Vaxt.Az

Sürücülər Medvedyevlə görüş tələb edir


 

«Bu etirazlar bütün ölkəni bürüyə, digər sosial qrupları əhatə edə bilər...»

Sürücülər Medvedyevlə görüş tələb edir Dağıstanda TIR sürücülərinin «Platon sistemi»inə etiraz olaraq başlayan və Azərbaycanda Rusiyaya (o cümlədən geriyə) yükdaşımaları faktiki olaraq iflic edən tətil aksiyası səngimək bilmir. Virtualaz.org xəbər verir ki, hazırda sürücülərin etirazlarının əsas mərkəzi Dağıstan olsa da Şimali Qafqazın digər regionlarında da TIR sürücüləri tətil etməkdədir. Ekspertlər bu etirazların nəzarətdən çıxaraq bütün ölkəni bürüyə biləcəyini və digər sosial qrupları da əhatə edəcəyini proqnozlaşdırır.

Xatırladaq ki, Dağıstanda tətil martın 27-dən başlayıb. Bu Şimali Qafqaz respublikasında təxminən 40 minə yaxın ağırtonnajlı yük maşını sürücüsü tətil edir ki, bu da yerli avtoparkın 100 faizi deməkdir.

«Svobodnaya pressa» portalı yazır ki, hazırda Rusiyanın digər regionlarında sürücülərin aksiyası səngimiş kimi görünür, ancaq Dağıstanda etirazlar getdikcə qızışır. Dağıstanlı sürücülər axıra qədər dayanmaq əzmində olduqlarını bildirirlər və baş nazir Dmitri Medvedyevlə görüş tələb edirlər. Bildirilir ki, Azərbaycandan olan TIR-lar «Rosqvardiya»nın və Yol Patrul Xidmətinin müşaiyəti ilə məhdud sayda yola çıxsa da onlara hücumlar barədə hər gen sosial şəbəkələrdə yeni videoroliklər, xəbərlər yayılır. Son məlumatlardn birinə görə Stavrapoldan taxıl gətirən maşının sürücüsünü məcbur ediblər ki, yükü birbaşa yolun ortasına boşaltsın. Həmin sürücünün hansı ölkə vətəndaşı olduğu haqda məlumat yoxdur.

Məlumatlara görə Dağıstan nömrə nişanlı maşınlar Rostov vilayətində, Stavrapol diyarında da yol kənarlarına çəkilərək tətildə iştirak edirlər. Habelə Şimali Osetiyada, Qaraçay-Çərkəzdə, İnquşetiyada TIR sürücülərinin aksiyaları başlayıb. İnquşetiyada federal «Qafqaz» trası boyu yük maşınları düzülüb.

Ekspert, siyasi sosiologiya İnstitutunun rəhbəri Vyaçeslav Smirnov deyir ki, TIR sürücüləri büdcədən asılı olmayan, eyni zamanda birbaşa real iqtisadiyyatla işləyən və bu sahədə baş verən dəyişiklikləri birbaşa öz ciblərində hiss edən təbəqədir. Onların hazırda keçirdikləri aksiyalar iqtisadi xarakter daşıyır, sürücülər hakimiyyətlə alverə gedib federal yollardan istifadəyə görə haqqın azaldılmasına nail olmaq istəyirlər. Lakin istisna deyil ki, hakimiyyət onların tələblərini eşitməsə, yaxud qan tökülməsi ilə nəticələnən hansısa toqquşma baş versə aksiyalar siyasi xarakter alacaq. «Digər tərəfdən gərginlik büdcədən daha az asılı olan digər sosial qrupları da əhatə edə bilər. Bu, daha çox yarıkriminal məşğulluq sahələridir, ancaq onlar real iqtisadiyyata daha yaxındır», - ekspert deyir.

Rusiya İctimai Palatasının üzvü, ekspert Yekatrina Kurbanqalayeva da deyir ki, bir çox sosial qruplarda və regionlarda da etiraz potensialı yetişib. Lakin bu etirazçı hval-ruhiyyənin aktuallaşması üçün Dağıstanda olduğu kimi kritik kütlə lazımdır. «Dağıstanda uzaq yol sürücüləri çox qətiyyətli görünür. Onlardan bu regionda lap çoxdur-məşğulluq sahəsində vəziyyətin yaxşı olmadığı depressiv regionda yükdaşımalar əsas qazanc mənbələrindən biridir. Mənə elə gəlir ki, federal hakimiyyət hələlik baş verənlərə məhəl qoymaq istəmir. Ya respublika hakimiyyətinin öhdəsinə buraxıblar ki, özünüz nizamlayın, ya da gözləyirlər ki, sürücülər tətil etməkdən bezib aksiyaya son verəcəklər», - ekspert deyir.

 





10.04.2017    çap et  çap et