Vaxt.Az

«Tamerlan Qarayevə tapşırıq verdim, o isə...»


 

Ayaz Mütəllibov 20 noyabr vertolyot qəzasından danışdı: «Mənə bu cinayəti açmağa imkan vermədilər»

«Tamerlan Qarayevə tapşırıq verdim, o isə...» Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov 22 il əvvəl Qarabağ səmasında ermənilər tərəfindən vurulmuş vertolyotda həlak olanların xatirəsini bu gün yad edib. İlk dəfədir ki, A.Mütəllibov bu terror aktında həyatını itirən komanda yoldaşlarının - dövlət katibi Tofiq İsmayılovun, nazirlərin xatirəsini yad etmək imkanı qazanıb. Faciədən 22 il keçsə də içərisində Azərbaycanın dövlət xadimlərinin olduğu vertolyotun vurulması ilə bağlı müəmmalar hələ də qalmaqdadır. A.Mütəllibov bu hadisə ilə bağlı fikirlərini virtualaz.org saytının əməkdaşı ilə bölüşüb.
- Qarakənd faciəsindən 22 il keçdi. Bu terror aktı nəticəsində sizin komandanızın praktiki olaraq bütün üzvləri həlak oldu. Əsas sualdan başlayaq: bu, kimə sərfəli idi?
- Bu, Azərbaycan ərazisində 90-cı illərin əvvəllərində həyata keçirilmiş ən irimiqyaslı terror aktı idi. Nəticədə mən demək olar ki, bütün komandamı itirdim və əlbəttə ki, dövlət başçısı kimi bu, mənə böyük zərbə oldu. 1991-ci il müstəsna il idi. Biz həmin il uğurlu «Həlqə» əməliyyatı keçirmişdik, ermənilərin Dağlıq Qarabağda və ona bitişik Azərbaycan rayonlarında sıx yaşadıqları ərazilərdə qanunsuz silahlı birləşmələri tərksilah etmişdik. Bu, birinci versiyadır. Lakin ikinci, geosiyasi versiya da var. Azərbaycan zəngin resurslara malik mühüm ölkədir və mümkündür ki, hansısa qüvvələrə burada vəziyyəti nəzarətdən çıxarmaq lazım idi. İstənilən halda bu, mənə və dövlətə qarşı yönəlmiş əsl terror aktı oldu.
- Dağlıq Qarabağa yola düşməzdən əvvəl onlar sizdən icazə almışdılar?
- Tofiq Kazımoviç İsmayılov onda dövlət katibi idi və Ağdamda regional müşavirə keçirməyi planlaşdırırdı. Faciəyə bir gün qalmış MDB-nin Kiyev sammitindən qayıtmışdım. Protokola görə, aeroportda məni rəsmi şəxslər, o cümlədən Tofiq İsmayılov qarşıladı. O, mənə dedi ki, noyabrın 20-də Ağdamda ətraf rayonların icra başçılarının iştirakı ilə müşavirə keçirməlidir. O, bu müşavirədən sonra münaqişə zonası üzərindən vertolyotla uçmağı planlaşdırırdı. Lakin mən buna qətiyyən icazə vermədim. Başa düşürdüm ki, bu necə təhlükəlidir. Biz razılaşdıq ki, o, Ağdama yola düşsün, orada müşavirə keçirsin və qayıtsın. Bu zaman ona dedim ki, həmin gün axşam mənim də müşavirəm var və axşama hökmən Bakıya dönməlidir. Bundan sonra biz ayrıldıq. Sonra eşitdim ki, Ağdamdakı müşavirədə hansısa mübahisə yaranıb və onlar həmin mübahisənin səbəblərini yerində aydınlaşdırmaq üçün vertolyota oturub və ora gediblər. Və həmin Qarakənd üzərində bu faciə baş verib.
- Belə versiya irəli sürülürdü ki, bu faciədə keçmiş səhra komandiri «Qatır Məmməd» də günahkardır. Hansı ki, Xalq Cəbhəsinin hakimiyyəti dövründə onu həbs etdilər və həbsxanada müəmmalı şəraitdə öldü. Siz bu barədə nə deyərdiniz?
- Bəli, mən də bu barədə eşitmişəm, lakin onun günahını təsdiq edə biləcək faktım yoxdur. Bununla belə bilirəm ki, o, yerli özünümüdafiə dəstəsinə rəhbərlik edirdi, Xalq Cəbhəsinin üzvü idi. Üstəlik həmin vaxt mənə bu cinayət işini sona çatdırmağa imkan vermədilər.
- Bu faktın araşdırılmasını o zaman siz Tamerlan Qarayevə həvalə etmişdiniz. Niyə?
- Mən bu cinayətin araşdırılmasını ona həvalə etməmişəm. Sadəcə olaraq xahiş etmişəm ki, ağdamlı kimi bu işin araşdırılmasında Dövlət Komissiyasına yardım etsin. Bundan əlavə, komissiyada hökumətin, Müdafiə və Daxili İşlər nazirliklərinin nümayəndələri yer alırdı. Həmçinin mən Qarabağ hərbi dairəsi yaratdım və onun rəhbərliyinə Tahir Əliyevi təyin etdim. Tamerlan Qarayevə isə tapşırdım ki, ona kömək etsin. Qarayev isə oradan komissiyanın işi ilə bağlı mənə hansısa teleqramlar göndərirdi. Təəssüf ki, o vaxt bir çox məmurların iş üslubu belə idi.
- Vertolyotun «qara qutusu» niyə Bakıda saxlanılmadı və Moskvaya göndərildi?
- Ona görə ki, Azərbaycanda «qara qutu»nu oxumaq üçün aparat yox idi. Biz onu Moskvaya göndərdik, ancaq oradan bildirdilər ki, «qara qutu» çox zədələnib və onu oxumaq mümkün deyil. Bir sözlə, bu işdə çox suallar var və cavablarını istintaq verməlidir. Mən isə bu istintaqı yekunlaşdıra bilmədim.
- Bu faciəyə ay yarım qalmış Məhəmməd Əsədovu daxili işlər naziri vəzifəsindən kənarlaşdırmışdınız. Bunun səbəbi nə idi?
- Birincisi, mən onu kənarlaşdırmamışdım, əksinə, özümə yaxınlaşdırmışdım. (Məhəmməd Əsədov dövlət müşaviri təyin edilmişdi - red.). İkincisi, mənim onunla bağlı böyük planlarım vardı, təəssüf ki, bunlar reallaşmamış qaldı.
- Faciədən sonra müdafiə naziri Valeh Bərşadlını da işdən azad etdiniz...
- Mən onu işdən azad etmədim, özü istefa verdi. Azərbaycan dilini bilmədiyi üçün onu sadəcə olaraq ələ salırdılar. Bərşadlı kadr zabiti idi, Rusiyada və Almaniyada xidmət etmişdi. Ancaq bizim cəbhəçilər - müxalifətçilər onu ələ salırdılar. Həmin demokratik özbaşınalıq şəraitində hadisələr belə cərəyan edirdi.
- Bu faciənin qarşısını ala bilərdinizmi?
- Əgər mənə imkan versəydilər, çox şeyin qarşısını ala bilərdim. Mən onda Qarabağ probleminin həllinə yaxın idim, lakin buna imkan vermədilər və mənə təzyiq göstərdilər. Ancaq mən vəzifədən yapışmadım, çünki mənim postum bir vətəndaşın belə həyatına dəyməzdi.
 





21.11.2013    çap et  çap et