Vaxt.Az

Müəllim arvadını günlərlə it damında saxlayıb


 

Həmin ailədəki qaydalara görə, gəlin qayınatanı, qayınları çimizdirməlidir

Müəllim arvadını günlərlə it damında saxlayıb Kürdəmirdə şok hadisə yaşanıb. Rayon mərkəzində yaşayan bir kişi öz həyat yoldaşını cəzalandırmaq üçün onu günlərlə it damına qapayaraq orada yaşamağa məcbur edib. Bu məlumatı virtualaz.org saytına «Təmas» Regional İctimai Birliyinin sədri Südabə Məmmədova verib.
Hüquq müdafiəçisi deyib ki, cəzalandırılan qadın tərəfindən rəhbərlik etdiyi quruma şikayət daxil olub: «Qadını sığınacaq evinə yerləşdirmişik. Zərərçəkmişin sözlərinə görə, qapılarındakı itə vaxtında yemək verə bilməyib. Bundan qəzəblənən həyat yoldaşı isə onu döyərək itlə birgə it damında yatmağa məcbur edib».
S.Məmmədova deyib ki, qadın müxtəlif təzyiqlərlə üzləşdiyindən psixoloji sarsıntı və qorxu keçirib: «Qadının sözlərinə görə, qaynının ailəsi ilə eyni evdə yaşayırlar. Qaynı da ona və öz həyat yoldaşına təzyiqlər edib. Ailədə müəyyən qaydalar qoyulub. Gəlin qayınatanı, qayınları çimizdirməlidir. Həyat yoldaşlarının qoyduğu qaydaları pozan gəlinlərə sözün həqiqi mənasında zülm veriblər. Buna görə də qadının durumu hələ də yaxşı deyil. Hazırda o, sığınacaqda yaşayır. Ona yardım etməyin yollarını arayırıq».
Təşkilat rəhbəri qeyd edib ki, qadının həyat yoldaşı Kürdəmirdəki orta məktəblərin birində müəllim işləyir: «Qadın psixoloji və fiziki təzyiqlərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmək istəmir. Hətta bizdən də hadisəni gizlətməyi xahiş edir. Getməyə yeri olmadığından ailəsinə geri dönməyə, yenə də bu şəraitdə yaşamağa razıdır. Çünki sığınacaq evindən çıxandan sonra iki azyaşlı övladı ilə küçədə qalmaq məcburiyyətindədir. Qadın evdən qovularkən azyaşlı uşaqlarını ona verməyiblər. Lakin sonradan həyat yoldaşı və qaynı evdə olmayanda uşaqlarını götürə bilib. Amma ata uşaqların sənədlərini vermir. Buna görə də rayon hüquq-mühafizə orqanlarından kömək istəyəcəyik».
S.Məmmədova qadınların məlumatsızlığından da şikayətləndi: «Dəfələrlə belə hadisələrlə rastlaşırıq. Qadın söyülür, döyülür, əlil olur, amma şikayət etməkdən çəkinir. Hətta həyat yoldaşı ilə barışıb yenidən eyni həyatı yaşayır. Çünki bölgələrdə qadınların işlə təminatında ciddi problemlər var. Üstəlik həyat yoldaşından ayrılan qadınlara qarşı münasibət birmənalı deyil».
Qeyd edək ki, «ali savadlı» əri tərəfindən amansız işgəncə və təhqirə məruz qalan qadının adı virtualaz.org redaksiyasına məlumdur. Onun adını mənəvi-psixoloji terrora məruz qalmasın deyə çəkmirik...
Olayla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin mövqeyini öyrənməyə ehtiyac duymadıq. Çünki qadın polisə şikayət etməyib. Mövzunu diqqətdə saxlayacağıq.
 





18.11.2013    çap et  çap et