Həmin müsahibədə müxalif siyasətçi Rusiyanın gələcəyi ilə bağlı planlarını, habelə prezidentliyə namizəd olub seçilməsi halında görəcəyi işlər barədə fikirlərini açıqlayıb.
Aleksey Navalnı Rusiyanın ən böyük bəlasının korrupsiya olduğunu söyləyib. O, bununla bağlı açıqladığı faktların Kremldəki bəzi qüvvələrin əlinə oynadığını inkar etmir: «Əlbəttə, mən nə zaman korrupsiya ilə bağlı araşdırma aparsam bu Kremldə kimlərəsə sərf edir. Çünki bu iqtidar xalça altında bir-birilə didişən köpək sürüsündən ibarətdir. Biz bir buldoqa toxunsaq, başqa buldoqa kömək etmiş oluruq. Həyat bundan ibarətdir...
Lakin mənim başqa bədbəxtliyim var. Hansısa məmurun rüşvətxor əməlindən yazsaq, bu onun mövqelərinin möhkəmlənməsinə gətirib çıxarır. Çünki onun qovulması Navalnının qələbəsi kimi görünə bilər...».
Jurnalist Leonid Raqozin onun prezident seçilməsi halında Ukraynadakı münaqişəni necə həll edəcəyi barədə soruşub. «Putinin Ukraynanı düşmən ölkəyə çevirməsi Rusiyaya qarşı bir cinayətdir. Ukraynada 45 milyon əhali yaşayır və onun əksəriyyəti bizə nifrət edir», - deyən Navalnı Krım məsələsində əslində Putindən fərqli mövqe nümayiş etdirməyib:
«Donbas məsələsini Minsk razılaşmalarını həyata keçirməklə həll etmək olar. Krım isə dünyada bir çox bölgəsində olduğu kimi həll edilməyən ərazi mübahisələri kateqoriyasına daxil edləcək. Məsələn, İsrail-ərəb münaqişəsindəki kimi.. İndi əgər Krım əhalisinin hamısına Rusiya pasportları paylanıbsa bundan sonra nə etmək olar».
Navalnı Rusiyaya gələn immiqrantlar məsələsində mövqeyinin ABŞ prezidenti Donald Trampınkına yaxın olduğnu qeyd edib. O, Mərkəzi Asiya ölkələri ilə viza rejiminin tətbiq olunmasının və ölkəyə gələn əcnəbilərin qeydiyyat qaydalarının sərtləşdirilməsinin tərəfdarıdır.
Navalnı Putinin Qərb mətbuatda göstərildiyi qədər güclü lider olmadığını iddia edib. Onun fikrincə, Putinin liderliyi KİV üzərindəki total senzuraya, siyasi məhdudiyyətlərin tətbiq olunmasına və seçkilərin saxtalaşdırılmasına əsaslanıb.
Müxalif siyasətçi Putin və ətrafından fərqli olaraq Rusiyanın yerinin və istiqamətinin Avropa olduğunu söyləyib:
«Mənim Putinlə fundamental fikir ayrılığına düşdüyüm nöqtələrdən biri də budur. Bütün bu «üçüncü yol» və «Avrasiyaçılıq» söhbətləri fantastik hekayədən başqa bir şey olmayıb, büdcə vəsaitlərinin qarət olunmasından başqa bir şeyə yaramır», - deyə o qeyd edib.
Jurnalistlər prezident Navalnıdan nə gözləməli olduqlarını soruşublar: «Prezident Navalnının dövründə Rusiya öz problemlərinə köklənəcək. Mən izolyasionizmdən danışmıram. Bir xəritəyə baxın, görün nə qədər ərazimiz var. Elə götürək Smolensk vilayətini... Atılmış vəziyyətdə, yolları yararsız, kəndləri boşalmış...».
«Xarici siyasətə gəlincə, firkimcə, ölkənin beynəlxaq arenada qüdrəti onun iqtisadi gücündən asılıdır. Əgər bizdə 20 milyon insan səfalət işində yaşayırsa, hansı böyüklükdən danışmaq olar. Bu gün bizim xarici siyasətimiz iki elementdən ibarətdir: BMT Təhlükəsizlik Şurasındakı veto hüququ, bir də Ukraynada Putinin apardığı hibrid müharibələri... Rusiyaya bu cür avantüralar lazım deyil. Gəlin pulları özümüzə xərcləyək», - Navalnı xarici siyasətlə də bağlı fikrirlərini ifadə edib. (musavat.com)