Vaxt.Az
«Xoşbəxt ola bilmədim»
Mehriban Ələkbərzadə: «Amma üzdə olmamağımın səbəbi bu deyil»
«1988-ci ildə Akademik Milli Dram Teatrında diplom tamaşamı səhnələşdirdim. 1990-cı ildə Bakıya qayıtdım və 1991-ci ildə bir debüt filmi çəkdim. Buna 1 il vaxtım getdi. «Güzgü» adlı həmin filmi hazırlayanda yaradıcılıqda kinodan çox, texniki məsələlərin həllinə diqqət verildiyini anladım».Bu sözləri APA TV-də efirə gedən «İlqar Rəsul və...» verilişinin qonağı Əməkdar İncəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə deyib.
Özünün dediyinə görə, tarixi filmlər çəkərkən çox şey öyrənib: «Fərdi tarixlər fərdi xilasdır, o heç vaxt ümumi xilas yoluna çevrilmir. Amma ümumi və bəşəri məsələlər var ki, buna görə boynuna missiya götürürsənsə bunu eləməlisən, lazımdır. O filmləri hazırlayanda özüm də çox şey qazandım. Arxivdə oturub işləməyi öyrəndim. Tarix bozdur. Mən onları çox çətin araşdırdım. Amma həqiqəti tapmaq üçün dərinə enmək lazımdır».
Mehriban Ələkbərzadə televiziyadan uzaqlaşmasından danışıb: «İndi teatrda çalışıram. Televiziyadan uzağam. İndi özündən öncəki nəsli danan qəribə bir nəsil yaranıb. Sənin elədiklərini götürür, mətni dəyişir, kadrları saxlayıb öz işi kimi təhvil verir. Təbii ki, belə şeylərlə qarşılaşanda etiraz edirsən, başqa cür ola bilməz. Mən də demişəm. Amma üzdə olmamağımın səbəbi bu deyil».
Mehriban Ələkbərzadənin fikrincə, tamaşaçıların diqqətini cəlb etmək üçün onlara fərqli baxış bucağı təqdim etmək lazımdır: «Bunun üçün xüsusi bir şey fikirləşmək lazım deyil. Əgər sənin baxış bucağın maraqlı deyilsə, sənətdə olmağın mənası yoxdur. Məncə, o insan yaradıcıdır ki, onun gördüyünü çoxu görmür və öz gördüyünü yaxşı təqdim edə bilir. Məsələn, tarixdə qaranlıq qalan münasibətlərdən biri İldırım və Teymurləng münasibətləridir. Burada Avropa alimlərinin maraqları, səlib yürüşləri dövründən qalan kin və həsəd var. Bu baxış bucağında etnik kimliyi öldürmək, onları qarşı-qarşıya qoymaq elementləri var. Mən isə Cavidin istədiyi kimi, bu iki etnik kimlikdə onları birləşdirmək marağındayam. Amma bununla bərabər Buxarinin sözləri ilə desək, ətrafı saran düşmənləri güldürməmək də şərtdir».
Rejissor illər keçdikcə insanın dəyişdiyini deyib: «Həyat ağ və qaradır. Amma hərdən boz və mavi də olur. Əslində, ağ-qara daha gözəl, təbiidir. Əgər fərqli, rəngarəng dünya görənlərə qibtə edirəm. Mən maksimalistəm. Ya hə, ya yox. Dəyişməmişəm, sadəcə, emosionallığım azalıb. Bəlkə də buna müdriklik deyəcəklər. Artıq susa bilirəm. Acı bir hadisəyə baxa, bəzən gülə bilirəm. Həyat mənə dözməyi öyrətdi. İki-üç il özümü ifadə edə bilmədim. İnsanı anlamayanda, onun qarşısını almağa çalışanda, əzməyə çalışanda insan bir az sınır. Məni əzməyə çalışdılar, amma sındıra bilmədilər. Artıq susuram və baxıram».
Mehriban xanım özü yayda doğulsa da, qarı çox sevdiyini deyib: «Gəncədə doğuldum, sonra atamın işi ilə bağlı Bakıya köçdük və Sumqayıta getdik. Avqust ayında doğulmuşam, şir bürcüyəm. Amma bu ayı sevmirəm. Ad günümü də keçirmirəm. Çünki atamı həmin ayda itirmişəm. Amma ilk qar yağan günü ad günüm kimi qeyd edə bilərəm. Mənə qəribə gələn odur ki, bəlkə də 30 ildən artıq Abşeron qumunun əhatəsində yaşadığıma baxmayaraq, bu qumsallığı sevə bilmirəm. Daha çox yaşıllığı, qara torpağı və qarı sevirəm. Deyirlər, təbiət əxlaqsızdır. Amma məncə, təbiət nə qədər əxlaqsız olsa da, insanlara çatmaz. Təbiət insanla müqayisədə çox əxlaqlıdır».
Qonaq Allaha inamından danışıb: «Hərdən şübhələnirəm ki, deyəsən, Allahın işi çoxdur, mənə vaxtı qalmır. Namaz qılmıram, oruc tutmuram, amma Allaha inanıram, onu sevirəm. Və bir də ondan qorxmuram. Sadəcə, Allaha olan sevgini itirməkdən qorxuram. Mənə elə gəlir ki, Onu sevirəmsə, demək, Onun yanındayam».
Mehriban Ələkbərzadə ona əziz olan insanları itirməkdən qorxduğunu dilə gətirib: «Anam bir o qədər yaxşı deyil. Əməliyyat olundu, amma ayağa durmaq şansı azdır. Mən zəmanə adamı olmaq istəmirəm. Əslində, bunu arsızlıqdan deyirəm. Bacarsaydım, indiyə qədər olardım. Məcburiyyətdən yaranan çıxış yolları insanın özündən keçməyə bərabərdir, gərək keçməyəsən. Heç kimdən ədalət gözləməyə ehtiyac yoxdur. Əslində, hamı qarşısındakı adamın anladığı qədərdir, ondan artıq ola bilmir. Mənim təəssüfüm olar, amma kinim yoxdur. Bir az geri çəkiləndə, ətrafda da, ölkədə də, dünyada da nə baş verdiyini çox aydın görürsən. Onda deyirsən ki, gör nəyin dərdini çəkirdim. Ölsəm də, insani prinsiplərimdən imtina edə bilmərəm».
Şəxsi həyatında xoşbəxt olmadığını gizlətməyib: «Mən xoşbəxt olmadım. Amma xoşbəxt olmaq üçün mümkün olan hər şeyi elədim. Xoşbəxtlik ailə ilə bağlı olan məsələdir. Qadınını yaranışının səbəbi budur. Ana olmaq ən ümdə nemətdir. Bəzən deyirlər ki, ailəmi karyerama qurban verdim. Mən o insanlara əxlaqsız kimi baxıram. Ailənin xətrinə nəyisə qurban vermək olar. Amma ailəni qurban vermək olmaz. Amma o da var ki, bizim ölkədəki kişilər ağıllı qadınları həzm edə bilmirlər. Bu yüzdə yüz belədir. Heç kim əksinə inandıra bilməz. Mənim həyatım şəxsi planda nədənsə uğurlu olmadı, amma işgüzar planda alındı».
Mehriban Ələkbərzadə insan və tanrı barədə düşüncələrini də bölüşüb: «İnsan Allahın yaratdığı bir məxluqdur. Kamil olmaq üçün yaradılan, amma kamil olmayan məxluqdur. Yaradıcı olmayan, yaradıcı olan haqda necə danışa bilər? Elm başqa şeydir, yaradıcılıq başqa. Bunu anlamaq lazımdır. Elm alqışa layiqdir».
Tarixin qaranlıq məqamları rejissoru həmişə maraqlandırıb: «Məncə, «Otello» göründüyü kimi deyil. Şekspir əslində səlib yürüşlərinin ideoloji davamçısıdır. Qəbələnin Nic kəndində 1310-cu ilə aid taxta qapı var. Lüdovikin səlib yürüşlərinə gedən döyüşçülərə yazdığı kodlu məktublardan sonra bu da şifrəli taxta qapıdır. Qapının üstü başdan-ayağa simvollarla doludur. Əslində, bu eksponat kortəbii olaraq orada saxlanılır. Baxdıqca heyrətə gəlirsən, bu coğrafiyada necə rahat işləyib, iz qoyublar...»
19.11.2013 çap et