Hər iki aydan biri Banqladeş civarında bərə batır, 500 benqal bir dəfəyə ölür.
Aralıq dənizində, Yunanıstan, Türkiyə, İaliya sahillərində rezin qayıqlar suya gömülür, bir neçə yüz qaçqının bir yarısı xilas edilir, yarısı batıb gedir.
Təhlükəsiz yerə köçmək istərkən Suriyada, İraqda bombardmana məruz qalırlar.
Macarıstanda, Serbiyada, Xorvatiyada həşarat yerinə qoyulub qovulurlar.
Almaniyada müasir tipli gettolara doldurulurlar.
İsveçdə harda saxlanıldıqları bilinmir – yerli camaat bilməsin, üstlərinə hücum çəkməsin deyə.
İtaliyada liviyalı və tunisli qaçqınlar küçədə yatır, özlərinə bir yuva düzəldənə qədər məşəqqət çəkirlər.
Yunanıstan keçid məntəqəsidir, qaçqınları qəbul edir, yola salır, «öz dərdim özümə bəsdir, sizi necə saxlayım» davranışı sərgiləyir.
İngiltərə, İslandiya, İrlandiyada qapıları bağlayır, təkini belə içəri buraxmırlar, axtarıb tapdıqlarını belə gəmiyə, təyyarəyə oturdub geri qaytarırlar.
Ucsuz-bucaqsız əraziyə malik Rusiya isti iqlimə alışmış qaçqınlar üçün əlverişli deyil, anlayırlar ki, Moskva onları qəbul etsə də, onlar bu soyuq iqlimdə tablaşa bilməzlər.
Çin və Hindistan özü dünyaya əmək miqrantı ixrac edir, heç biri milyard yarımlıq əhalisinin üstünə bir də qaçqın qəbul edəsi deyil.
İran, Səudiyyə Ərəbistanı, Qatar, BƏƏ kimi dövlətlər öz binəsib müsəlman qardaşlarına yiyə durmurlar. Ortada məzhəb münaqişəsi var.
Heç müsəlman qaçqınlar da onları bəyənmir, bu ölkələri özləri üçün təhlükəsiz saymırlar. Onların kasıb ölkələrdə də işi yoxdur.
ABŞ, Kanada, Avstrliya və Yaponiya çox uzaqdadır, qaçqınların oralara gedib çıxması mümkün deyil.
Yüksək rifah içində yaşayan kiçik və cırtdan ölkələr miqrant selini qarşılamaq gücündə deyillər, ayaq altında qalarlar.
Qaçqınlara münasibətdə «üzüyumşaq»lıq edən beş-altı ölkə var: Türkiyə, İordaniya, Almaniya, Hollandiya, İsveç, Norveç...
Türkiyə son 5-6 ildə İraq və Suriyadan gələn müharibə qaçqınlarına 25 milyard dollar həcmində vəsait xərcləyib. BMT və Avropa bu xərcin 1,5 milyardını ödəyib, qalanı Türkiyə xalqının kisəsindən gedib.
İndi də xəbər gəlir ki, Avstriya rəhbərliyi ölkəni könüllü şəkildə tərk edəcək qaçqınlara ikiqat ödəniş edir. Yəni alın, bu sizə bəs qədər pul-para, gedin qada-bəlanızı başqa ölkəyə aparın.
Əslində bu, Avstriya hökuməti tərəfindən çox ağıllı addımdır. Türkiyə kimi 5 ilin içində qaçqınlara görə 25 mlyard dollar ziyana düşüncə, bəri başdan 1-2 milyardla qurtulmaq mümkündür.
Beləliklə, hazırda İŞİD-in həyata keçirdiyi kütləvi edam və zorlamalalardan, qədim dövrlərdəki tək qul kimi alınıb-satılmalardan, Suriyanın, Rusiyanın bombardmanlarından qaçan milyonlarla insan sadəcə yaşamaq, mövcud olmaq üçün yer axtarır.
Onları öz vətənlərində labüd ölüm və qaçılmaz qul həyatı gözləyir, qürbətdə isə nəsibləri hüquqsuzluq, dərbədərlik, məchulluqdur.
Amma bu insanların başqa yolu yoxdur, primitiv həyat eşqi, yaşamaq arzusu onları dünyaya səpələməkdədir.
Dünyanı idarə edən güclər bu insanların bu halı üçün birbaşa məsuliyyət daşıyırlar.
Bu adamlar o tiranların əlindən qaçıblar ki, vaxtilə dünyanı idarə edənlər həmin tiranlarla əməkdaşlıq edir, saziş bağlayır, hakimiyyətdə qalmaları, möhkəmlənmələri üçün onları dəstəkləyirdilər.
Dünyanı idarə edənlər üçün fərqi yox idi ki, bu müstəbidlər hakimiyyətə hərbi çevriliş yolu ilə gəlir, seçki-filan keçirmədən hakimiyyətdə qalır, öz xalqlarını zülm edə-edə dövran sürürlər.
Onlar bu tiranları öz işlərinə yarayanda, müstəbidlər sözə baxmayanda, nəzarətdən çıxanda devirmək istədilər, heç onu da düz-əməlli bacarmadılar, nəticədə olan milyonlarla insana oldu.
İndi yersiz-yurdsuz qaçqınlar problemi dünyann bir nömrəli probleminə çevrilib.
Bu problemi ABŞ, İngiltərə, Almaniya, Rusiya, Fransa, İtaliya,Kanada,Yaponiya həll eməlidir. Dünyanı idarə edən bunlardır.