«Rostex» dövlət şirkətinin direktoru Sergey Çemezov martın 14-də bəyan etdi ki, Türkiyə sistemi üçün kredit xahiş edib, lakin sövdələşmə hələ yekunlaşmayıb. Çemezov deyib: «Müqavilə imzalandıqdan və kreditin məbləği müəyyən edilən kimi biz təchizatı üçün müqavilə imzalayacağıq».
Kremlin sözçüsü Dmitri Peskov hər iki tərəfin sövdələşmədə maraqlı olduğunu təsdiqləyib.
Rusiyanın müdafiə sisteminə maraq göstərən NATO üzvünün – Türkiyənin bu istəyi strateji hərbi-siyasi əlaqələrə ciddi təsir göstərə bilər. NATO-ya arxalanmaq əvəzinə, öz müdafiə sisteminə malik olmaq qərarına gəlmiş Ankara Qərb müttəfiqləri, Çin və Rusiyanın müxtəlif alternativləri arasında tərəddüd keçirir.
Türkiyənin öz uzaqmənzilli hava müdafiə sistemi arzusu Ədalət və İnkişaf Partiyasının iqtidara gəlişindən çox-çox əvvəl yaranıb. Ankara hələ 1991-ci ilin Körfəz müharibəsindən bəri ABŞ istehsalı olan "Patriot» sisteminin alınması ilə xəyalını gerçəkləşdirməyə başlayıb.
Bu gün Türkiyə ABŞ istehsallı «MIM-14B Nike Hercules» və «MIM-23B Hawk», habelə Britaniya istehsallı «Rapier» hava hücumundan müdafiə sistemlərinə sahibdir.
Müdafiə ekspertləri iddia edirlər ki, 1950-ci illərdə yaradılan bu ortamənzilli sistemlər müasir silahlar, xüsusilə döyüş təyyarələrinə qarşı qeyri-səmərəlidir.
İranın milli müdafiə sənayesinin inkişafından Ankaranın keçirdiyi təəccüb və narahatlığı nəzərə alaraq, Türkiyə özünü NATO aktivləri ilə məhdudlaşdırmada şübhəyə düşüb. Beləliklə, son bir neçə ildə Türkiyə öz milli raket sisteminin inkişaf etdirməklə yanaşı, uzunmənzilli hava hücumundan müdafiə sistemi əldə etməyi düşünür.
2013-cü ildə o, «Raytheon-Lockheed Martin Patriot», «Rosoboroneksport»un «S-300», «Eurosam" nin «Sampler/T Aster 30» və Çinin «CPMIEC FD-2000» raket sistemlərinə təklifləri nəzərdən keçirməyə başladı.
Tenderin qalibi 3 milyard $-dan çox məbləğlə 2013-ci ildə Çin oldu. Lakin böyük mübahisə doğurmuş qərar 2015-ci ilin noyabrında Antaliyada keçirilən G-20 sammitində Qərb müttəfiqlərinə jest kimi ləğv edildi.
15 iyul çevriliş cəhdi və Ankara-Moskva yaxınlaşması ilə sistem alışı üçün Rusiya ilə müqavilə imzalanması imkanı qazanıldı. Ərdoğanın sözlərinə görə, Rusiya ilkin 2013-cü il qiymətini azaltdığından, Türkiyə artıq «S-400»ə üstünlük verir.
Türkiyə – «S-400»ə maraq göstərən yeganə ölkə deyil. 2015-ci ilin müqaviləsinə əsasən, Rusiya Çinə 48 buraxılış qurğusu çatdırmalıdır və hazırda Hindistana 80 qurğu satmaq barədə danışıqları davam etdirir. Uzun gecikmədən, «altılıq» ilə nüvə müqaviləsinin razılaşdırılmasından sonra Rusiya İrana «S-300PMU2» sistemlərinin çatdırılmasına başlayıb.
Lakin Türkiyənin vəziyyət bu ölkələrdən fərqlidir. Çünki NATO xaricində satınalma Alyansın cari müdafiə strukturu ilə bir araya sığmır. Türkiyənin «S-400»ün inteqrasiyasına dair iradlara hazır cavabı var.
Moskvadan dönən Ərdoğan deyib: "Bəziləri etiraz olaraq NATO konsepsiyasına istinad edir. Bu, uyğun yanaşma deyil. Bu gün NATO üzrə tərəfdaşımız olan Yunanıstan Rusiya raketlərindən istifadə edir. Hər kəs öz müdafiə konsepsiyasını formalaşdıra bilər. Əgər biz NATO çərçivəsində lazımi vasitələri əldə edə bilmiriksə, onda fərqli mənbələr axtarmalıyıq. Həmçinin digər meyarlar var. Təəssüf ki, Suriyada biz terrorçuların əlində NATO müttəfiqlərimizin silahlarını görmüşük".
Müdafiə naziri Fikri İşıq deyib ki, «S-400» NATO sisteminə inteqrasiya edilə bilməz. Birincisi, NATO inteqrasiyaya imkan verməyəcək. İkincisi, Türkiyə milli radar sisteminə NATO vasitələrini inteqrasiya edə bilməz.
Yunanıstana gəlincə, onun modeli NATO-ya inteqrasiya ilə bağlı problemlər ucbatından uğurlu olmayıb. Buna görə də, Krit adasına yerləşdirilən "S-300" ancaq Egey dənizi üzərində türk təyyarələri ilə «mübarizə aparır».
Müdafiə ekspertlərinin fikrincə, Türkiyə bu baxımdan, bir neçə digər problemlə üzləşə bilər.
Türkiyədə yerləşən «S-400» sistemi erkən xəbərdarlıq radarı ilə bağlı olmayacaq. Çünki onlar Rusiyada da olduğundan batareyanın potensial effektivliyi azalacaq. Suriya sərhədinə yaxın ərazidə, Xmeymim hava bazasında da «S-400» var. Eyni ailədən olan iki batareyanın radarları üzləşdikdə nə baş verəcəyi bəlli deyil. Türkiyənin "S-400"ü avtomatik olaraq İncirlik hava bazasından havaya qalxan Alyans təyyarələrini düşmən təyyarələri kimi identikləşdirəcək.
Hava hücumundan müdafiə sisteminin satın alınması hərbi-texniki aspektdə müzakirələrlə məhdudlaşmır. Buna görə də sual olunur: Türkiyəni əvvəlcə Çin, sonra da Rusiya ilə yaxınlaşmaya nə vadar edib? Rusiya ilə yaxınlaşma Qərblə daha sərfəli sövdələşmə əldə etmək məqsədi daşıyırmı, yoxsa bunun strateji əhəmiyyəti var?
Ruslar hələ də Ərdoğanın «S-400»-ə həqiqətən maraq göstərdiyinə əmin deyillər. Skeptiklərin fikrincə, o, Qərb sistemlərini aşağı qiymətlərlə alınması üçün, bir növ, siyasi şantajla məşğuldur. Axı Türkiyə əvvəllər Çinin «FD-2000» sisteminin dəyərini aşağı salmaq üçün «Patriot»un alınması bəhanəsindən istifadə edib.
Bir çoxlarının rəyinə görə, Ərdoğan «S-400»dən Rusiya ilə münasibətlərin normallaşmasını sürətləndirmək üçün ortaya atıb. Ərdoğanın niyyətlərindən asılı olmayaraq, Ankara və Moskva arasında sövdələşmənin sadəcə mövcudluğu Şimal Atlantik alyansa əsəblərinə toxunur.
Moskvanın nəzər-nöqtəsinə gəlincə, Putin açıq-aydın şəkildə «S-400»lə puldan daha artıq qazanca ümid edir. Hazırda Suriyada istifadə olunan rus texnologiyasına maraq artıb və Türkiyəyə «S-400»ün satışı bu marağı daha da artıracaq.
Türkiyə müasir rus silahından istifadə edən ilk NATO ölkə olacaq (Yunanıstanda köhnə rus texnologiyası var). «S-400» labüd olaraq Rusiyadan asılılıq yaradacaq və çox güman ki, uzunmüddətli hərbi əlaqələrə qapı açacaq.
Putin təmkinlə Qərblə müqayisədə, Moskva ilə daha qarşılıqlı geosiyasi və strateji prioritetləri olan Ankaradan istifadə etməyə çalışır.
Lakin bu heç də Moskvanın müqavilə üzrə danışıqları bitirməsi və tezliklə Türkiyəyə «S-400»ün çatdırılmasına başlayacağı mənası vermir. Türkiyənin mövqeyinə inamı hiss edənə qədər Rusiya danışıqları və çatdırılmanı uzada bilər. Ankaranın Çin ilə ləğv etdiyi razılaşma Türkiyənin etibarlılığı haqqında ciddi şübhələr doğurub.
Rusiya Çin, Hindistan və İranın xarici siyasətindən narahat deyil, Türkiyənin NATO-ya üzvlüyü və tərəddüdlü mövqeyi ehtiyatlı monitorinq tələb edir.
Türkiyənin müdafiə məsələsinə ikili yanaşmasına NATO necə münasibət bildirəcək? Türkiyə ola biləcəklərə hazırdırmı? Rusiya ilə sövdələşən Türkiyənin NATO ilə rahat dil tapması çətin olacaq. Bu gün Türkiyənin Alyans üzvlüyünə şübhə ilə yanaşan ölkələr var.
Avropa Birliyinin türk nazirlərin iştirakı ilə mitinqlərə qadağasına cavab olaraq NATO ilə tərəfdaşlıq layihələrinin qarşısını kəsmə bu müzakirələri dərinləşdirəcək. Avropa ilə gərginliyə «S-400»ün əlavə olunması ilə Türkiyənin NATO-ya üzvlüyü açıq müzakirəyə çıxacaq.