Vaxt.Az
Çörəyini dəmirçilikdən çıxaranlar
Tənəkəçi Sahib Əliquliyev: “Bu sənət mənə babalarımdan qalıb”
İnsan övladının əl əməyi bütün dövrlərdə əvəzsiz rol oynayıb. Xüsusən də qədim el sənəti kimi formalaşaraq bu günümüzədək yol gələn dəmirçilik istər kənd, istərsə də digər təsərrüfat işlərində mühüm əhəmiyyətə malik olub.
Dəmirçilik, adından da məlum olduğu kimi, Daş dövründən sonra meydana gəlmiş peşədir. Dəmirçi isə bu qədim el və xalq sənətini qoruyub bu günümüzə gətirən, zindan üzərində, qolunun gücünə dəmiri “yoğuraraq” müxtəlif formalara salan, ən ağır əmək sərf edən sənət sahibidir.
Əziyyəti çox olan bu sənətlə məşğul olanlar artıq barmaqla sayılacaq qədər azalıb. Unudulmaqda olan bu sənətin digər bir qolu olan tənəkəçiliklə məşğul olan bir ustanın sorağı ilə onun yanına yollanırıq.
Onu - gülərüz, mehriban və ortayaşlı kişini, tənəkəçi Sahib Əliquliyevi Şəkidə çoxları tanıyır. Kiçik, isti dükanında soyuq dəmirçiliklə məşğul olduğunu deyən Sahib Əliquliyevi elə iş başında yaxalayırıq. Sifariş üzrə qaz peçi düzəltdiyini deyən usta bu sənətin olduqca zəhmət və diqqət tələb edən bir sənət olduğunu bildirdi. Bir sözlə, həmsöhbətimiz çörəyini alın təri ilə qazanan sənətkarlardandır.
“Dəmirçiliyin iki növü var, isti və soyuq dəmirçilik” - deyir sənətkar: “Bu, dəmirçiliyin soyuq formasıdır, buna da tənəkə deyirlər. Bu sənətin yaşı olduqca qədimlərə söykənir. Bu sənət babamdan atama, atamdan isə mənə keçib. Tənəkəçiliyin bütün incəliklərini mənə atam öyrədib. Artıq iyirmi ildən çoxdur ki, bu sənətlə məşğulam. Əvvəllər evlərdə qaz, istilik sistemləri yox idi. Bu sənətlə qədimdə evləri isitmək üçün kəpək peçi düzəldiblər. İndi isə əsasən qaz, odun, neft peçi düzəldirik. Şəki dağlıq və soyuq rayon olduğu üçün indi odun və qaz peçi düzəltdirmək istəyənlər çoxdur. Dəmirdən düzəltdiyimiz bu odun peçləri sağlamlıq və texniki cəhətdən çox yaxşıdır. Dəmirin də növləri var. 1 millidən 3 milliyədək olan dəmir artıq qaynaq dəmiri kimi gedir”.
Söhbətimizin şirin yerində Sahib ustanın emalatxanasının qapısı açıldı. Gələn müştəri idi. O, sifariş etdiyi peçin nə vaxta hazır olacağını soruşurdu. Usta isə artıq peçin hazır olduğunu və axşama gəlib götürə biləcəyini dedi. Dəmirdən peçlə yanaşı, əl-üz yuyan, su çiləyən, su bakı, vanna düzəltdiyini deyən Sahib usta bir dəmir peçini düzəltməyin iki saat vaxt apardığını deyir. Həmçinin usta əlində özünün dəmirdən hazırladığı mismarı göstərərək düzəltdiyi əşyaları yalnız bu mismarla mıxladığını dedi: “Biz düzəldəcəyimiz əşyanın özünün dəmirindən üçbucaq halında kəsib xüsusi mismar düzəldirik. Qədimlərdən ustalar mismarlarını həmişə özləri hazırlayıblar. Son 10-15 ildir ki, artıq bu cür mismarları zavod da istehsal edir. Tutaq ki, bir peçin düzəldilməsi xeyli incəlik tələb edir. İlk öncə ölçüləri götürür, dəmiri kəsib pəsdah prosesini aparırıq. Yəni hissələr hazırlanır, ayaq vurulur və üst salınır. Burada ancaq pərçimləmə üsulundan istifadə edirik”.
Tənəkəçi arzusunu da dilə gətirir: “Sənətkarlara xüsusi yer ayrılsaydı, daha yaxşı olardı. Gənclər sənətə maraq göstərmir. Sənətə qiymət verilmir. Hər şeyi öz gücümüzə edirik. Deyirlər, nə vaxtsa sənətkarlara da yer veriləcək, üstün tutulacaqlar. Biz də o günü gözləyirik”.
Sahib ustanın gözlədiyi o günün qısa zamanda gəlməsini arzulayıb onunla sağollaşırıq. Hər halda, usta o günün gələcəyinə ümid edir və inanır.
11.01.2013 çap et