Vaxt.Az

Fərhad Əliyevin aradan çıxmış müşaviri Avropada qoz əkir


 

Şahverdi Əhədov: «Ağaclar mənim İsveçrə torpağındakı döyməmdir»

Fərhad Əliyevin aradan çıxmış müşaviri Avropada qoz əkir Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin keçmiş müşaviri Şahverdi Əhədov Azərbaycandan qaçaraq İsveçrədə yaşayır və... şitil alverinə girişməyə qərar verib. Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, Əhədov əsasən qoz üzrə ixtisaslaşıb. Misal üçün, bir dəfəyə İsveçrə təsərrüfatçılarına 1000-dən çox qoz ağacı satmağa müvəffəq olub.

Lakin guya ki, vətənində izlənməyə məruz qalmış azərbaycanlı qaçqın öz məşğuliyyəti hesabına İsveçrədə nəinki pul, həm də yaxşı imic qazanmaq fikrindədir. 2007-ci ildə Bakıdan aradan çıxan Əhədov, görünür, rəhbər vəzifə üçün darıxıb. Elə bu vaxt onun ağlına onsuz da yaşıl və gözəl olan İsveçrənin abadlaşdırılması və yaşıllaşdırılması düşüb.

Əhədov qərara gəlib ki, park salsın və orada Federal Şuranın hər keçmiş üzvünün adına bir qoz ağacı əksin. Belə şəxslərin sayı isə vur-tut 120 nəfərdir. Azərbaycandan gəlmiş qonağın ideyası belə olub ki, hər bir ağacın üzərində həmin şəxs barədə məlumat yerləşdirilmiş lövhə olsun. Beləliklə, parkda nəinki gəzişmək, hətta İsveçrənin tarixində vacib rol oynamış insanlar barədə bilikləri zənginləşdirmək də mümkün olsun.

Bu ideya 2009-cu ildə Bil şəhərinin o vaxtkı meri Hansu Ştokliyə təklif edilibmiş. O isə öz növbəsində etiraz etmədiyini bildirib, lakin tezliklə vəzifədən gedib. Bundan sonra Əhədov yeni mer və Tikinti və planlaşdırma üzrə təşkilatın yeni rəhbəri ilə iş görməli olub. Onlar layihəni get-gələ salaraq, bunun üçün nə boş sahənin, nə də maliyyə vəsaitinin olmadığını deyiblər.

Lakin «Şərqdən pənah gətirmiş inadkar təbiət aşiqi» (Şahverdi Əhədovu İsveçrədə belə adlandırırlar) təslim olmur. Və budur, ötən həftənin bazar ertəsi günü Bil şəhərinin Tikinti və planlaşdırma üzrə təşkilatının başçısı Barbara Şvikkertin iştirakı ilə yeni ərazidə qoz ağacları əkilir. Amma 120 deyil, cəmi... 7 ədəd. Fəqət Əhədov ideyasına inanmaqda davam edir.

«Mən səbrli olmalıyam. Ağaclar mənim İsveçrə torpağındakı döyməmdir», - 55 yaşlı keçmiş nazir müşaviri belə düşünür. Nə az – nə çox.

Şahverdi Əhədov «Rado» saat firmasında ofis işçisidir, lakin əsas işi ona İşveçrə xalqı və əlavə qazanc barədə düşünməyə mane olmur. «Azərtaxıl» şirkətinin keçmiş şöbə müdiri inad edir ki, İsveçrə kənd təsərrüfatı məhsullarının idxalından daha az asılı vəziyyətdə olmalıdır. Bu məqsədlə o, meyvə ağacları və hətta zəfəran əkməyə hazırdır. Onun fikrincə, bar gətirən ağacların ictimai ərazilərdə əkilməsi sosial cəhətdən az müdafiə olunmuş əhali təbəqəsinə də fayda verə bilər.

Gündəlik olaraq əkdiyi ağacların böyüməsinə nəzarət edə bilmək üçün Əhədov Berndən Bilə köçməyə hazırdır. O həm də qeyd edir ki, daim İsveçrə üçün faydalı nəsə etmək istəyir və bu ölkədə izinin qalmasını arzulayır.

Qəribə olsa da, «təbiət aşiqi» Azərbaycana qayıtmağı arzulayır. O ölkəyə ki, qoyduğu izləri itirməyə çalışıb...

 





22.03.2017    çap et  çap et