Təşkilat iddia edir ki, nəticədə qaçqın və miqrantlar insan qaçaqçılarının əlinə keçir.Ən pis rəftar halları isə Serbiya və Makedoniyada baş verib. Aralarında uşaqlar da olan bir qrupu gecənin şaxtasında Bolqarıstan sərhədində saxlayıblar. Sonra da onlara deyiblər ki, Serbiyadakı qaçqın mərkəzinə aparılırlar. «Oxfam» tədqiqatçıları miqrantlardan eşidiblər ki, xorvat polisi onları lüt soyunmağa və Serbiya sərhədi boyunca geri qayıtmağa məcbur edib. Bir dəstə sərhədçi isə onların dalınca gedərək dəyənəklə döyüb. Bəzilərinin üstünə it buraxıblar.
İddialara görə, Macarıstan rəsmiləri miqrantları soyunmağa və qarın üstündə oturmağa məcbur edib, üstlərinə su töküb. Bolqarıstan polisi isə miqrantların üstündə axtarış aparmaqda, hər şeylərini, hətta ayaqqabılarını belə almaqda, sonra onları sərhəddən qaytarmaqda günahlandırılır.
Hesabatda vurğulanır ki, Qərbi Balkan ölkələri marşrutu boyunca qaçqın və miqrantlarla «narahatlıq yaradan» pis davranış aşkarlanıb. Bu iddialar daha çox Serbiya, Macarıstan, Xorvatiya, Bolqarıstan və Makedoniya sərhədçilərinə qarşı səslənir.
Isaaq adlı bir əfqanın danışdıqları tükürpərdicidir. «The Independent» qəzeti onun sitatını dərc edib. «Bolqar polisi bizimlə o qədər qəddarcasına davranırdı ki, bunu ömrümüz boyu unutmarıq –təkcə mən deyil, qardaşlarım da Bolqarıstanda qəddarlıq gördü. Lap əndazəni aşırdılar. Bizi qəfəsə saldılar və üç gün yemək vermədilər. Bizi vəhşicəsinə döyürdülər, hətta elektroşok verirdilər», – əfqan söyləyib.
Aarif adlı əfqan isə Xorvatiyaya daxil olarkən yaşadıqlarını nəql edir: «Sərhəddə bizi polis tutdu və bir maşına basaraq kondisioneri işə saldı. Çox soyuq idi. Sonra yorğanları, gödəkcələrimizi çıxararaq bizi Serbiya sərhədində buraxdılar. Mobil telefonlarımızı, pulumuzu almışdılar, bizi o qədər döymüşdülər ki, ayağa qalxa bilmirdik».
«Oxfam»ın Cənub Şərqi Avropa üzrə müşaviri Ruth Tanner deyir ki, bu əhvalatlar adamları insan qaçaqçılarının əlinə salır. Onlar sığınacaqdan ötrü hüquqi yollara əl atmaqdansa, insan alverçilərinə üz tuturlar.
«Təhlükəli oyun» adlı hesabat hazırlanarkən 140 nəfərdən müsahibə alınıb və hamısı da sığınacaq prosedurlarına baş vurmaq yolunda rəsmilərin pis rəftarıyla qarşılaşdığını bildirib.Müsahiblərin çoxu Əfqanıstandan imiş. Qalanları Pakistan, Suriya, İraq, İran, Misir və Livandan gəliblər.Həmin 140 nəfərdən 75-i Macarıstan və Serbiyadan çıxarılıb. Bəzilərini müxtəlif ölkələr bir neçə dəfə geri qaytarıb. Miqrantlar və qaçqınlar davamlı olaraq, qeyri-rəsmi və məqsədli şəkildə regionda bir ərazidən digərinə qovulurlar. Hesabat BMT-nin Qaçqınlar üzrə Agentliyinin (UNCHR) bu barədə tapıntılarını dəstəkləyir.
«Oxfam» Serbiya, Makedoniya, Xorvatiya, Macarıstan və Bolqarıstan hökumətlərini insan haqları pozuntularına dərhal son qoymağa, miqrant və qaçqınlara qarşı cinayətlərə yol vermiş şəxslərlə bağlı təcili tədbirlər görməyə çağırır.