Təbrizin millət vəkili Məsud Pezeşkiyan hadisə ilə bağlı başsağlığı mesajı ünvanlayaraq bildirib ki, təbii fəlakətlər məsələsində önləyici tədbirlər almaq, kontrol etmək və hadisəni nəzarətdə saxlamaq olduqca önəmlidir. Ümid edirəm ki, məsullar təbii fəlakətin daha çox ziyan verməsinin qarşısını alacaq və bu barədə ictimaiyyəti məlumatlandıracaqlar. «Bir sel hadisəsinin bu qədər insanın ölümünə səbəb olması ilə razılaşmaq çox çətindir», - deyə millət vəkili vurğulayıb.
Urmiyanın millət vəkili Nadiq Qazipur isə mövzu ilə bağlı parlamentdə çıxış edib. O baş verən hadisəyə görə ölkədə matəm elan olunmadığı üçün öz narazılığını bildirib.
Şəbistərin millət vəkili Məsumə Ağapur da dövlət yetkililərini sərt tənqid edərək onların bölgəyə baxışlarının dəyişməsini tələb edib.
«Ötən il də Şəbistər bölgəsində oxşar təbii fəlakət baş verdi, hadisə nəticəsində çoxları evsiz qaldı, bir çox əkinçi isə müflis oldu. Lakin hadisədən 10 ay keçməsinə baxmayaraq hələ də təbii fəlakətdən zərərçəkənlərə heç bir yardım edilməyib. Keşkə Şərqi Azərbaycan Vilayəti də məsulların gözündə Xuzistan, Xorasan və ya Rəşt kimi olardı. Onlara ən kiçik təbii fəlakət zamanı yetəri qədər yardım edilir və lazımi tədbirlər alınır, lakin Şərqi Azərbaycan sankı bir istisnadır...», - deyə Şəbistərin millət vəkili qeyd edib.
Baş verən hadisəyə görə məsulları tənqid edən deputatlardan biri də Qoşaçayın millət vəkili Cahanbəxş Mohebbi Niyadır. O İran Teleradio Şirkətini sərt tənqid edərək deyib: «Ötən gün hadisə ilə bağlı iki ekspert danışırdı. Onlar elə söhbət edirdi ki, sankı günahkar hadisə nəticəsində həyatını itirənlərdir. Xeyir, bu belə deyil. Əsas məsələ yanlış idarəçilik məsələsidir».
«Ötən yayda Çitçiyanın yanında dedim ki, bölgədəki çayların vəziyyəti heç yaxşı deyil. Əgər müəyyən tədbirlər alınmasa yazda daşqınlarla üzləşəcəyik. Elə dediyim kimi də oldu», - deyə Cahanbəxş Mohebbi Niya əlavə edib.
Urmiyanın millət vəkili Hadi Bahaduri də baş verən təbii fəlakətlə bağlı məsulların fəaliyyətini tənqid edib.
«Təəssüflər olsun ki, bu dəfə də sel Azərbaycanın ürəyini dağladı. Onlarla insan həyatını itirdi, bir neçə nəfər hələ də itkindir. Sel-daşqın suları Urmiya, Sulduz, Azərşəhr, Üşnəviyyə, Əcəbşer və Təbriz şəhərlərini bürüdü, bölgə əhalisinə çoxlu ziyan dəydi. Mən təbii fəlakətdən zərər çəkən bütün ailələrə başsağlığı verir və Böhran Müdiriyyəti Təşkilatından var gücü ilə bölgə əhalisinə yardım etməyi gözləyirəm. Milli Hidrometeorologiya Təşkilatı isə hava şəraitinə dair vaxtında proqnoz verib və hər kəsi məlumatlandırmalı idi. Bu şəkildə itkilərin və dəyən ziyanın həcmini azaltmaq mümkün olardı. Baş verən hadisənin Teleradio Şirkəti və kütləvi informasiya vasitələrində daha geniş şəkildə işıqlandırılmasını gözləyirəm», - deyə millət vəkili yaydığı mətndə qeyd edib.
İran Böhran Mərkəzinin rəisi isə dövlət televiziyasındakı çıxışında yalan açıqlama yayaraq sadəcə şəhər kənarına gəzintiyə çıxanların hadisə nəticəsində öldüyünü bildirib.
Həmçinin İran qəzetlərinin əksəriyyəti hadisə ilə bağlı xəbərləri təhrif etməyə çalışıblar. Onlar bölgəni bürüyən təbii fəlakətlə bağlı xəbərləri «sel gəldi tamaşaçıları apardı», «Seyr etməyə qurban gedənlər» və s. kimi başlıqlar altında yayıblar.