Vaxt.Az

Güneydən ana dili bəyanatı


 

Məhkəmə özümüzü yalnız Azərbaycan türkcəsində yazılı olaraq müdafiə edəcəyik

Güneydən ana dili bəyanatı Əhər İnqilab Məhkəməsinə çağırılan azərbaycanlı milli-mədəni fəallar məhkəmə prosesi ilə əlaqədar Bəyanat yayıblar. Aprelin 2-də məhkəməyə müraciət etməli olan fəalların yaydığı bəyanatda önəmli məsələlərə toxunulub.

«Yalnız ədaləti riayət edən və əhali ilə münasibətdə insaflı mövqe tutan dövlətlərdə sabitlik olur. Lakin Dünya Ana Dili Günü münasibəti ilə Əhərdə tutulan fəalların qanun adı altında hüquqları pozulur. Ana dildə təhsil tələbi insani və təbii hüquq olmaqla yanaşı, həm də Beynəlxalq hüquq və ölkə Konstitusiyasının (Anayasa) 15 və 19-cü maddələrinə təmami ilə uyğundur. Buna baxmayaraq ölkədə ana dilini qorumaqla bağlı istənilən fəaliyyət saxta ittihamlarla qarşılanır, bu isə dövlət içində şovinizm təfəkkürünün mövcud olmasının sübutudur.

Son illərdə ana dildə təhsil tələb edən çox sayda milli-mədəni fəal həbs edilib, xüsusi ilə 2014-cü il Dünya Ana Dili Günü Tehran və Əhər şəhərlərində tutulan fəallar qanunsuz qrup yaratmaq ittihamı ilə üzləşdilər, hansıki, belə bir qrupun adı və kimliyi ilə bağlı heç bir məlumat yoxdur.

Əhərin İnqilab Məhkəməsi isə məhkəmə prosesinin əvvəlindən hüquq və qanunun tələblərini pozmaqla məşğuldur. Ona görə ki, ölkə qanunlarına görə, Dünya Ana Dili Günü ilə əlaqədar Əhərdə tutulan fəallar elə bu şəhərin İnqilab Məhkəməsində mühakimə olunmalıdır. Lakin fəalların son məhkəmə iclası Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsinə tapşırılıb, bu isə qanunazidd hərəkətdir», - deyə Bəyanatın bir hissəsində qeyd olunub.

Fəallar Bəyanatın sonunda deyilir: “Biz məhkəməyə çağırılan bir qrup fəal, qanunsuz hərəkətlərin məhkəmədə ənənəyə çevirilməsinin qarşısını almaq məqsədi ilə belə qərara gəldik: «Birinci Biz təyin olunmuş vaxtda Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsinə deyil, Əhər İnqilab Məhkəməsinin 1-ci Şöbəsinə müraciət edəcəyik. İkincisi isə məhkəmədə qanuna uyğun şəkildə yalnız ana dilimizdə (Azərbaycan türkcəsi) yazılı olaraq özümüzü müdafiə edəcəyik».

Qeyd edək ki, 2014-cü il fevralın 20-də Əhərdə Beynəlxalq Ana Dili Günü münasibəti ilə mərasim keçirilib. Həmin mərasimdə təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və silahla mərasimin keçirildiyi evə daxil olaraq 60 nəfərdən çox fəalı yaxalamışdır. Onların əksəriyyəti bir neçə gün saxlandıqdan sonra vəsiqə qərarı ilə sərbəst buraxılmışdı.

Əhərin İnqilab Məhkəməsi sözügedən mərasim iştirakçılarından bir çoxunu aprelin 12-də Əhər Ədliyyə Şöbəsinin binasında yerləşən Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsinə çağırıb.

 





05.04.2017    çap et  çap et