Vaxt.Az

Ermənistandakı seçkinin həlledici faktoru - Qarabağ


 

Rəqiblər İrəvanda «Qarabağ savaşı» aparır; Serj Sərkisyan hakimiyyətinin baş naziri də müxalifətlə eyni sözü deməyə başlayıb

Ermənistandakı seçkinin həlledici faktoru - Qarabağ Ermənistanda keçiriləcək parlament seçkilərinə sayılı günlər qalıb. Bu ərəfədə işğalçı ölkədəki siyasi qüvvələrin seçki yarışında ənənəvi olaraq «Qarabağ kartı»ndan istifadə etməsi diqqət çəkir.

Ötən ilin aprelində çoxsaylı itkilərdən sarsılan erməni cəmiyyətinin elə «aprel müharibəsi»nin birinci ildönümündə, 2 apreldə keçiriləcək seçkilərdə səsini qazanmaq üçün opponentlər «sülh» mesajlarına üstünlük verirlər. Hətta iş o yerə çatıb ki, baş nazir Karen Karapetyan da eks-prezident Levon Ter-Petrosyan və Qarabağ cəlladı «Topal Seyran» kimi tanınan Seyran Ohanyanın kompromisslərə və sülhə çağırış bəyanatlarının cəmiyyət tərəfindən məmnunluqla qəbul olunduğunu görəndə özü də Türkiyə və Azərbaycanla masa arxasında oturub danışmağa hazır olduğunu iddia edib.

Ermənistanın keçmiş müdafiə naziri, «Ohanyan-Raffi-Oskanyan» seçki blokunun rəhbəri Seyran Ohanyanın «bu münaqişədə qaliblər və məğlublar olmamalıdır, çünki iki qonşu xalq arasında uzunmüddətli sülh üçün kompromislər əsasında elə həll tapılmalıdır ki, heç kim özünü qalib və ya məğlub hesab etməsin» fikirləri də xeyli marağa səbəb olub. Xocalı soyqırımının iştirakçısı hiyləgər tülkü roluna girib indi də özünü «sülh qaranquşu» kimi təqdim edir. Eks-prezident Levon Ter-Petrosyan isə sensasiya sayılacaq fikirlər səsləndirib. Serj Sərksiyanın ən qorxulu rəqibi iddia edib ki, Qarabağ danışıqlarında gizli razılaşma var. «Kim deyir ki, Qarabağ məsələsi həll olunmur? Birbaşa danışıqlar elə onun üçündür ki, tərəflər onları özləri üçün daha sərfəli etməyə çalışırlar – Ermənistan bunun üçün mübarizə aparır, Azərbaycan da, təbii ki, mübarizə aparır. Lakin əvvəlcə fikir ayrılıqları xeyli çox idi, indi isə onların sayı bir-iki məsələ ilə məhdudlaşır», - deyə, eks-prezident bildirib. Levon Ter-Petrosyan iddia edib ki, əgər Azərbaycan güzəştlərə hazır olmasaydı, ümumiyyətlə, Minsk qrupunun işində iştirak etməzdi. «Hər iki tərəf güzəştlərə razıdır, lakin hər iki tərəf özü üçün maksimal dərəcədə sərfəli şərtlər əldə etməyə çalışır. Bu təbii prosesdir. Son nəhayətdə, elə bir an çatır ki, tərəflər ya hə deyir, ya yox», - o bildirib.

Politoloq Arzu Nağıyev bu açıqlamaları seçkilərlə əlaqələndirdi: «Məlum məsələdir ki, belə bəyanatlar seçki ərəfəsində mütəmadi olaraq səsləndiriləcək. Maraqlısı da odur ki, bir-biri ilə rəqabətdə olan siyasi qüvvələr eyni mövqe sərgiləyirlər. Bunun səbəbi odur ki, ilk növbədə seçiciləri sakitləşdirmək istəyirlər. Yəni sülh çağırışları ilə bü gün vətəndaşların ən qorxduğu məsələ olan Dağlıq Qarabağda müharibə təhlükəsini önə çəkirlər. Rəqiblər sülhə nail olmaq vədi ilə əsgər və hərbi çağırışçı analarını sakitləşdirmək, bununla da əlavə divident qazanmaq niyyətindədirlər». Ekspertə görə, bununla həm də dünya ictimaiyyətini, Qərbi Ermənistanın «demokratik və sülhsevər» bir dövlət olduğuna inandırmağa çalışırlar: «EMK-nin lideri Levon Ter-Petrosyanın buna müəyyən qədər haqqı olsa da, səhra komandiri olmuş, Serj Sərkisyan rejiminin ən qəddar nümayəndələrindən olan Seyran Ohanyanın ümumiyyətlə, bu kimi açıqlamalarla çıxış etmək haqqı yoxdur. O, siyasi gedişlər edir». Azərbaycanın güzəştlərə getməsi barədə iddialara gəldikdə isə, A.Nağıyev bunu da cəfəng sayır: «Biz öz mövqeyimiz bütün beynəlxalq normalara uyğun olaraq, Madrid və digər prinsipləri əsas götürərərək demişik və ən yüksək səviyyədə bəyanat da verilib. Lakin bu günlərdə təbii ki, Sərkisyan və onun komandasının razılığı ilə Dağlıq Qarabağa Azərbaycandan icazəsiz səfər edən «bloqqer»lərin səfəri sülh danışıqlarına tam zidd olan addımlardır. Deməli, seçkiqabağı siyasi oyunların şahidi oluruq. Bir sözlə, bütün bu siyasi oyunlar seçicilərin səsinin alınmasına hesablanmış addımlardır».

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da səslənən bəyanatların arxasında siyasi niyyətlərin olduğuna şübhə etmir: «Ermənistanda parlament seçkisi yaxınlaşdıqca partiya liderləri arasında mübarizə gərginləşir və həmin lider seçicilərin səslərini qazanmaq üçün erməni xalqını narahat edən əsas mövzulara toxunurlar. Ermənistan xalqını əsas iki mövzu maraqlandırır: iqtisadiyyat və Dağlıq Qarabağ münaqişəsinin həlli. Məsələ burasındadır ki, iqtisadi tənəzzüldən qurtuluş Dağlıq Qarabağ münaqişəsinin həllindən birbaşa asılıdır. Bunu Ermənistan siyasətçiləri də anlayır». Ekspertin fikrincə, bu mənada mübarizədə önə çıxan 3 liderin açıqlamasını misal çəkmək olar: ««Ohanyan-Raffi-Oskanyan» blokunun liderlərindən biri Seyran Ohanyanın «Qarabağ məsələsində qalib və məğlub tərəf ola bilməz, kompromislər olmalıdır...» açıqlaması siyasi çəkiyə malikdir. Çünki, «iki qonşu xalq arasında uzunmüddətli sülh kompromislər əsasında həllini tapılmalıdır» deyən şəxs sıradan birisi deyil, Qarabağda separatizmin əsasını qoyanlardan biridir, uzun illər Ermənistanın müdafiə naziri olub, yəni təxribatlara birbaşa rəhbərlik edib. Yəni bu cinayətlərdə birbaşa əli olan şəxs də anlayır ki, Azərbaycanla sülh yaratmadan Ermənistanın gələcəyi yoxdur». E.Şahinoğlunun sözlərinə görə, Ohanyanın bir başqa fikri də maraqlıdır: «O, iki tərəf arasında istensiv dialoq üçün Rusiyanın daha böyük imkanlara malik olduğunu söyləsə də, münaqişənin nizamlanması üçün ATƏT meydançasını ən optimal və real variant adlandırır. Belə olan halda yenə də bu sözlərin müəllifinin kimliyinə müraciət etmək lazımdır. Seyran Ohanyan o şəxsdir ki, Rusiya ilə daima təmasda olub, bu ölkədən silah və sursat alıb. Ancaq o da anlayır ki, Rusiyaya arxayın olmaq mümkün deyil və Moskvaya Ermənistanın timsalında bərabər hüquqlu tərəfdaş deyil, vassal lazımdır. Ona görə də Seyran Ohanyan kimi təcavüzkar və aprel savaşında Ermənistanın müdafiə sisteminə rəhbərlik edən şəxs belə Rusiyaya ümid etməyin yanlış olacağına işarə edir». Politoloq qeyd etdi ki, seçki kampaniyasına aktiv qoşulan və Dağlıq Qarabağ mövzusunda ən çox danışan keçmiş prezident Levon Ter-Petrosyanın «Azərbaycan və Ermənistan, demək olar ki, razılığa gəliblər» açıqlaması da daha çox seçici səsi qazanmağa hesablanıb: «Ermənistan siyasətçiləri arasında Levon Ter-Petrosyan tək siyasətçidir ki, rəsmi Bakı kimi o da münaqişənin «mərhələli həll» planını dəstəkləyir. O, Seyran Ohanyandan çox əvvəl anlayıb ki, Azərbaycan və Türkiyə ilə münasibətləri nizamlamadan Ermənistanın heç bir gələcəyi yoxdur. Levon Ter-Petrosyanın və Seyran Ohanyanın Qarabağ açıqlamalarını əslində hakim partiya mənsubları da şərikdirlər, sadəcə müxalifət və Azərbaycan qarşısında zəif görünməmək bunu açıq deməkdən yayınırlar. Buna baxmayaraq, baş nazir və hakim Respublika Partiyasının aparıcı simalarından biri Karen Karapetyan da son açıqlamalarının birində Azərbaycana mesaj yollayıb. Onun fikrincə, Ermənistan gələcəkdə Azərbaycanla dostlaşa bilməsə də, normal qonşuluq əlaqələrinə malik olmaq məcburiyyətindədir. Onun bu açıqlaması vaxtilə Serj Sərkisyanın prezidentliyə yolunu açan eks-prezident Robert Köçəryanın «azərbaycanlılarla ermənilərin birgə yaşayışı mümkün deyil» açıqlamasına ziddir. Bu, o deməkdir ki, baş nazir Karen Karapetyan da müxalifət liderləri kimi anlayır ki, Azərbaycanla düşmənçiliyin davamı Ermənistanı uçuruma aparır. Baş nazir əsasən rəqəmlərlə işləyir və bu rəqəmlər göstərir ki, Ermənistanın Azərbaycan tərəfindən bütün regional layihələrdən təcridi Ermənistan üçün milyardlarla dollar itki deməkdir».

E.Şahinoğlu digər bir məqama da diqqət çəkdi: «Ermənistanda parlament seçkisi mübarizəsi zamanı hakim partiya mənsubları hətta ona qədər açıqlama veriblər ki, azərbaycanlılar Dağlıq Qarabağa qayıda da bilərlər. Əlbəttə, indiki şərtlər altında bu mümkün deyil, mifdir, çünki heç bir azərbaycanlı münaqişə həll olunmadan separatçıların rəhbərliyi altında yaşamaz, münaqişə həll olunmalıdır ki, məcburi köçkünlər öz ərazilərinə qayıtsınlar. Hətta erməni jurnalistlər sual veriblər ki, İrəvanın bu çağırışı hansı məntiqə dayanır, axı yüzminlərlə azərbaycanlının Dağlıq Qarabağdakı evi viran qoyulub, onlar bu «çağırışa» müsbət cavab verib gəlsələr harda və necə yaşayacaqlar? Aydındır ki, «qayıda bilərlər» çağışırının heç bir məntiqi əsası yoxdur. Ancaq bu «çağırışın» səsləndirilməsi belə ondan xəbər verir ki, erməni separatçıları məcburi köçkünlərin geri qayıtması zərurətini anlayırlar. Bugünə qədər erməni separatçıları ümumiyyətlə Dağlıq Qarabağda yaşayan azərbaycanlılar mövzusuna toxunmazdılar, bu barədə bir kəlmə belə işlətməzdilər. Ermənistanda parlament seçkisində «Azərbaycanla və azərbaycanlılarla barışıq» mövzusu yalnız seçki təbliğatıyla bağlı deyil. Ermənilər onlar üçün hədəfi bəlli olmayan müharibədə ölmək istəmirlər. Ermənilər getdikcə anlayırlar ki, müharibə onların gələcəyini əllərindən alır, inkişaf üçün heç bir perspektiv yeri qoymur. Əgər əvvəllər bunu ancaq xaricdə sığınacaq tapan bir-iki erməni fəal dilə gətirirdisə, indi bu haqda Ermənistandakı siyasətçilər açıq danışmağa başlayıblar. Keçən ilin aprel savaşı da onları silkələdi, məhrumiyyətlər onları qorxudur. Mənə elə gəlir ki, belə vəziyyətdə seçki öncəsi Azərbaycandan da Ermənistana mesajlar ötürülməlidir. Məsələn, rəsmilərimiz müxtəlif açıqlamalarında erməni siyasətçilərinə və cəmiyyətinə konkret mesajlar göndərməlidirlər ki, müharibə kimsənin xeyrinə deyil, biz də Ermənistanla sülh arzulayırıq, birgə yaşayışdan onlar da qazanclı çıxacaqlar, Dağlıq Qarabağ yenidən qurulacaq, bölgənin iqtisadi inkişafı üçün layihələr işə düşəcək və s. Ancaq bunun başlıca şərtinin Dağlıq Qarabağ münaqişəsinin «mərhələli həll» planı əsasında çözümündən keçdiyi xatırlanmalıdır. Biz bu cür mesajlarla Ermənistanda sülh arzulayan siyatəçilərin və ayrı-ayrı fəalların arqumentlərini gücləndirə bilərik».

Yekunda ortaya çıxan ümumi qənaət budur: işğalçı ölkədəki seçkilərin taleyi Qarabağ məsələsindən bu qədər asılıdırsa, deməli, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, İrəvanın konstruktiv mövqedən çıxış edəcəyini gözləməyə dəyməz. Ekspertlərimizin dediyi kimi, unutmayaq ki, bu gün «sülhpərvər» görünməyə çalışan Ter-Petrosyan və S.Ohanyan da S.Sərksiyan kimi Qarabağın işğalına və törədilmiş dəhşətli cinayətlərə rəhbərlik ediblər. Olsa-olsa, opponentlərə hakimiyyət olimpinə yüksəlmək üçün sülh mesajları lazımdır...

 





22.03.2017    çap et  çap et