Vaxt.Az

«Vəziyyət tamamilə dəyişib»


 

Əhmədinejad namizədliyini irəli sürməsinin səbəbindən danışıb

«Vəziyyət tamamilə dəyişib» İranın keçmiş prezidenti Mahmud Əhmədinejad aprelin 16-da Amerikanın «Assoşeyted Press» agentliyinə müsahibəsində prezidentliyə namizədliyini irəli sürməsinin səbəbindən danışıb.

Əhmədinejad bildirib ki, o prezidentliyə namizədliyini, öz komandasından olan digər namizəd, Həmid Bəqayiyə dəstək vermək üçün irəli sürüb: «Lakin mən Bəqayiyə dəstəyimin təfərrüatı haqda hələlik məlumat verə bilməyəcəyəm. Bu, şəraitdən, məkandan və zamandan asılıdır».

Prezidentliyə namizədliyini irəli sürməzdən əvvəl İranın dini lideri ilə görüşüb-görüşmədiyi ilə bağlı sualı cavablandırmaqdan imtina edən Əhmədinejad, seçkilərə qatılmayacağı barədə Xamneyiyə verdiyi sözə sadiq qalıb-qalmadığı məsələsinə də toxunub: «Ölkədə vəziyyət və şərait artıq tamamilə dəyişib».

Əhmədinejad, aprelin 12-də Daxili İşlər Nazirliyinə gedərək prezidentliyə namizədliyini qeydiyyatdan keçirib.Əhmədinejadın Xamneyiyə verdiyi sözə baxmayaraq namizədliyini irəli sürməsi, hamı üçün gözlənilməz olub.

Əli Xamneyi 2016-cı il, sentyabrın 26-da tələbələrinə keçdiyi «xaric-fiqh» dərsində Əhmədinejadın növbəti prezidentliyə yenidən namizədliyini irəli sürməsinə müxalif olduğunu bildirmişdi: «Ağalardan birisi (Əhmədinejad) yanıma gəlmişdi. Mən isə bəzi mülahizələrə görə ona dedim ki, yaxşısı budur ki, siz prezident seçkilərinə qatılmayasınız. Mən ona əmr etmədim və demədim ki, namizədliyinizi irəli sürə bilməzsiniz. Sadəcə olaraq dedim ki, mən bunu məsləhət görmürəm. Ona bildirdim ki, ölkənin indiki həssas durumunda sizin namizədliyinizi irəli sürməyiniz, həm sizin, həm də ölkənin ziyanınadır. Çünki bu addım, ölkədə ikiqütblülük yaranmasına gətirib çıxarar. Bu isə ölkəyə ziyandır».

İranda növbəti prezident seçkiləri 2017-ci il, mayın 19-da keçiriləcək.

 





17.04.2017    çap et  çap et