Vaxt.Az

«Valyuta ehtiyatlarımız xarici borcdan 5 dəfə çoxdur»


 

Prezident «süni qiymət artımına yol verilməməlidir» dedi

«Valyuta ehtiyatlarımız xarici borcdan 5 dəfə çoxdur» «Bu ilin ilk 3 ayı ərzində qeyri-neft sektorunda 2,4 faiz artım olub, qeyri-neft sənayesində isə artım 2 faiz səviyyəsindədir. Kənd təsərrüfatı 3,5 faiz, bitkiçilik 20 faizdən çox artıb». Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında belə deyib.

Dövlət başçısı deyib ki, bu ilin birinci rübündə valyuta ehtiyatlarımız 1 milyard dollar artıb: «Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollar təşkil edir. Bu, önəmli bir məsələdir. Bu ilin ilk 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracımız 10 faiz artıb. İdxal isə 17 faiz azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir. Ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir. Bu göstəricilər iqtisadi inkişafımızı aydın əks etdirir. Gələcəkdə də iqtisadi potensialımızı gücləndirəcəyik».

Prezident bildirib ki, bu ilin birinci rübündə 85 min yeni iş yeri yaradılıb: «Yeni iş yerlərinin yaradılması tək dövlət deyil, özəl sektorda da davam edir. Özəl sektorda 40 mindən çox yeni iş yeri yaradılıb. Bu, iqtisadi inkişafın təzahürüdür».

İlham Əliyevin sözlərinə görə, Azərbaycanın valyuta ehtiyatları xarici borcundan 5 dəfə çoxdur. Makroiqtisadi sabitliyin möhkəmləndirilməsinin önəmli məsələlərdən biri adlandıran Prezident İlham Əliyev vurğulayıb ki, ölkədə süni qiymət artımına yol verilməməlidir.

Prezident diqqətə çatdırıb ki, bu il inşaat sektorunda canlanma müşahidə edilir. Bu isə ötən il görülən işlərin, qəbul edilən qərarların nəticəsidir: «Bakıda 300-dən çox hündür mərtəbəli bina tikilir və minlərlə yeni iş yerləri yaradılır. Paytaxtımızın müxtəlif yerlərində müddəti keçmiş, yararsız vəziyyətdə olan binalar sökülür. Həmin binalarda yaşayan vətəndaşlara ya kompensasiyalar ödənilir, ya da kirayə pulu verilir. Birinci belə pilot layihə Sabunçu rayonunda icra edildi".

Bu prosesin artıq geniş vüsət aldığını, mikrorayonlarla bağlı da layihənin icra ediləcəyini deyən Prezident İlham Əliyev binaların birinci mərtəbələrində uşaq bağçalarının inşa edilməsini tapşırıb və bu yolla da uşaq bağçası probleminin həll ediləcəyini bildirib. (APA və «Report»un məlumatları əsasında)

 





10.04.2017    çap et  çap et