Vaxt.Az

«Sərkisyan barədə ölçü götürməyə imkan verir»


 

Azərbaycan XİN-in ATƏT-ə məktubu dünyanın diqqətini ümdə bir məsələyə çəkdi...

«Sərkisyan barədə ölçü götürməyə imkan verir» Xarici İşlər Nazirliyinin (XİN) təlimatı əsasında Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi hərbi təlimi, Ermənistan prezidentinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və orada səsləndirdiyi bəyanatları ilə əlaqədar ATƏT-ə üzv dövlətlərə, ATƏT-in Daimi Şurasının sədrinə, ATƏT-in katibliyinə və müvafiq təsisatlarına məktub ünvanlayıb.

XİN-dən verilən məlumata görə, məktubda qeyd edilib ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-in sənəd və qərarlarını pozaraq, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində tabor səviyyəsində genişmiqyaslı hərbi təlimlər keçirib: «Ermənistan prezidenti 2017-ci il martın 25-də hərbi təlimlərin son mərhələsində şəxsən iştirak edib. Bu münasibətlə o, işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfər edib, «döyüş vəzifələrini yerini yetirərkən fərqlənən hərbi qulluqçuları təltif edib» və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə təhdid məzmunlu təxribatçı bəyanatlar verib.

Ermənistan prezidenti Ermənistan silahlı qüvvələrini xristianlığın keşikçiləri adlandıraraq, münaqişəyə dini çalar verməyə cəhd edib. Bununla belə, o, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalında iştirakını və bu xüsusda özünün fərdi məsuliyyətini qəbul edib. O bəyan edib ki, 2016-cı il aprel döyüşləri gedişində «cavab hücumuna keçmək əmri verib».

Məktubda qeyd edilir ki, Ermənistan və onun yüksək rütbəli rəsmilərinin təxribatçı və təcavüzkar ritorikası ölkənin beynəlxalq hüquq və Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə siyasi proseslər çərçivəsində verdiyi öhdəliklərin əleyhinədir. Bu, Ermənistan tərəfindən Azərbaycana qarşı gücdən qanunsuz istifadənin davamının göstəricisidir. Ona görə də Helsinki Yekun Aktında da əks olunduğu kimi, dövlətlərarası münasibətlərin baza prinsiplərinin kobud şəkildə pozulmasının qarşısının alınması üçün ATƏT yekdil mövqe nümayiş etdirməlidir.

Azərbaycan ATƏT, xüsusilə ATƏT-in Minsk Qrupu və həmsədrlərini, həmçinin, Avstriyanın ATƏT Sədrliyini BMT Təhlükəsizlik Şurasının müvafiq müddəalarını və atəşkəs rejiminin kobud şəkildə pozulmasını ictimai şəkildə pisləyərək, Ermənistandan Azərbaycana qarşı təcavüzə son qoymasını, qoşunlarını çıxarmasını və münaqişənin həlli istiqamətində davamlı həllə nail olunması üçün substantiv danışıqlara cəlb olunmaqda xoş niyyət göstərməsini tələb etməyə çağırır.

ATƏT-in rəhbər strukturlarına ünvanlanan bu bəyanatın nə kimi əhəmiyyəti ola bilər?

Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, belə bir müraciətin ünvanlanması çox doğru verilmiş qərardır: «Mən müraciətin mətni ilə tanış oldum və hesab edirəm ki, orada hər bir detal məntiqli şəkildə izah edilib. Məhz ATƏT-ə ünvanlamağının doğruluğunu ona görə qeyd edə bilərik ki, həmin təsisat uzun illərdir nizamlama missiyasını üzərinə götürüb. Onların gözü qarşısında Ermənistanın prezidenti işğal altındakı Azərbaycan ərazilərinə gedir, orada keçirilən hərbi təlimlərdə iştirak edir və üstəlik də Azərbaycanı məhz öz ərazimizdən raketlə vuracağı ilə hədələyir. Sərkisyan danışıqlar prosesindən yayınır, buna min cür don geydirirlər. Beynəlxalq qurumlar belə olanda tərəfləri konstruktivliyə səsləyir. Sərkisyanın bu addımı isə sübut edir ki, onlarla sülh barədə müzakirə aparmaq mümkünsüzdür. Sərkisyanın Dağlıq Qarabağ ərazisində verdiyi bəyanatlar ATƏT üçün kifayət edir ki, onun barəsində ciddi ölçü götürsün, daha təsirli təzyiq rıçaqlarını işə salsın. Hesab edirəm ki, ATƏT qurumlarına ünvanlanan müraciətə həmin qurumun rəhbərliyi ciddi cavab verməlidir. Belə olmayacağı təqdirdə həmin təsisatın obyektivliyinə inam qalmayacaq».

 





31.03.2017    çap et  çap et