Vaxt.Az
Putinin rəisi Azərbaycan neftindən əlini üzür
KQB generalı Nikolay Tokaryov Bakı-Novorossiysk kəmərini sökür, neft nəqli dayanır...
Rusiyanın «Transneft» şirkəti Bakı-Novorossiysk kəmərinin Azərbaycan sərhədindən Mahaçqalaya qədər olan hissəsini «sökmək» qərarı verib. Rusiyanın işgüzar dairələrindəki mənbələr xəbər verir ki, şirkət Şirvanovka-Mahaçqala neft kəmərinin konservasiyası prosesinə başlayıb. Səbəb gələn ildən Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin nəqlinin dayandırılacağıdır.
«Transneft» bildirir ki, Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin nəqlinə dair danışıqlar aparılmır. Kəmərlə neft nəqlinə dair müqavilənin müddəti gələn ilin fevralında başa çatacaq. Yeni müqavilə isə olmayacaq. Çünki Bakı kəmərlə neft nəqlinin tariflərinin müəyyənləşdirilməsinə dair rəsmi danışıqlara başlamaqdan imtina edib.
«Fevralda müqavilə bitir, yenisi isə yoxdur. Ona görə də biz Şirvanovka-Mahaçqala kəmərinin konservasiyası üçün işlərə başlayırıq» - deyə «Transneft»in rəsmisi İqor Demin bildirib.
O, əlavə edib ki, Azərbaycan tərəfi «Transneft»lə qeyri-rəsmi danışıqlarla kifayətlənib: «Biz təklif etmişik ki, tariflər neft nəqlinin həcmindən asılı olsun. Ancaq Azərbaycan tərəfi nəql oluna biləcək neftin həcmi ilə bağlı hər hansı təklif verməyib».
İ.Deminin sözlərinə görə, kəmərlə ildə 1,8 milyon ton neft nəql edilsə, tranzit tarifləri 1 ton üçün 700 rubl ola bilər. İldə 5 milyon ton neft nəql olunacağı halda 1 tona görə 400 rubl ödəmək təklif olunur. İ.Demin deyib ki, bunlar yekun rəqəmlər deyildi, ancaq Azərbaycan tərəfi heç danışıqlara başlamağa maraq göstərmədi.
Virtualaz.org saytı xəbər vermişdi ki, noyabrın 20-də ARDNŞ-in hasilat üzrə vitse-prezidenti David Məmmədov gələn ildən Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəql olunmayacağını açıqlayıb. Vitse-prezident bildirib ki, Rusiya tərəfinin təklif etdiyi tranzit haqları əlverişli deyil.
Onsuz da ARDNŞ gələn ildən neft ixracını tam dayandırır və hasil etdiyi neftin hamısını daxili bazarın benzinə olan tələbatını ödəmək üçün emala göndərməyə hazırlaşır. Söhbət ARDNŞ-in istismarında olan yataqlardan hasil olunan neftdən gedir. Ötən il şirkət 8,3 milyon ton neft hasil etmiş və bunun 2 milyon tonunu Bakı-Novorossiysk kəməri ilə nəql etmişdi.
Rusiya tərəfi son 5 ildə Azərbaycan tərəfini Bakı-Novorossiysk kəməri ilə neft nəqli öhdəliklərinə əməl etməməkdə günahlandırıb. Azərbaycan müqavilə üzrə kəmərlə 5 milyon ton neft nəql etməli olsa da tariflərin yüksək olduğunu əsas gətirərək 2 milyon tondan çox nəql etməyib. Rusiya tərəfi bildirir ki, nəticədə neft nəqlindən əldə edilən vəsait «Transneft»in Bakı-Novorossiysk kəmərinin istismarına yönələn xərclərini qarşılamayıb.
İ.Demin bildirib ki, Azərbaycan tərəfinin Bakı-Novorossiysk kəmərinin revers istiqfadəsinə dair qərarın qəbulunu gözlədiyini istisna etmir. Bu məsələ prezident Vladimir Putinin Bakıya avqust ayındakı səfəri zamanı gündəmə gəlib. Rusiyanın dövlət neft şirkəti olan «Rosneft»lə ARDNŞ arasında aparılan danışıqlarda kəmərin əks istiqamətdə işlədilməsi, «Urals» markalı neftin Bakı-Novorossiysk kəməri ilə Bakıya çatdırılması, buradan isə Bakı-Tiflis-Ceyhan (BTC) kəmərinə vurulması imkanları nəzərdən keçirilib. Bir neçə gün əvvəl «Rosneft»in Direktorlar Şurası məxfi iclasında bu məsələyə baxıb.
«Bizə kəmərin revers istifadəsi ilə bağlı heç kim müraciət etməyib, ona görə də heç bir iş aparılmır» - deyə İ.Demin bildirib.
«Transneft»in vitse-prezidenti Mixail Barkov isə deyib ki, Bakı-Novorossiysk kəmərinin revers istifadəsi məsələsi onlarla razılaşdırılmayıb. Plana görə, Rusiya kəmərlə Bakıya ildə 5 milyon ton neft nəql edə bilər. Bunun bir hissəsi Bakı neftayırma zavodlarında emal edilməli, qalanı BTC-yə vurulmalıdır.
«Transneft» rəhbəri Nikolay Tokaryov isə bildirib ki, şirkət «Rosneft»lə ARDNŞ arasında bu cür əməkdaşlığa şübhə ilə yanaşır. O, revers məsələsini yarımçıq adlandırıb.
«Hansısa fantaziyaları yox, real layihələri şərh etmək olar. Mən bunu başqa cür adlandırmaqda çətinlik çəkirəm. Çünki təklif spontan olaraq meydana çıxıb, işlənilməyib və hamı bu haqda qəzetlərdən öyrənib» - deyə Tokaryov bildirib.
Beləliklə, Azərbaycanla Rusiyanı bağlayan neft kəməri «kədərli sonluğa» yaxınlaşır. Prezident Vladimir Putinin dostu, KQB-nin, indiki Federal Təhlükəsizlik Xidmətinin general-mayoru, Rusiyanın ən korrupsiyalaşmış dövlət monopoliyasına başçılıq edən Nikolay Tokaryov bundan sonra Azərbaycan neftindən bir rubl da qazana bilməyəcək.
Nikolay Tokarev 1950-ci ildə Qazaxıstanı Karaqanda vilayətində anadan olub. Karaqanda Politexnik İnstitutunu bitirib. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin 1-ci baş idarəsində (xarici kəşfiyyat - «T» idarəsi) işləyib. «T» idarəsinin missiyası elmi-texniki kəşfiyyat aparmaq olub. 1980-ci illərdə KQB-nin Almaniyanın Drezden şəhərindəki rezidenturasında indiki prezident Vladimir Putinlə birgə işləyib. Drezdendə N.Tokaryov V.Putin və digər KQB rezidenti Sergey Çemezovla bir evdə yaşayıb. Məlumatlara görə, N.Tokaryov bir müddət V.Putinin rəisi olub.
«Kommersant» qəzetinin mənbələri bildirir ki, onların arasında yaxın dostluq əlaqəsi var. N.Tokaryov KQB-də rütbəcə V.Putindən böyük olub. 90-cı illərin əvvəllərində o, Federal Təhlükəsizlik Xidmətinin general-mayoru rütbəsində ehtiyata buraxılıb. 2007-ci ildən «Transneft»ə rəhbərlik edir. «Transneft» isə Rusiyanın ən korrupsiyalaşmış strukturlarından biridir.
22.11.2013 çap et