Vaxt.Az
«Onlar əsl juliklərdir»
Şeyx ələmdən qazanc mənbəyi kimi istifadə edənləri hoqqabaz, xuliqan adlandlrdı
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günü Sabirabadda keçirilmiş mərasim ətrafında yaranmış ajiotaja münasibət bildirib. QMİ-nin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə deyib ki, «şəbeh» deyilən bu mərasimlərin ələmlə heç bir əlaqəsi yoxdur.
M.Seyidzadə bildirib ki, insanlar ələmin elə oynadılmasını şəbeh kimi qəbul etməməlidirlər, çünki şəbeh Kərbəla müsibətinin səhnələşdirilməsidir: «Çox təəssüf ki, tənqid edənlərin çoxu əsl şəbehin nə olduğunu bilmir. Əsl ruhani əlbəttə ki, bu oyunları bəyənməz. Hər şeydən əvvəl bilinməlidir ki, ələm ərəb dilində bayraq deməkdir. Bayraq da bir atributdur. Buna da ehtiram olunmalıdır. Bundan da Kərbəlada Həzrəti İmam Hüseyn İslam dövləti adından istifadə edib. O vaxt da qayda belə olub ki, bayraq enməyibsə, deməli, o qoşun məğlub olmayıb. Orada ələmdar (bayraqdar) İmam Hüseynin qardaşı Həzrəti Əbülfəzl ibn Həzrəti Əli olub. O da həmin döyüşlərdə bayrağı fədakarcasına müdafiə edib: sağ qolunu kəsiblər, sol qoluna bağlayıb, sol qolunu kəsiblər, bazusuna alıb və s.»
M.Seyidzadə təəssüflə deyib ki, indi bundan bəzi hoqqabazlar başqa cür istifadə edirlər: «Onlar əsl juliklərdir ki, İslamın belə müqəddəs atributlarından qazanc məqsədilə istifadə edib elə hoqqalar çıxarırlar. Belə günlərdə ələmin yeri bayraq olaraq məscidlərdə minbərin dibidir. İnsanlar da ona müqəddəs rəmz kimi baxmalıdırlar. Biz mömin cildinə girən hoqqabazların ələmdən qazanc mənbəyi kimi istifadə etməsindən ciddi narahatıq və bunu şiddətlə qınayırıq. Axı ələm necə uça bilər? Axı ələmin motoru, qanadı yoxdur! Amma bu juliklər ələmə bir-iki yaylıq bağlamaqla, mərasimdə onun-bunun üstünə, cibinə, maşınına guya uçurdub pul yığırlar. Guya bu ələm uçur, onu saxlaya bilmirlər, «görüm-baxım» edilməlidir ki, uçub getməsin. Bu rəzalətdir! Xurafatdır! Orda olanların ağlı necə kəsmir ki, bu ələm uçursa, niyə onu tutanı da götürüb aparmır?! Bunu edənlər təşkil olunmuş qruplardır. Bəlkə əyyaşlardan da istifadə olunur. Məqsəd Azərbaycanda İslamı gözdən salmaqdır».
QMİ-nin bu cür hallara nəzarət etməkdə aciz olduğunu deyən şöbə müdiri idarə adından hüquq-mühafizə orqanlarından yardım istəyib: «Biz onlara müraciət edirik, elə mətbuat vasitəsilə də bildiririk ki, bu cür halların aradan qaldırılmasında bizə yardımçı olsunlar. Çünki bu qruplara qarşı bizə dövlətin köməyi lazımdır ki, bunları ləğv edək. Bu ciddi xuliqanlıqdır! İctimaiyyət özü də belə hallara qarşı diqqətli olmalı, İslama iti ağılla yanaşmalıdır».
19.11.2013 çap et