Bu hadisə məişət zibilinin insan həyatı üçün törətdiyi təhlükədən xəbər verir. Lakin vəziyyətdən asan çıxış yolu da var. Bunun üçün toyuqları ekoloji sistemə inteqrasiya etmək lazım gəlir. Avropalı ekspertlərin fikrincə, ən rahat emal edilən tullantılar ərzaq tullantılarıdır. Gündəlik zibilin təxminən 30 faizini bu tip tullantılar təşkil edir. Onu gübrəyə çevirmək çox da çətin deyil. Yerdə qalan 70 faizin emalı isə çətinlik yaradır. Amma başqa çıxış yolu da var. Bu da toyuqlardan təkcə bozbaş, qril və ləvənginin hazırlanmasına deyil, zibillərin utilizasiyasına cəlb edilməsidir. Toyuqlar çox acgözdür. Onlar həm həyətin, bağçanın təmiz qalmasına kömək edir, həm də həşəratları məhv edirlər. İlan gördükdə də səs çıxarırlar.
Fransanın Vilnöv bələdiyyəsində artıq bu işlərə başlanılıb. Bələdiyyənin təşəbbüsü hökumət tərəfindən müsbət qarşılanıb. Artıq ilk mərhələdə sakinlərə 100 toyuq paylanılıb. Növbəti mərhələdə də evlərə 100 toyuq paylanılması nəzərdə tutulub. Bu yolla bələdiyyə ildə 300 ton tullantıdan xilas olacaq. Bir toyuq orta hesabla ildə 150 kiloqram qida qəbul edir.
Toyuqlar isə yaxınlıqdakı fermadan götürülür. Nisbətən yaşlı, məhsuldarlığı azalmış toyuqlar 1 avrodan əhaliyə paylanır. Gündəlik ərzaq tullantılarının 70 faizinə qədəri toyuğun qidasını təşkil edir. Bu ev quşları yedikləri qidanın həcmini 80 faiz azaldır. Bu yolla həm təbii quş peyini yaranır, həm də yumurta və ət əldə edilir. Fermada toyuqlar hər 14 ayda bir dəfə yeniləndiyi üçün toyuq tapmaq da çətin deyil. Lakin məsələ bununla bitmir. Toyuqlar həm də qocalar evinin sakinləri və alzeymer xəstələri üçün də profilaktik vasitə kimi istifadə edilir. Nəzərə alsaq ki, Azərbaycanda kifayət qədər zibil yığnağı nöqtələri mövcuddur, deməli bu işə toyuqların cəlb edilməsi müsbət nəticə verər.