Virtualaz.org əməkdaşları bayramqabağı sərnişin sıxlığı yaşanan Bakı Beynəlxalq Avtovazalına baş çəkərək, vəziyyətlə tanış olublar. Məlum olub ki, bu il də heç nə dəyişməyib. Yenə də bayram günlərinin «dadı-duzu» marşrutlara bilet tapmaqdır. Özünə əziyyət verib, bileti bir neçə gün öncədən alanlar elə bil lotereyada qazanmışdılar. Əlində bileti olmayanlar isə sözün həqiqi mənasında zamanın ümidinə qalmışdı.
«Ölənimiz var, iki saatdır avtobus gözləyirik…»
Avtovağzalın narazı sərnişinlərinin çoxu biletini vaxtında almayanlar idi. İndi də bilet tapa bilmədiklərindən, əl yükünü ora-bura dartaraq boş marşrut tapacaqlarına ümid edirdilər. Onların arasında əsgər yola salan valideynlərdən tutmuş, körpə uşaqlı analara qədər hər yaşda sərnişin var idi. Bayramı doğmaları ilə keçirmək istəyənlər bu əziyyətlə yanaşı, bir xeyli əlavə xərcə də düşdüklərini də deyirlər.
Sərnişinlərin sözlərinə görə, gələn avtobuslar dolu, bilet isə tapılmır. Bakıdan Tərtərə gedən Sevil müəllimə deyir ki, burada saatlarla gözlədiyindən bayram da gözündən düşüb:
«Tərtərə gedirəm, 2 saatdır burada avtobus gözləyirəm. Bizə deyiblər gözləyin, avtobus olacaq. Amma bizi aparacaq avtobus indi Tərtərdən gəlir. O nə vaxt çatacaq, adamları boşaldacaq, içərisi təmizlənəcək, biz nə vaxt gedəcəyik… Bu da Allah bilir nə qədər çəkəcək», - deyə şikayətçi bildirir.
Digər bir sərnişin - Səkinə xanım isə ayaq üstə güclə dayanmışdı. Dediyinə görə, onkoloji xəstəliyi olduğundan, kimya terapiyası alıb və bilet tapmaq üçün gedən uşaqlarını gözləyir.
«Bərdəyə getmək üçün saat 11-dən evdən çıxmışıq ki, tez gedək. Hələ də gedə bilməmişik. Oğlanlarım gediblər ki, əldə bilet satan olsa, alsınlar. Deyir bilet yoxdur, qurtarıb. Mən də ayaq üstə dayana bilmirəm», - deyə Səkinə Fətəliyeva bildirir.
Ən çox narazılıq edənlər bir də cənub bölgəsinə səfər edənlər idi. Bu istiqamətdə sərnişin sayı çox, avtobuslar yetərincə deyil. Aida Məmmədova deyir ki, Lənkərana qohumunun dəfninə gedir. Qəfil hadisə olduğundan, əvvəlcədən bilet ala bilməyib. İndi də rayonda mərhumu basdırmayib onun gəlişini gözləyirlər:
«2 saatdır burdayam, hələ bir dənə avtobus gəlməyib. Burada çoxu bayrama gedir, hamısının da yanında balaca uşaq var. Mən özüm yaxınımın dəfninə gedirəm.Ölünü basdırmayıb məni gözləyirlər, mən hələ avtovağzaldan çıxa bilməmişəm. Beləolmaz axı!», - deyə narazı sərnişin bildirir.
Qiyməti süni şəkildə qaldırırlar
Sərnişinlər həm də qiymətlərin bayram günlərində süni şəkildə qaldırılmasına etiraz edirlər. A.Əliyeva deyir ki, biletin tapılmamasından istifadə edərək bütün istiqamətlərdə bir neçə manat qiymət artımı var. Sərnişinlər nəyin bahasına olursa olsun, mənzil başına çatmağa qərarlı olduğundan, çoxu bu artıma göz yumur:
«Çox xahiş edirəm, bu məsələni işıqlandırın, bir tədbir görülsün. Avtovağzalda bilet yoxdur, hamı pul verib gedir. Əvvəl Lənkərana bilet 6 manat idi, indi fürsətdən istifadə edib 10 manata qaldırıblar. Əgər bir tədbir görülməsə, 102-yə zəng edəcəyəm», - deyə şikayətçi bildirir.
Digər bir sərnişin - Qafar Rəhmanov da avtobusların sayının azlığından narazılıq edir: «Avtobus versinlər, camaat evinə-eşiyinə getsin də.Bayramdır, hamımız rayona getmək istəyirik. Səhərdən burdayam, Lənkərana getmək istəyirəm. Deyirlər gözləyin, gözləyirik. Amma nə qədər?», - deyə şikayətçi dillənir.
Sərnişinlərin sözlərinə görə, Gəncəyə həmişə 6 manata aldıqları bileti 8-10 manata, Qubaya həmişə 4 manata aldıqları bileti indi 6-7 manata da tapa bilmirlər. Cəlilabada 3,5 manatlıq biletin 5-6 manata, Şəkiyə 5.30 manatlıq biletin 7 manata, Tovuza, Gədəbəyə 7 manatlıq biletin 12 manata qədər qaldırıldığını deyirlər.
Bəzi sərnişinlər getməklə bağlı qəfil qərar verdiklərini desələr də, online bilet satışından xəbərsiz olanlara da rast gəldik. Hətta biletin olub-olmaması ilə maraqlanmaq üçün kassaya yaxınlaşmağı artıq hesab edənlər də tapılırdı:
«Oğlum əsgərdir, Tərtərə yola salırıq.Düzü, kassaya yaxınlaşmamışıq. Əvvəldən bilet də almamışıq, heç bilmədik belə basabas olar. Baxın, lövhələrin heç birində avtobuslarla bağlı məlumat yazılmır. Camaat əziyyət çəkir, ora-bura qaçır. Kassaya da yaxınlaşmağı lüzumsuz görürəm, çünki oradan alacağım cavabı bilirəm. Hələ avtobus gəlməyib ki, dolu olub-olmadığını müəyyən edək. Gözləyirik də, neçəyə olsa, gedəcəyik», - bunu əsgər atası Sübhan Əhmədov deyir.
Avtovağzalda şəkil çəkmək qadağandır!
Avtobusun qarşısında şikayət edən sərnişin sözlərini bitirməyə macal tapmamış mühafizə xidmətinin əməkdaşı yaxınlaşaraq çəkdiyimiz şəkilləri silməyimizi tələb etdi. Dediyinə görə, burada şəkil çəkməyə icazə verilmir. Məlum oldu ki, çəkiliş üçün xüsusi icazə almalıymışıq. Yalnız Avtovağzal rəhbərliyi ilə görüşdən sonra çəkilişə icazə verildi.
Bu gün 20 minədək sərnişin yola salınıb
Avtovağzal rəhbərliyi hər kəsin vaxtında mənzil başına çatması üçün əllərindən gələni etdiklərini və hər hansı qiymət artımı olmadığını dedilər. Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri Məhəmməd Abdullayevin sözlərinə görə, BBAK martın 14-dən gücləndirilmiş iş rejiminə keçib və bu martın 26-dək davam edəcək.
Martın 17-si günorta saatlarından sonra 18, 19 və 20-si günorta saatlarına qədər sərnişin sıxlığının müşahidə edildiyini deyən Avtovağzal rəsmisi bu ərəfədə reyslərə əlavə nəqliyyat vasitələri ayrıldığını dedi:
«200-ə qədər əlavə nəqliyyat vasitəsi kənardan dəvət olunub. Ötən gün ümumilikdə, müqavilə əsasında işləyən nəqliyyat vasitələri ilə birlikdə 600-dək nəqliyyat vasitəsi 16 minədək sərnişini yol salıb. Bu gün bu rəqəmin bir az da çox olacağı gözlənir. Axşama qədər 700-dən çox avtobusla təxminən 18-20min sərnişin daşınacaq».
M.Abdullayev həmçinin qeyd etdi ki, 18-20 martda günorta saatlarına qədər bütün biletlər satılıb. Amma buna baxmayaraq, həmin marşrutlar əlavə nəqlyyat vasitələri ilə təmin olunub və sərnişinlər yola salınır.
Sərnişinlərin saatlarla gözləməsini isə Avtovağzal rəsmisi bilet almayan sərnişinlərin əlavə reyslərlə göndərilməsi ilə izah etdi:
«Bütün təyin olunmuş reyslər vaxtında yola salınır. Əlavə avtobuslar isə ara vaxtlarda yola salınır. Kimin bileti yoxdursa, əlavə nəqliyyat vasitəsini gözləməli olur ki, buna da bir qədər vaxt tələb olunur. Biz Bakı-Sumqayıt istiqamətində hərəkət edən 40-a qədər marşrut və müxtəlif şirkətlərin avtobusarından istifadə edirik. Hər kəs yola salınacaq», - deyə M.Abdullayev vəd etdi.
Ən çox sıxlığın hansı istiqamətdə gedən avtobuslarda yaşanmasına gəlincə isə, məlum oldu ki, bütün istiqamətlərdə sərnişin sıxlığı var. Amma Gəncə böyük şəhər olduğu üçün bu istiqamətdə daha çox sərnişin axını müşahidə olunur. Bundan başqa, Qarabağ bölgəsi istiqamətinə də ən çox axın müşahidə olunur.
Onu da qeyd edək ki, təkcə rayonlara işləyən avtobusların bilet qiymətləri qalxmayıb. Həmçinin rayonlara adambaşına müştəri daşıyan taksilər də əhalinin çoxluğundan istifadə edərək qiyməti qaldırıblar. Məsələn, Mingəçevirə əvvəl 20 manata aparan taksilər indi 25 manata aparırdılar. Göyçaya gediş haqqı 15 manata, Ağdama 20 manata, Tovuzun rayon mərkəzinə 12 manata, Qubaya 15, Şabrana, Şamaxıya 10 manata qalxıb.