Aydın şəkildə ortaya çıxdı ki, Trampın seçkiqabağı ritorikasından, onun bəzi marginal müşavirlərinin dünyagörüşündən, fikirlərindən daha çox, respublikaçıların ötən ilin iyulunda Klivlenddə keçirilən qurultayında təqdim olunmuş rəsmi seçki platformasını ciddiyə almaq lazım imiş. (Adamlar yazanda boş yerə yazmır.) Tramp artıq ciddi şəkildə ənənəvi dövlət siyasətinə dönüş siqnalları verir. Qısamüddətli perspektivdə İŞİD-in məhvi 1 saylı prioritet olsa da, «Əsəd getməsə, sülh gəlməyəcək» formulu Vaşinqtonun Suriya siyasətində yenidən önə çıxıb.
Məlumat var ki, dövlət katibi Tillerson gələn həftə Rusiyaya səfəri zamanı Moskvaya Əsədə dəstəyi dayandırmağı məsləhət görəcək. Əks halda, Rusiya (eləcə də İran) Suriyada hərbi cinayətlər törətməkdə ittiham ediləcək və hər iki ölkəyə qarşı yeni sanksiyalar tətbiq olunacaq. Vaşinqton Rusiyanın Əsədin kimyəvi silah tətbiq etdiyini bildiyinə və bunu gizlətməyə çalışdığına inanır. Tillersonun səfər zamanı bu barədə sübutları təqdim edəcəyi də iddia olunur.
Obama dövründən fərqli olaraq, ABŞ-ın diplomatiyasının arxasında bu dəfə hərbi güc dayanıb. «Sərt güc» vasitəsilə «yumşaq güc»ə yol açılır və diplomatiyanın nəticəyönümlü olmasına şərait yaradılır. Reyqan dövründəki siyasətin Vaşinqtonda yenidən ağırlıq qazanmağa başladığını müşahidə edirik.