Lakin indi başqa məqama toxunmaq istəyirəm. Xatırladıram ki, sözügedən vergi bütün hüquqi şəxslərdən tutulmalıdır. Bankların özü də hüquqi şəxsdir və onların da bir-birində, o cümlədən Mərkəzi Bankda müxbir bank hesabları var (Mülki Məcəllənin 970-ci maddəsinə əsasən). Deməli, banklar da həmin hesablardan nağd pul çıxaranda onlardan vergi tutulmalıdır. Lakin reallıqda tutulmur. Belə ki, məsələn, banklarımız Mərkəzi Bankdakı müxbir manat hesablarından nağd pul çıxaranda Mərkəzi Bank həmin vergini tutmur və Vergilər Nazirliyi də buna göz yumur. Halbuki, Vergi Məcəlləsinin 150.1.12-ci maddəsində birmənalı deyilir ki, hüquqi şəxslərə bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar vergi agenti olaraq ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Lakin Mərkəzi Bank bu vəzifəsini icra etmir.
Xatırladıram ki, Mərkəzi Bankın özünün təsdiq etdiyi “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın 2.1.5-ci bəndinə əsasən müxbir hesab bank hesabı növlərindən biridir. Həmin Qaydaların 1.10-cu bəndinə görə isə yerli banklar milli valyutada müxbir hesablarını yalnız Mərkəzi Bankda açırlar. Qaydaların 3.13-cü bəndinə uyğun olaraq müxbir hesab mütləq qaydada vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli əsasında açılır. Yəni vergi orqanı üçün də müxbir hesab bank hesabı növlərindən biridir.
Bəs onda Vergilər Nazirliyi niyə Mərkəzi Bankın və digər bankların bu qanun pozuntusuna göz yumur? Axı sözügedən vergi qanunidirsə, bütün hüquqi şəxslərdən, o cümlədən banklardan da tutulmalıdır. Qanuni deyilsə, heç kəsdən tutulmalı deyil və bu ayrı-seçkiliyə son qoyulmalıdır!
P.S. Əslində, dolayısı ilə bu fakt həmin verginin qanunsuz və əsassız olduğunu bir daha təsdiqləyir. Bu barədə sabah ətraflı yazacağam...