Vaxt.Az

Moldovanın «Axilles dabanı» - Dodon


 

Kremlin adamı ölkəni sürətlə «Putin ittifaqı»ına qoşur

Moldovanın «Axilles dabanı» - Dodon Moldovanın ötən ilin sonlarında seçilmiş prezidenti, «Kremlin adamı» hesab olunan İqor Dodon hakimiyyət başına gələn kimi ölkənin üzünü şimala tərəf çevirib. Virtualaz.org xəbər verir ki, son iki ayda ikinci dəfə Rusiyaya səfər edən və prezident Vladimir Putinlə görüşən Dodon Moldovanın Avrasiya İttifaqına qoşulacağını açıqlayıb. Özü də sürətlə.

Xəbərlərə görə Dodon ötən həftənin cümə günü Moskvada keçirilən «Rusiya-Moldova: yeni artım nöqtəsi» işgüzar forumunda iştirak edib. Bundan sonra Kremldə Putinlə görüşüb. Putin Dodonu düz dörd saat gözlədib və yerli vaxtla saat 13.00-ə təyin edilmiş görüş saat 17.00-da baş tutub. Buna baxmayaraq Putinin qapısının ağzında dörd saat gözləyən Dodonun kefi pozulmayıb, o, Rusiya prezidentinə bir neçə yeşik çoxillik Moldova şərabı hədiyyə edib. Deyib ki, bu şərab məşhur Krikovsk zirzəmisində saxlanılan şərablardandır, özü də Rusiya prezidentinin şəxsi kolleksiyasından. Həmin zirzəmidə Putinlə yanaşı bir çox ölkələrin xadimləri öz şərab kolleksiyalarını saxlayırlar. «Deməli mənim öz malımı mənə hədiyyə gətirmisiz?» - Putin ona sataşıb. Ancaq hədiyyədən imtina etməyib.

Dodonun Moskvaya səfər zamanı verdiyi bəyanatlar onun Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlişindən sonra verilən proqnozları doğruldub: Dodon bəyan edib ki, o, Moldovanı Avrasiya İttifaqının gələcək üzvü kimi görür. Özü də Dodon bu üzvlüyü sürətləndirilmiş templə «rəsmiləşdirməyə» hazırlaşır. O, ittifaqa üzvlük üçün Moldovaya cəmi iki-üç ay lazım olacağını, aprel-may aylarında prosesin yekunlaşacağını deyib.

«Aprelin 3-də Kişinyovda biz Avrasiya İttifaqı ilə əməkdaşlığa dair çərçivə razılaşması imzalayacağıq...bu, bizim malların Rusiya, eləcə də ittifaqa daxil olan digər ölkələrin bazarlarına qayıtmasına imkan verəcək»-Dodon Moskvada deyib.

Dodon onu da bildirib ki, Kremldə Putinə Moldovanın bir neçə məhsulunun Rusiyaya gömrük rüsumu alınmadan daxil olmasına imkan verən razılaşma təklifini təqdim edib. Hansı ki, göömrük rüsumlarından azad edilmə ancaq «Putin ittifaqı»na daxil olan ölkjələrin malları üçün nəzərdə tutulur. Habelə Dodon Putindən xahiş edib ki, miqrasiya qanunlarının pozulmasına görə Rusiyadan deportasiya edilən moldovalıların geri qayıtmasına icazə versin, onları bağışlasın. Putin bu xahişə müsbət cavab verib, moldovalı miqrantlarla bağlı məsələni «tam bağlamağa» vəd verib. Hazırda Moldovanın 700 min-1 milyon vətəndaşı Rusiyada əmək miqrantıdır. Bu, ölkə əhalisinin az qala dörddə biridir.

Dodon Rusiyaya minnətdarlıq etmək üçün rusiyalı investorları Moldovaya dəvət edib, onlara 100-150 min dollarlıq investisiyanın əvəzində Moldova vətəndaşlığı vəd edib. «Bu, cəlbedici olmalıdır. Çünki Moldova pasportu ilə Avropa İttifaqı ölkələrinə vizasız getmək olar», - Dodon deyib.

Xatırladaq ki, 2013-cü ildə Aİ-nin «Şərq Tərəfdaşlığı» təşəbbüsünün Vilnüs sammitində Moldova Avropa İttifaqı ilə azad ticarət və Assosiasiya sazişini paraflayıb. 2014-cü ilin fevralında Avropa Parlamenti Moldova vətəndaşlarının Şengen zonasına vizasız daxil olmasına icazə verib. Lakin bundan sonra Moldova ilə Rusiya arasında münasibətlər pisləşib. Moskva Moldova mallarının Rusiya bazarlarına daxil olmasına qadağa qoyub.

Eyni zamanda, Moldovadan 1 milyard dolların oğurlanması qalmaqalı hakimiyyətdə olan qərbmeylli qüvvələri nüfuzdan salıb. Hansı ki, pulların Moldova banklarından oğurlanmasında Rusiyanın əlinin olduğu haqda danışılır.

Nəhayət, ötən ilin payızında keçirilən prezident seçkilərində sosialist İqor Dodon qərbmeylli qüvvələrin vahid namizədi Maya Sanduya ikinci turda qalib gəlib. Seçki kampaniyası zamanı Rusiya KİV-ləri Dodona güclü dəstək veriblər. O cümlədən separatçı Dnestryanı bölgədə yerli KQB Moldova vətəndaşlığına malik şəxslərin Dodona səs verməsini təşkil edib. Dodon hakimiyyətə gələn kimi prezident iqamətgahının üzərindən Avropa İttifaqının bayrağını endirib. Habelə ilk səfərini Moskvaya edib və səfər ərəfəsində bildirib ki, kabinetindən Putinin portertini asmağa hazırdır.

İndi Dodonun Moldovanı Avrasiya İttifaqına çəkməsinə Brüsselin reaksiyasının necə olacağı maraqlıdır. Eyni zamanda görünən odur ki, əgər Kreml hansısa keçmiş sovet respublikasını öznün «yeni SSRİ» ittifaqına çəkmək istəyirsə birinci növbədə orada hakimiyyətə öz adamını gətirir, sonra prosesə start verir. Təbii ki, hakimiyyət başında olanlar Avrasiya İttifaqına üzvlüyü könüllü qəbul etmək istəmirsə...

 





20.03.2017    çap et  çap et