhəsizdir. Evini kirayə verən şəxsin orada təhlükə yaradan qızdırıcını qoyması insanlara həyatları bahasına başa gəlib. Lakin prokurorluqdan ev sahibinin bu istintaqa cəlb olunub-olunmaması ilə bağlı məlumat əldə edə bilmədik. Ancaq o məlumdur ki, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirib. Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin «314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə» cinayət işi açılıb.