Vaxt.Az

Beş min eşşək hara getdi?


 

Söhbət dördayaqlılardan gedir, yoxsa ikiayaqlılardan...

Beş min eşşək hara getdi? «Qara xəbər tez duyulur» deyilir. Məmləkət eşşəklərinin yoxa çıxması xəbəri kor xəncər kimi ürəyimizə saplandı, bayramımızı qara gətirmiş kimi oldu, isti aşımızı soyuq etdi. Bu qədər problemin, dərdin-sərin içində eşşəklərin qeyb olması yaman pis təsir etdi. Necə yəni yoxa çıxıb? Bu eşşək bəyəm vəsaitidir ki, silinə? Yaxud rüşvətdir ki, verilə, alan boyun almaya? Ya da «kupça»sız evdirmi ki, sökələr, sonradan deyələr ki, dibindən olmayıb və ya dövlət xəstəxanasında həkimə verilən puldur ki, qəbz verilməyə və hesab-kitaba girməyə? Axı necə olur?

Yenə ötən əsrin sonları olsa idi, deyərdilər ki, gecəynən İrana keçirib satıblar. Axı indi elə şeylər olmur. Eşşəyin dördayaqlısı öləndə kolbasa sexinə verib halallıq alırlar. Dirisinin də dişisi kənd yerlərində ən müxtəlif təyinatlarla istifadə olunur, erkəyi də eşşək gəlib eşşək də gedir. Ancaq söhbət dördayaqlıdan getmir axı. Nainsaflar itənin hansı kateqoriyadan olan eşşəklərin itməsi barədə açıqlama vermirlər. Bilinmir ki, itən eşşəklər neçə ayaqlıdır. Adam bilmir ki, hansının dərdini çəksin? Yenə deyirəm, söhbət dördayaqlılardan getsə, adam yenə toxtayar ki, toylarda, stolu 30-40 manata sırınan 30 cür soyuq qəlyanaltıların arasında kolbasa, vetçina kimi qabağımıza qoyulacaq. Təki elə olsun. Yox, söhbət ikiayaqlılardan gedirsə, bu, tamam başqa söhbətdir. Ya ölkədə epidemiya var, ya da müharibə gedir, xəbərimiz yoxdur.

Allah sevərsiniz, doğru-düzgün məlumat verin! Bu eşşəklər hara yoxa çıxdı? Əslində mediamızı izləyəndə, cəmiyyətin eşşək azlığından əziyyət çəkdiyini də görmürsən. Maşallah-nəmxuda, nə qədər desək, uzunqulaq adını layiqincə daşıyan həmcinslərimiz var. Ona görə də bu xəbəri təəccüblə qarşıladım. Bu xəbərdə nəsə bir fırıldaq var.

 





23.03.2017    çap et  çap et