Vaxt.Az

«Pul içəri çatıb, «vor» aləmindədir»


 

Bakıda qadın aldatdığı şəxsləri elə qorxudub ki...

«Pul içəri çatıb, «vor» aləmindədir» Bakıda qadın bir neçə nəfərə qarşı dələduzluq edib. Zərərçəkmişlərin dediyinə görə, özünü MTN polkovniki kimi təqdim edən qadının hətta kriminal aləmlə də yaxınlığı olub. Hazırda həbsdə olan Aygün Akimovanın pul aldığı şəxslərə bu yolla hədə-qorxu gəldiyi iddia edilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan Aygün Akimova ilə birlikdə İlham Baxışov da həbs edilib. 

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində ilk olaraq ittiham aktı elan edilib.

İttihama görə, Aygün Akimovanın dələduzluq əməllərinin qurbanı olan 6 nəfər var. Onlardan ən çox zərərçəkəni isə Afət Hüseynovadır. İttiham aktında yazılır ki, Aygün Akimova mağaza sahibi olan Afət Hüseynova ilə yaxın münasibət qurduqdan sonra ona qarşı dələduzluq edib.

«Akimova yaxın münasibətləri yarandıqdan sonra özünü MTN polkovniki kimi təqdim edərək Afət Hüseynovaya təzyiqlər göstərərək mağazasını satdırıb. Mağaza 2015-ci ildə 1 milyon 750 min manata satılıb. Həmin pulun bir hissəsi Afət Hüseynovanın həyat yoldaşına qalıb. Qalan pulun 386 minini Akimova yeni iş qurmaq üçün Hüseynovadan alıb. Ancaq şərikli iş alınmayıb. Akimova bundan əlavə Hüseynovadan 170 min manat alaraq ona MTN əməkdaşlarının yaşadığı binadan ev verəcəyini vəd edib. O, bu vədinə də əməl etməyib. Bundan başqa, o, Hüseynovanın 55 min manat dəyərində avtomobilini ələ keçirib. Son olaraq isə Akimova Hüseynovanın satılan mağazasından qalan 180 min manatlıq geyim əşyalarını ələ keçirib», - deyə ittiham aktında yazılır.

Digər zərərçəkmiş Sona Əliyeva isə Aygün Akimovaya 5 min manat verib. Bunun qarşılığında isə Akimova Sona Əliyevanı Azərbaycan Beynəlxalq Universitetinə qəbul etdirəcəkmiş.

Başqa bir zərərçəkmiş isə Kamil Abbasovdur. O, anadangəlmə xəstə olan qardaşına təqaüd düzəltməsi üçün Akimovaya 2400 manat verib.

Akimovanın əməllərindən digər zərərçəkmiş Natəvan Şahverdiyevadır. Şahverdiyeva Binəqədidə qaçqınlar üçün tikilən binadan ucuz ev almaq üçün Akimovaya 35 min manat verib.

Aygün Akimovanın dələduzluq əməllərinin qurbanları sırasında qulluqçusu işləmiş Rita Həsənzadə də var. İttiham aktında yazılır ki, Rita Həsənzadə 2012-ci ildə yanında qulluqçu işlədiyi Akimovaya borc olaraq 28 min 500 dollar verib. Akimova qulluqçusuna ərinin tikinti şirkətinin olduğunu, həmin məbləğin fəhlələrin maaşının verilməsi üçün lazım olduğunu və qısa müddətdə qaytaracağını deyib. Amma həmin pul geri qaytarılmayıb.

Akimovanın əməllərinin qurbanı olan sonuncu şəxs isə Elçin Axundzadədir. Elçin Axundzadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Masallı rayon şöbəsinin müdiri vəzifəsinə işə düzəlmək üçün 39 min dollarından keçib. Digər işlərdə olduğu kimi, Akimova bu vədinə də əməl etməyib.

Akimova ilə birlikdə həbs edilən İlham Baxışovun adı yalnız bu epizodda keçib. Belə ki, Akimova Axundzadədən aldığı pulu geri qaytara bilməyəndə yeni tikilən yaşayış binalarından birində olan mənzilini banka girov qoymaq istəyib. Amma evin çıxarışı olmadığından əvvəlcə sənəd işlərinin həll edilməsi üçün İlham Baxışova müraciət edilib. İlham Baxışov evə çıxarış almaq üçün 3500 manat istəyib. Bu məbləği də Elçin Axundzadə ödəyib. Amma çıxarış məsələsi alınmadığından Axundzadə ikinci dəfə ziyana düşüb. İlham Baxışov aldığı pulun 3000 min manatını geri qaytarıb, amma sahibinə yox, Akimovaya. Pulunu geri ala bilməyən Axundzadə İlham Baxışovdan da şikayətçi olub. Məhkəmədə məlum olub ki, İlham Baxışov Elçin Axundzadəyə dəymiş zərəri ödəyib.

Qeyd edək ki, Aygün Akimova Cinayət məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda olduqda) və 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinir.

Məhkəmə prosesində ittiham aktı elan edildikdən sonra Aygün Akimovadan özünü təqsirli bilib-bilməməsi soruşulub.

Akimova isə heç bir epizod üzrə özünü təqsirli bilmədiyini və bir-birlərini tanıyan şəxslər tərəfindən şərləndiyini iddia edib.

İlham Baxışov isə özünü qismən təqsirli bilib və əməlindən peşman olduğunu söyləyib.

Məhkəmə prosesinin davamında təqsirləndirilən Aygün Akimova dinlənilib. Özünü günahkar bilməyən Akimova deyib ki, hazırda ondan şikayətçi olan Afət Hüseynova yalan danışır.

«Bunların hamısı ağ yalandır. Mən Afətgilin mağazasına getmişəm. Oradan ilk dəfə 800-900 manatlıq alver elədim. Satıcılar başımıza dolanırdı. Onlar bizi yaxşı müştəri kimi qeyd edib, mobil nömrəmi götürdülər. Zəng edib yeni mallarının gəldiyini deyirdilər. Mağazaya gedib-gəldikcə Afətlə münasibətimiz yarandı. Bəzən söhbət edəndə o mənə ailə problemlərindən danışırdı, ərindən şikayət edirdi. Mən bilirdim ki, mağaza onun ərinindir. İndi deyir ki, mağaza bunun olub və mənim təzyiqimlə satıb. Mağazanın satılmasından mənim xəbərim olmayıb. Özləri satıblar, deyəsən, əri buna da pay verib. Əskinə, mən ona çox yaxşılıq etmişəm. Ərindən ayrılandan sonra ona evimdə qalmağı təklif etmişəm. Borcları var idi, banklara kredit ödəyirdilər. Afətin içki içdiyini, əxlaqsızlıq etdiyini bilirdim. Ona tapşırdım ki, evimdə qalsın, amma özünü yaxşı aparsın. Mən onun maşınını əlindən almamışam. Banklara olan borclarını ödəmək üçün məndən pul almışdı. Sonra həmin borcu qaytarmaq üçün maşını notariusla mənim adıma keçirdi. Heç onda notariusa mən getməmişdim. Digər zərərçəkmişləri də Afət bir yerə yığıb. İşi planlaşdırıblar. Guya mən bunları MTN adı ilə hədələmişəm», - deyə A.Akimova ifadəsində qeyd edib.

Prokurorun suallarını cavablandıran Akimova onu da deyib ki, heç bir yerdə işləməyib və maddi ehtiyaclarını uşaqlarının atası qarşılayıb.

Akimova daha sonra ondan şikayətçi olan Afət Hüseynovanı növbəti dəfə ittiham edib: «Afət özündən bu işləri düzüb-qoşdu. Ora-bura gic-gic yazmağa başaldı. Alverçi adamdır. Elə alverçilərin axırı da jurnalist olur. Şikayətlərində deyirlər ki, guya mən özümü MTN polkovniki kimi təqdim eləmişəm, «vorzakon»larla oturub-durmuşam. Bunlar özləri «ölmüş» pulları məndə «diriltmək» istəyirlər».

Təqsirləndirilən Akimova ondan şikayətçi olan şəxslərdən yalnız birinə- qulluqçusu olmuş Rita Həsənzadəyə borcunun olduğunu deyir. Amma qeyd edilən məbləğlə razılaşmır: «Ancaq Ritadan 10-11 min manat arası pul almışam. Onu da uşağımın müalicəsi üçün istəmişdim. Guya ərimin tikinti işi üçün almağım, fəhlələrə maaş vermək istəməyimiz yalandır».

Digər təqsirləndirilən İlham Baxışov da məhkəmə sərbəst ifadə verib. O qeyd edib ki, Aygün Akimova ilə yalnız evin sənədləşdirilməsi işini görən zaman tanış olublar.

«Aygünü tanıyandan sonra da Elçin Axundzadəni tanıdım. Çıxarış alandan sonra evi banka qoyub 51 min kredit götürəcəkdilər. Mən də tanış adamlar vasitəsi ilə çıxarış işini həll edəcəkdim. Buna görə Elçindən 3500 aldım. Amma iş alınmadı. Pulun 3 minini qaytardım. Ancaq pul Elçinə çatmayıb. Mənim burada başqa məqsədim olmayıb. İstintaq dövründə qardaşım Elçin Axundzadəyə dəymiş ziyanı ödəyib».

Zərərçəkmiş Elçin Axundzadə də məhkəmədə ifadə verib. O deyib ki, sosial şəbəkə vasitəsi ilə tanıdığı Sabrina Varidaşvili adlı qadına 51 min manat borc verib. Lakin Sabrina söz verdiyi kimi pulu 2 aya qaytarmayıb. Əvəzində isə Sabrina Elçin Axundzadəyə söz verib ki, tanışı Aygün Akimova onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Masallı rayon şöbəsinin müdiri vəzifsinə düzəldəcək. Elçin Axundzadə bu təkliflə razılaşıb. Amma uzun müddət keçsə də nə vəzifəyə qoyulur, nə də pul qaytarılır.

E.Axundzadənin dediyinə görə, sonra onu krimanal aləmə yaxın olan şəxslər görüşə dəvət edib: «Aygünün oğru aləmi ilə əlaqələri var idi. Mənə deyirdi ki, «pul içəri çatıb, «vor» aləmindədir». Hətta mənim üstümə adam da göndərmişdi. Onlarla görüşəndə mənə dedilər ki, «Sən Aygündən pul istəyirsən?». Mən onlara vəziyyəti izah elədim. «Sağ ol» deyib məni yola saldılar».

İfadəsinin davamında Axundzadə deyib ki, Aygün Akimova pulun 10 min manatını Ceyran adlı qadının vasitəsi ilə qaytarıb. 41 min manatı isə istintaq dövründə Sabrina Vardiaşvilinin yaxınları tərəfindən ödənilib.

Amma Elçin Axundzadə Aygün Akimovaya qarşı mülki iddia qaldıraraq qeyd edib ki, Sabrinaya vermək üçün bankdan pulu dollarla götürüb. Dolların indiki kursu ilə banka borcunun olduğunu deyən E.Axundzadə dəymiş zərərin ödənilməsini istəyir.

E.Axundzadə digər təqsirləndirilən İlham Baxışovdan heç bir şikayətinin olmadığını və onun azadlığa buraxılmasını istədiyini söyləyib.

Məhkəmə prosesi digər zərərçəkmişlərin dindirilməsi ilə davam edəcək.

 





16.04.2017    çap et  çap et