Vaxt.Az
Lukaşenko Bakıya gəlir
Səfərlə əlaqədar paytaxtda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 20-21-də Azərbaycanda rəsmi səfərdə olacaq.
BELTA agentliyinin verdiyi məlumata görə, A.Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüş keçirəcək.
Danışıqların yekununda müxtəlif sahələrə aid ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub.
A.Lukaşenkonun Bakıda Belarus səfirliyinin yeni binasının açılışında iştirakı da gözlənilir.
Bu səfərlə əlaqədar olaraq paytaxtın bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib. Məlumata görə, Lukaşenkonun Azərbaycana səfəri ilə əlaqədar noyabrın 20-21-də paytaxtın Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, «Azneft» dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.
İdarədən həmçinin bildirilib ki, sürücülər göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən az istifadə etsinlər.
19.11.2013 çap et