Vaxt.Az

Çəkməçi ilə siyasi söhbət


 

Usta Elman: “İndiki ayaqqabılar elə indiki insanlara bənzəyir, tez aldanır, tez sıradan çıxır”

Çəkməçi ilə siyasi söhbət Sənət qədimdir, sənətkarlar isə olduqca maraqlı insanlar olur. Belə sənətkarlardan biri də Təfəkkür Universiteti yaxınlığında kirayələdiyi kiçik dükanında ayaqqabı təmiri ilə məşğul olan Elman Əhmədovdur. Elman dayı ilə çəkməçiliyin sirləri ilə yanaşı, gündəmdə olan hadisələrdən danışdıq. Balaca, mətbəx qədər kiçik yerdə özünə məskən salan usta təmirin çətinliyindən şikayətçi deyil. 25 ildir çəkməçiliklə məşğul olduğunu, vaxtilə ayaqqabı da tikdiyini deyir: “Əvvəllər zavodda dərzi işləyir, ayaqqabı da tikirdim. Sovet hökuməti dağıldıqdan sonra zavodlar bağlandı. Mən də o gün bu gündür ki, müxtəlif yerlərdə dükan kirayələyib ayaqqabı təmiri ilə məşğul oluram. Ayaqqabı tikməyi ona görə atdım ki, onun əziyyəti çox, gəliri isə azdır. Ayaqqabı tikməkdən ustaya bir manat qala, ya yox. Ataların misalı var, ”düz düzdə qalar". Mən hər zaman dürüst yaşamağa çalışmışam. Əgər bir sənətdə işləyirsənsə, o sənətə dürüst yanaşmalısan. İndiki yaşayışla gərək günə minimum 20-30 manat qazancın olsun ki, normal yaşayıram deyə biləsən. İndiki ayaqqabılar elə indiki insanlara bənzəyir. Onlar da tez aldanır, tez sıradan çıxırlar".
Həmsöhbətimizin dediyinə görə, ona bu sənət atasından keçib. Ancaq indi ailəsində ondan başqa bu sənətlə məşğul olan yoxdur. O, bu yaxınlarda başına maraqlı əhvalat gəldiyini dedi: “Bir tələbə yanıma gəldi ki, mən də bu sənəti öyrənmək istəyirəm. Olduqca həvəsli idi. Həmin oğlan arada bir gəldi, sonra gəlmədi. Bu sənətdə istənilən səviyyədə gəlir olmadığı üçün gənclər buna maraq göstərmir”.
Elman usta sənətinə vurğun olduğunu bildirdi: “Bu sənət olduqca maraqlıdır. Hər tipdə olan insanlarla rastlaşırıq. Bizim işimiz həmin insanı yola verə bilmək bacarığıdır. Eləsi olur ki, ayaqqabısını təmirə verir, pulunu isə işi qurtarandan sonra verəcəyini desə də, sonradan iddia edir ki, mən sənin pulunu vermişəm. Bu cür insanlarla nə edə bilərəm? Heç nə demədən deyirəm götür get”.
Çəkməki balaca dükanında iki polka asıb. Birinci polkaya təmir haqqı öncədən verilən ayaqqabıları, ikincisinə isə zəhmət haqqı verilməmiş ayaqqabıları düzür. Usta ayaqqabını təmirə götürəndə onun hansı vəziyyətdə cırıldığını bilir. Dəri ayaqqabını əsasən iyindən tanıyır: “İndiki satıcılar ayaqqabının dəri olub olmadığını yandırmaqla guya sübut edirlər. Ancaq fikir versək görərik ki, onlar yanacağı çoxda dəriyə yaxın tutmur və ya tez söndürürlər. Belə etməsələr dəri olmayan ayaqqabı yana bilər. Dəri olmayan ayaqqabılar sağlamlığa çox ziyandır”.
Ölkə gündəmindəki hadisələrə çox vaxt mütəxəssislərdən rəy alırıq. Bəs görəsən, çəkməçi Elman dayı nə düşünür?
Həmsöhbətimiz Azərbaycan kanallarını seyr etmədiyini, arada bir türk kanallarına baxdığını deyir: “Televiziya başdan-ayağa yalandır. SSRİ vaxtında belə bir deyim var idi: deyirdilər ki, axşam xəbərlərə bax saatını düzəlt, səhər qəzetə bax, ayın tarixini öyrən. Qalan hamısı yalandır. Mən də o prinsiplə yaşayan insanam”.
Elman dayı ömründə cəmi bir dəfə səsvermədə iştirak edib. Onda da Əbülfəz Elçibəyə səs verdiyini deyən usta o gün bu gündür ki, seçkilərdə iştirak etmədiyini deyir: “Hər bir insanın yaşadığı həyat özü bir tarixdir. Kimin qələmi keçirsə, demək ki, tarix onundur”.
Söhbətimizin sonunda ruzisini, rahatçılığını, yaradıcılığını da çəkməçilikdə görən Elman Əhmədov səhər işə gəlib “bu nə güzərandı, yaşayırıq” deyən kateqoriyadan olmadığını anladıq. Bu kiçik budka da onun bütün həyatıdır. Hər nə qədər kiçik olsa da...
 





07.02.2013    çap et  çap et