Vaxt.Az

Moskvaya siqnal


 

«Nazarbayev Qazaxıstanı türk dünyasına aparır»

Moskvaya siqnal Qazaxıstan 2025-ci ildən tam şəkildə latın əlifbasına keçəcək. Bu barədə əhaliyə prezident Nursultan Nazarbayev məlumat verib. Ekspertlətin fikrincə, bu, ölkənin türk dünyasına daha sıx şəkildə girməyinə şərait yaradacaq. Amma əhali ehtiyat edir ki, linqvistik yenilik rus dilinin işləkliyini daraldacaq və etnik rusların Qazaxıstandan kütləvi şəkildə gedişinə səbəb olacaq.

Politoloq Sultanbek Sultanqaliyev Qazaxıstanın Sputnik radiosuna deyib: «Latın əlifbasına keçidin qaçılmaz nəticəsi rusdilli əhalidə köç əhvali-ruhiyyəsinin güclənməsi və artıq cari ildə ölkədən mühacirətin artımı olacaq. Rusdilli əhalidən həqiqətən də kürəsəl dil islahatına qarşı hansısa fəal müqavimət gözləmyinə dəyməz. Getmək onlar üçün daha asandır ki, bunu da edəcəklər. Qalanı isə köhnə problemlərlə və latın əlifbasıyla qalacaq».  

O, hesab edir ki, qazax əlifbasının latın əlifbasına keçməyinin əsil səbəbləri xarici siyasət müstəvisində qərarlaşıb. Sultanqaliyev sanır: «Əlifbanın dəyişilməyi çoxyönlü siyasətimizin dinamika və xarakterinə heç cür təsir etməyəcək. Ölkələri əlifbalar deyil, ümumi maraqlar yaxınlaşdırır. Amma bunu da istisna etmək olmaz ki, prezidentin addımı həm Moskva, həm də Qərbə siqnaldır. Bu, Rusiya üçün ona işarədir ki, ümumi iqtisadi maraqlara dair məsələlərdə daha güzəştli olsun, Qərb üçün isə Rusiya-ABŞ münasibətlərinin korlanması fonunda loyallıq və müstəqil mövqeyin nümayişidir».

Rusiya Milli Strategiya İnstitutu beynəlxalq proqramlar direktoru Yuri Solozobov qarşıdakı islahatın plyus və minuslarını dəyərləndirib. Ekspert güman edir ki, beynəlxalq ünsiyyət Qazaxıstan üçün asanlaşacaq. Solozobov «NG»-yə deyib: «Latın əlifbasına keçid Qazaxıstan üçün türk dünyasına daha sıx girişi, türk layihəsinə qatılmağı ifadə edir». Lakin bunun minus da var – ölkənin geopolitik seçimi zamanboyu dəyişiləcək. «Latın əlifbasına keçidin nəticələri 10-15 il ərzində, artıq siyasətçilərin yeni nəsli dönəmində bəlirlənə bilər. Hazırda Nazarbayev hakimiyyətdə ikən Rusiyadan kənara kəskin hərəkət olmayacaq. Bizim Avrasiya İttifaqımız var. Amma bu, Moskvaya siqnaldır».

Yuri Solozobovun fikrincə, Rusiya media tədbirləri və dərs vəsaitlərinin paylanması ilə kifayətlənməməli, dil imperializminin ciddi siyasətini yürütməlidir. Ekspert hesab edir: «Mədəni məkan ümumiliyi MDB-nin bütün ölkələrini bağlayan energetika, müdafiə məkanı ilə yanaşı üç sütundan biri idi. Bu blokun aşınmaya məruz qaldığı haqda çox ciddi siqnaldır. Xof üçün deyil, düşünmək və qərar qəbul etmək üçün bəhanədir».

Yuri Solozobov minusları sadalayarkən kirildə yazılmış texniki sənədlərin əksəriyyətinin itirildiyi Azərbaycanın təcrübəsini misal gətirir. Özbəkistanda latın əlifbasına keçidin olduqca mürəkkəb və sürəkli prosesi baş verir. Orada sənədlərin əksəriyyəti indiyədək kirillə köçürülür, çünki yaşlı nəsil yeni əlifbaya çətinliklə uyğunlaşır. Ancaq bunda heç bir faciə yoxdur. Belə bir anlayış var – materialın müqaviməti. Onu nəzərə almaq hələ qarşıdadır.

Latın əlifbasına keçid imkanı Qazaxıstanda çoxdan müzakirə olunur. Nursultan Nazarbayevin qeyd etdiyi kimi, ölkə müstəqillik qazanan kimi bu ideya meydana çıxıb. Həm də Qazaxıstanın 2050-ci ilədək inkişaf strategiyasında ölkənin 2025-ci ilə doğru kirildən latın əlifbasına keçəcəyi rəsmən elan olunub. Budur, Nursultan Nazarbayev «Egemen Kazaxıstan» qəzetində dərc olunmuş proqram məqaləsində bunun necə baş verəcəyindən danışıb. Yəni alimlər 2017-ci ilin axırına kimi yeni qazax əlifbasının vahid standartını işləyib hazırlamalı və təqdim etməlidirlər. 2018-ci ildə mütəxəssislər hazırlamaq və latın əlifbasında dərsliklər işləmək lazımdır. Onun fikrincə, gənc nəsil üçün kirildən latın əlifbasına keçid problem olmayacaq. Çünki uşaqlar məktəbdə ingilis dilini öyrənirlər. Yaşlı nəsil üçün hələ bir müddət paralel olaraq kirildən istifadə olunacaq. Bu, Qazaxıstana ilkin mərhələdə ildə 300 milyon dollara başa gələcək.

Respublika hökumətindəki qaynaq «NG»-yə deyib: «Hələlik yeni məlumatlar yoxdur».

Əlifba islahatı haqda açıqlama sosial şəbəkələrdə böyük əks-səda doğurub. Bəzi istifadəçilər hesab edirlər ki, bu pulları təhsilə yönəltmək daha yaxşıdır. Bəziləri qaynağa qayıtmaq və runi əlifbaya keçməyi təklif ediblər. Çoxları xəbər verib ki, latın əlifbasına sürətli keçid adamları yalnız Qazaxıstandan köçüb getməyə təhrik edir. İqtisadi çətinliklər və tarixi vətənə dönməyin adi istəkləri də öz rolunu oynayır. Lakin əsas səbəb kimi rus dilinin sıxışdırıldığını misal gətirirlər. Amma prezidentin özü Qazaxıstanda üçdilliliyin - qazax, rus və ingilis dillərinin tətbiq edildiyini bildirərək bu fikri təkzib edir. Nursultan Nazarbayev latın əlifbasına keçidi siyasətlə bağlamamağı təklif edir. Nazarbayev hesab edir ki, bunun öz məntiqi var. Onun fikrincə, bu, XXI əsrdə müasir texnologiya və kommunikasiyaların, elmi və təhsil proseslərinin tətbiqi ilə bağlıdır.

 





13.04.2017    çap et  çap et