Vaxt.Az

Ağ Evin «ağ atlı» şahzadəsi


 

Trampın şanslı kürəkəni barədə bilinməyənlər…

Ağ Evin «ağ atlı» şahzadəsi Son günlər Amerika «cəbhə»sindən gələn ən ilginc məlumat ABŞ prezidenti Donald Trampın kürəkəni və eyni zamanda müşaviri Cared Kuşneri Ağ Ev yanında yeni yaradılmış Amerika İnnovasiya Ofisinə (Office of American Innovation) rəhbər təyin etməsi oldu. Bu barədə jurnalistlərə ABŞ prezidentinin mətbuat katibi Şon Spayser məlumat verdi.

«Amerika İnnovasiya Ofisi prezidentin geniş hökumət əməliyyatları və xidmətləri dairəsini planlaşdırılmış vaxtdan daha tez və büdcədə nəzərdə tutulandan daha ucuz həyata keçirmək barədə tövsiyələrini reallaşdıracaq», - Spayser bildirib.

Kuşner, xüsusilə, nazirlik və idarələrdə texnologiyaların təkmilləşdirilməsi ilə məşğul olacaq. Spayser veteranlarla iş üzrə nazirliyin səmərəliliyinin artırılmasının lazım olduğunu xüsusilə vurğulayıb.

Bəs yaxşı, kimdir bu şanslı kürəkən? Ağ Evə qohumbazlıq toxumu səpən Tramp üçün C.Kuşner niyə bu qədər vazkeçilməz olub? Onun üstünlükləri nələrdir? Hansı mərhələlərdən keçib, nə kimin uğurları var?

 

25 yaşında qəzet sahibi olub

 

İvanka Trampın həyat yoldaşı qayınatasının seçki kampaniyasında olduqca fəal rol oynayıb. O, internet strategiyanın rəhbəri olaraq yüksək çinli məmurlarla bağlı məsələ ilə məşğul idi. Kameralar qarşısında olduqca utancaq görünən kürəkənin uğurlu biznesmen və naşir olduğu deyilir. O, Manhettendə yerləşən 5-ci avenyüdəki 666 saylı evin sahibidir. Həmin məkan "Trump-Tower"dən bir neçə dəqiqəlik məsafə ilə yaxındır. 2006-cı ildə, yəni, 25 yaşı olanda Kuşner New York Observer qəzetinin sahibi olub.

Cared eyni zamanda ortodoksal yəhudidir. «New York Observer» qəzetində dərc olunan redaksiya məqaləsində o, Trampın irqçi olmadığını qeyd edib: «İnsanlar daim görmək istədiklərini görürlər. Əgər onlara kiminsə siyasi baxışları xoş gəlmirsə, o zaman onlar başqa şeyləri də görürlər. Məsələn, rasizmi... Əgər onlara siyasətçinin mövqeyi xoşdursa, onun sözlərini yüngül tənqid kimi qəbul edəcəklər. Tramp o sözləri deyir ki, digər siyasətçilər onu deməməyə çalışırlar. Ona görə də onun səmimiliyi çoxlarına xoş gəlir».

 

Atası 2.5 milyon dollardan keçib, onu Harvarda «düzəldib»

 

Cared Kuşner Nyu-Cersi ştatındakı Livinqston şəhərində, varlı bir ailədə doğulub, boya-başa çatıb. Onun iki bacısı və bir qardası var. Onun nənə-babası İkinci Dünya Müharibəsi zamanı Polşadan qaçıblar və 1949-cu ildə ABŞ-a gəliblər. Onu atası Çarlz isə Nyu Cersidə daşınmaz əmlak bazarında varlanıb. Ailə barədə yazılan məqalələrdə isə qeyd olunub ki, gənc Cared pis qiymətlərinə baxmayaraq, Harvardda oxumağa haqq qazanıb. Belə ki, atası onun bu nüfuzlu ali məktəbdə oxuması üçün 2.5 milyon dollar vəsait xərcləyib.

Ata Kuşnerin keçmişi isə birmənalı olmayıb. Belə ki, o, vergidən yayınmaya, eləcə də seçki kampaniyasına qeyri-qanuni vəsait sərf etməyə və şahidlərə təzyiq göstərməyə görə qanun qarşısında cavab verib. 2014-cü ilin avqustunda o, etiraf edib ki, bacısının ərinə qarşı namərdlik edib: yeznəsinin yanına fahişələri göndərib, onların intim münasibətini gizli kameraya çəkib və çəkilişləri bacısına göndərib. Bu yolla da o, qohumlarının əlindən almaq istədiyi bağ evini yenidən qaytarmağa nail olmaq istəyib.

Donald Trampın atası Friderik Trampın da qanunla arası o qədər də yaxşı olmayıb. Belə ki, o rasizm və diskriminasiya iddialarına tuş gəlib. Hər iki ailənin ortaq cəhətləri təkcə onların qanunla problemlərinin olmasında deyil. Onların siyasətdə heç bir təcrübələri yoxdur. «New York Observer» qəzetindəki məqaləsində isə Cared Kuşner siyasətə biznes yanaşmanın gətirilməsini təklif edib.

 

Uğursuz naşir, şanslı kürəkən..?

 

Amma Kuşnerin naşir fəaliyyəti də o qədər uğurlu getməyib. Onun nəşrin baş redaktoru, 15 ildir həmin vəzifədə olan Piter Kaplanla münasibətləri gərginləşib və sonuncu istefa verib. Ondan üç il sonra isə sözügedən nəşr satılıb. 6 il boyunca isə qəzetdə yeddi baş redaktor dəyişib. Və bu müddət ərzində qəzetin də keyfiyyəti xeyli aşağı düşüb.

Qayınatasından fərqli olaraq, Kuşner sakit təbiətli və təmkinli adam sayılır. O, kameralardan çəkinir, diqqət mərkəzində olmağı sevmir. Sağlam bədən quruluşuna və özünə qulluğa görə isə 35 yaşdan daha cavan görünür.

«Qaynatam Donald Tramp irqçi və antisemit deyil. Mən onun qızı ilə münasibətimin başlandığı zaman buna şəxsi təcrübəmdə əmin olmuşam».

Strateq.az bildirir ki, bu sözləri ABŞ prezidentliyə namizəd olan milyarder Trampın kürəkəni Cared Kuşner «The New York Observer» jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, insanlar Trampda görmək istədiklərini görürlər: «Amerika ciddi problemlərlə üz-üzə qalıb. İqtisadiyyat, terror, hakimiyyətə etimadın itməsi…Mən inanıram ki, qayınatam bütün bu problemləri həll edə biləcək. Buna görə onu dəstəkləyirəm».

Kuşnerin sözlərinə görə, o Holokostu yaşamış yəhudi ailəsinin nəslindəndir. Ata-babaları 40-cı ilərdə Belarusiyanın Novoqrudok şəhərində yaşayıblar. Orada yəhudilərin böyük icması olub. Faşistlər Belarusu tutduqdan sonra 250 yəhudi tunellə qaça bilib. Yolda faşistlər onları güllə-barana tutub. Nənəsi meşədə gizlənərək xilas ola bilib. Orada babası ilə tanış olub. Bundan sonra onlar partizan dəstəsinə qoşulublar...

Kuşner deyib ki, Trampın qızı ilə ailə qurduqdan sonra arvadı iudaizmi qəbul edib.

Senatın kəşfiyyat komitəsi Caredi ifadə verməyə çağırıb.

ABŞ prezidenti Trampın kürəkəni prezident seçkiləri ərəfəsində Rusiyanın müdaxiləsini araşdıran Senat Kəşfiyyat Komitəsində ifadə verməyə çağırılıb. Bildirilir ki, Cared seçkilərdən sonrakı müddətdə Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə görüşüb. Görüşdə sabiq milli təhlükəsizlik müşaviri Maykl Flinn də iştirak edib. Dekabr ayında baş tutan görüşdə Kislyakın «Trump Tower» binasına girişi və çıxışı gizli tutulub.

Amerika mətbuatının xəbərinə görə, Kaşner Ukraynaya müdaxiləsi səbəbindən Rusiyaya tətbiq edilən sanksiyalar çərçivəsində olan «Vnesheconombank»ın sədri Sergey Qarkov ilə də görüşüb.

Ağ Evin mətbuat katibi Hop Hiks bildirib ki, Cared çağırışa uyğun olaraq ifadə verəcək.

 





01.04.2017    çap et  çap et