Vaxt.Az

FED-in paradoksal qərarı


 

Qurum son iki ildə ikinci dəfə etibarını itirmək təhlükəsi ilə üz-üzədir

FED-in paradoksal qərarı Federal Ehtiyat Sistemi (Federal Reserve System, FED) uçot dərəcəsini artırmağa hazırlaşır. Bu gün FED-in növbəti ikigünlük iclası başa çatacaq. Bazar iştirakçıları tənzimləyicinin uçot dərəcəsini 0,25 faiz artıracağına şübhə etmir.

Artıq bir neçə həftədir uçot dərəcəsinin artırılması ehtimalı 100 faizə bərabərdir. FED-in bazara sürpriz edəcəyi inandırıcı görünmür. Ən azından ona görə ki, FED etibarını son iki ildə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzədir. Xatırladım ki, ötən il FED rəhbəri Canet Yellen bununla üzləşmişdi. Bunu nəzərə alaraq demək olar ki, eksperiment olmayacaq!

 

 

 

«Vestifinance» yazır ki, uçot dərəcəsi artsa, bu hadisə öz paradoksallığı ilə tarixə düşəcək. Məsələ burasındadır ki, Atlanta ştatının Federal Ehtiyat Bankının hesablamalarına əsasən, cari ilin I rübündə ABŞ-da ümumi daxili məhsul istehsalının artımı cəmi 1,2 faiz təşkil edəcək. Halbuki yanvarda 3 faizlik artım proqnozlaşdırılırdı.

 

 

Beləliklə, cari rüb 1987-ci ildən etibarən zəif iqtisadi artıma baxmayaraq uçot dərəcəsi artırılan ikinci kvartal olacaq.

Yeri gəlmişkən, əgər bundan öncə iyunda da uçot dərəcəsinin artırılması ehtimalını 50% təşkil edirdisə, hazırda bu inamdan əsər-əlamət belə yoxdur.

 

 

 

Treyderləri maraqlandıran başqa bir məsələ isə odur ki, FED öz addımları ilə iqtisadi aktivliyi yerlə-yeksan edə bilər. Bildiyimiz kimi, hazırda da ABŞ-da iqtisadi aktivlik ürəkaçan səviyyədə deyil. Bu yaxınlarda açıqlanan makroiqtisadi göstəricilər bunun əyani sübutudur.

Buna baxmayaraq, uçot dərəcəsinin artırılması üçün obyektiv səbəblər də var. İlk növbədə söhbət inflyasiya təzyiqindən gedir. İnflyasiyaya nəzarət isə FED-in mandatına daxildir.

 

 

 

Fevral ayında ABŞ-da 2,2 faizlik qeydə alınıb ki, bu da 2012-ci ildən etibarən maksimumdur. Ən ciddi qiymət artımı son tələbat məhsullarında qeydə alınıb ki, söhbət 4 faizlik artımdan gedir.

Bazarların, xüsusilə də maliyyə bazarlarının FED-in qərarına necə təsir edəcəyi də maraq doğurur. Heç kəsə sirr deyil ki, dolların möhkəmlənməsi və ya zəifləməsi ABŞ və digər ölkələrin iqtisadiyyatına birbaşa təsir edir.

Maraqlı proqnoz Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrindən gəlib. Hazırda Rusiya prezidenti yanında Strateji araşdırmalar mərkəzinin rəhbəri olan Kudrin deyib ki, FED-in uçot dərəcəsini artıracağı şübhə doğurmur, beləliklə, inkişaf etməkdə olan ölkələrin valyutalarına təzyiq artacaq.

Bugünkü iclasın yekununda veriləcək qərardan çox hamıya Canet Yellenin şərhləri maraqladır. Uçot dərəcəsinin artırılmasından sonra xanım Yellenin yumşaq ritorikası dolların kəskin bahalaşmasının qarşısını alacaq. Unutmaq olmaz ki, bazar gözləntilərlə yaşayır. Baş verən hadisələr bazar üçün o qədər maraqlı deyil.

 





15.03.2017    çap et  çap et