Vaxt.Az

«Ermənistan Rusiyanı özünə «patron» seçib»


 

Politoloq Rasim Musabəyov prezidentlərinin Vyana görüşünü təhlil etdi

«Ermənistan Rusiyanı özünə «patron» seçib» Bu axşam ANS TV-də «Xəbərçi»nin qonağı olan millət vəkili, politoloq Rasim Musabəyov Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü təhlil edib. Politoloq hesab edir ki, bu görüş əslində yenidən danışıqlar raundunun bərpa olunmasıdır.
«Göründüyü kimi, danışıqlar bərpa olunur. İki il idi ki, heç bir danışıq yox idi. Söhbət ancaq ondan getmir ki, prezidentlər görüşüb. Son dəfə keçən ilin yanvarında Soçidə Medvedyev prezident seçiləndə görüşmüşdülər. Heç o görüş də bir nəticə verməmişdi. Neçə müddət idi, nəinki görüşlər yox idi, həmçinin gərginlik var idi və bu gərginlik artırdı. Bu görüş əslində yenidən danışıqlar raundunun bərpa olunması deməkdir. Keçmişə qayıtsaq görürük ki, neçə illərin danışıqları heç bir nəticə verməyib, indi də bu barədə düşünmək düzgün olmazdı. Müharibə yoxdusa, məsələnin sülh yolu ilə həll olunmasından tam imtina etməmişiksə, görüşüb danışmaq lazımdır. Kiminlə danışacaqsan? Hər nə qədər bizim S.Sərkisyandan xoşumuz gəlməsə də, bizim onunla bağlı ümidlərimiz olmasa belə, reallıq ondan ibarətdir ki, Ermənistanın prezidenti yaxın 5 il ərzində S.Sərkisyandır və bu məsələni sülhlə həll etməyə zərurət olduğunu düşünürüksə, görüşlər vacibdir». 
Politoloq bildirir ki, Rusiya prezidentinin gələcəkdə Ermənistana gözlənilən səfərlərindən heç bir nəticə gözləmək olmaz: «Rusiya prezidentinin Ermənistan səfərindən heç bir nəticə gözləmək olmaz. Ermənistan bu gün Rusiyanı özünə «patron» seçib, böyük seçib. Onun dediyi ilə oturub durmağa məcburdur. Çünki Putin gedib Ermənistan rəhbərliyinə istiqamət verəcək. Ancaq hər bir halda biz bu məsələdə Ermənistan rəhbərliyi ilə danışıqlar aparmalıyıq».
 





19.11.2013    çap et  çap et