Neçə gündür hamımız Mövlud deyib ağlayırıq. Amma bəzi adamlar Sevinci ittiham edirlər biabırcasına.
Mövludu nə vaxtdır tanıyıram, heç bilmirəm, amma tanıdığım ilk gündən Mövlud çox həssas, istedadlı olmağıyla yanaşı o qrupun ən problemli uşağıydı. İdarə edə bilməyəcəyi qədər içməyi və bilmirsən nəyə görə adamlara qəzəb saçmağı vardı. Sazdan danışanda ağlayan adam səni birdən söyə bilərdi. Cildlərlə kitab oxuyurdu, amma öz hisslərini nə ifadə eləyə bilirdi, nə yaza. Bir neçə əla yazısı olub bu on ildə bəlkə. Hamını incidib, amma hamı yenə Mobuş deyib, çox istəyib onu. Nə qədər adam onu uzaq saxlamağa çalışırdı, bilirdi, gəlib içəcək, yaxşı olmayacaq. Mənim diaqnoz qoymağa ixtiyarım yoxdur, amma yalın gözlə də görürsünüz ki, söhbət hansısa xroniki problemdən gedir.
İndi keçirəm Sevincə. Son illər Mobuşla çox ünsiyyətim olmazdı. Bir gün «Facebook»da Sevinclə şəkillərini gördüm, çox təəccübləndim. Ürəyimdə fikirləşdim, bu qız özünü niyə bədbəxt elədi? Nə yalan deyim, məhz belə düşündüm. Mobuş heç Mövlud olmamışdı, elə həmən balaca uşaq idi. O cür adam nə kimisə xoşbəxt edə bilər, nə hansısa uşağın məsuliyyətini çəkə bilər. Amma olmuşdu sanki. Yanında qadın vardı, oğlu olmuşdu. Təəssüf ki, sonra bildik, o elə gözlədiyim kimi qızı bədbəxt elədi. Çünki elə kişilər evin kişisi ola bilmirlər, onlar yanlarındakı qadının oğluna çevrilirlər, ondan asılı olurlar, qadın bədbəxt də kişi görmür yanında, yük görür daim və buna sonsuzadək dözmək mümkün deyil. Heç lazım da deyil. Sevinc düz edib gedib. Getməsəydi Mövlud doğrudan 3-5 il yaşayacaqdı, amma Sevinc daha mövcud olmayacaqdı, olacaqdı iki oğlu olan bədbəxt, tənha qadın. Zatən xoş gün gördüyünü fikirləşmək olmur. Sonra da kim bilir kim-kimin qatili olacaqdı. Çünki belə həyat olmur. Mənim Sevinclə indi də bir əlaqəm yoxdur, dostlarına səslənirəm, tək qoymayın onu, onu günahkarlıq hissindən qurtarmağa çalışın. O, günahkar deyil, o sadəcə qadın olmaq istəyən qadındır. Mövludsa ölümdən çoxdan danışırdı, lap çoxdan. Özünü 17 mindən atması bu mövzunun nöqtəsiydi sadəcə. Toparlanıb yaşasın ki, Ucal da sonra ömürlük balaca qalmasın.