Nazir hesab edir ki, həm OPEC, həm də qeyri-OPEC ölkələrində neft hasilatının azaldılması üçün qəbul olunan qərarlar çox düzgün addım olub: «Artıq ilin başlamasından 3 ay keçib və neftin dünya bazarındakı stabilliyini hiss edirik. Bunu davam etdirəcəyik. Bildiyiniz kimi, monitorinq qrupu yaradılıb və həmin qrup bu qərarın necə yerinə yetirildiyini təhlil edir. Neft qiymətlərində çox böyük dəyişmələr heç kimə xeyir gətirmir. Biz istəyirik ki, neftin qiyməti stabil olsun».
N.Əliyev həmçinin neftin qiymətinin qalxıb-enmə tendensiyasının öncədən bilinməsinin də əhəmiyyətli olduğunu deyib: «Bu, iqtisadi amillərdən asılıdır. Mayda Vyanada OPEC və qeyri-OPEC ölkələrinin görüşü keçiriləcək. Monitorinq qrupunun hesabatından asılı olaraq orada yeni qərarlar qəbul edilə bilər. Hansı təkliflər ola bilər, ya hasilatı eyni səviyyədə saxlamaq, ya da hansısa əlavə tədbirlər görmək. Neft istehsal edən ölkə kimi biz maraqlıyıq ki, neftin qiyməti stabil qalsın. Bu gün 60 dollar/barel qiyməti həm istehlakçıları, həm də istehsalçıları qane edir. Ona görə, də çalışacağıq ki, neftin qiyməti belə bir səviyyədə qalsın. Əgər qalarsa, bunun Azərbaycana çox böyük xeyiri olacaq».