Vaxt.Az

Baş qərargahdan iki general istefaya göndərildi


 

Eyvaz Cəfərov, Elbrus Orucov, daha kimlər...

Baş qərargahdan iki general istefaya göndərildi Prezident, Ali baş komandan İlham Əliyevin əmri ilə ordudan istefaya göndərilən yüksək rütbəli hərbçilərin bəzilərinin adları mətbuata sızıb.

Virtualaz.org xəbər verir ki, istefaya göndərilənlər arasında Silahlı Qüvvələrin Baş qərargah rəisinin birinci müavini, general-leytenant Eyvaz Cəfərov və Baş qərargahın Baş Əməliyyat İdarəsinin rəisi, general-mayor Elburus Orucov da var. Habelə Baş qərargahdan polkovnik Murad Həmidov da istefaya göndərilib. Bu haqda Müdafiə Nazirliyinə yaxın «AzeriDefence» portalı bildirir.

Virtualaz.org qeyd edir ki, istefaya göndərilənlər arasında daha iki yüksək vəzifəli generalın olduğu məlumdur. Onların barəsində məlumat dəqiqləşdirilir.

Qeyd edək ki, istefaya göndərilən general Elbrus Orucov Şuşanın düşmənə təslim edilməsi işi üzrə mühakimə olunub. Sonradan o, Azərbaycanın Özbəkistan və Gürcüstandakı hərbi attaşesi olmuşdu. Lakin Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra Elbrus Orucov ordunun beyni hesab edilən idarəyə-Baş qərargahın Baş Əməliyyat İdarəsinə rəis təyin olundu.

Orucovdan əvvəl həmin vəzifəni general Eyvaz Cəfərov tuturdu, kadr dəyişikliyinə əsasən Cəfərov Baş qərargah rəisinin 1-ci müavini oldu.


***


14:15

Bu gün martın 28-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə müşavirədə Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bir qrup yüksək rütbəli hərbi qulluqçunun ehtiyata və istefaya buraxılması ilə bağlı müvafiq sərəncamı şəxsi heyətə çatdırılıb.

Silahlı Qüvvələrdə uzunmüddətli qüsursuz xidmətləri, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyünün qorunub saxlanılmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə Müdafiə nazirinin əmri ilə hərbi qulluqçular qiymətli hədiyyə ilə mükafatlandırılıblar.

Lakin istefaya göndərilən yüksək rütbəli hərbçilərin adları açıqlanmır. Onların bəzilərinin adları hərbi qaynaqlardan virtualaz.org-a daxil olub, hazırda məlumatı dəqiqləşdirməyə çalışırıq.

 





28.03.2017    çap et  çap et