Vaxt.Az

Ağalarov 1,8 milyard dollar borca girdi


 

«Sberbank»la məşhur iş adamı arasında misli görünməmiş sövdələşmə imzalandı

Ağalarov 1,8 milyard dollar borca girdi Rusiyanın ən iri banklarından olan «Sberbank»la məşhur azərbaycanlı iş adamı Araz Ağalarovun «Crocus Group» şirkəti arasında nəhəng kredit razılaşması imzalanıb. Rusiya qaynaqlarının xəbərinə görə, bank azərbaycanlı iş adamının developer layihələrini maliyyələşdirmək üçün toplam 55 milyard rubl (təqribən 1,8 milyard dollar) investisiya yatıracaq.
Bildirilir ki, razılaşma «Sberbank»ın korporativ-investisiya biznesinə köklənmiş bölməsi olan «Sberbank CİB»lə «Crocus Group» arasında imzalanıb.
Razılaşma şirkətin 2013-2017-ci illər ərzində daşınmaz əmlak biznesi layihələrinə investisiya yatırılmasını nəzərdə tutur. Ağalarovun həmin layihələri üçün nəzərdə tutulan ümumi investisiyanın həcmi 76 milyard rubl təşkil edir. Bank bu vəsaitin 55 milyard rublunu verəcək.
Razılaşmaya əsasən «Crocus Group» Moskva və Moskvaətrafı regionda ümumi sahəsi 1 milyon kvadratmetr olan obyektlərin tikintisini həyata keçirəcək. Bura «Holiday İnn», «Marriott» otelləri, «Veqas-2», «Veqas-3» ticarət mərkəzləri, yaşayış kompleksi, okeanarium və s. daxildir.
A.Ağalarov deyib ki, bank investisiyanın 70 faizini yatıracaq, qalan 30 faizini «Crocus Group» özü ayıracaq. Bu, Rusiyada daşınmaz əmlak biznesinin maliyyələşdirilməsi üzrə ən iri bank layihələrindən biridir.
«Bizimlə «Sberbank» arasında qarşılıqlı etimad o dərəcədə yüksəkdir ki, «Crocus» maliyyələşməyə dair müqavilənin imzalanmasını gözləmədən tikinti işlərinə başlayır, ancaq tam əmin olur ki, «Sberbank»la tərəfdaşlıq davam edəcək. Biz 15 ildir belə işləyirik» - deyə Ağalarov jurnalistlərə bildirib.
«Sberbank CİB»in vitse-prezidenti Aleksandr Bazarov isə deyib ki. imzalanmış razılaşma «Crocus Group»la tərəfdaşlığı daha da möhkəmləndirəcək.
 





19.11.2013    çap et  çap et