Vaxt.Az

Obamanın qızına vurulmaq cinayətdir


 

Maliyaya eşq elan edən Kardozo həbs olunub

Obamanın qızına vurulmaq cinayətdir «The Mirror» yazır ki, keçmiş prezident Barak Obamanın qızı Maliyanı qarabaqara izlədiyi deyilən gənc, qızın işlədiyi ofisdə həbs edilib.

«Ağ Ev stalkeri» kimi tanınan Jair Nilson Kardozo (Jair Nilton Cardoso) 18 yaşlı Maliyanın stajçı kimi işlədiyi Manhetton şirkətlərindən birinə keçmiş prezident qızına evlənmək təklif etmək üçün gəlibmiş.

Polis onu pleyerində ucadan musiqi çaldırmaqda və … prezident qızına evlənmək təklif etməkdə ittiham edib.

Həbs olunmuş şəxsi Maliyanın xüsusi xidmətlərdən olan iki cangüdəni müşayiət edib.

«New York Daily News» qəzetinin verdiyi xəbərə görə, 30 yaşlı Kordozo həbsindən iki gün əvvəl Maliyanın dalınca düşübmüş.

Məqalədə deyilir ki, Maliyanın cangüdənləri Kordozonu dərhal tanıyıblar, çünki o hələ Obamaların Ağ Evdə yaşadığı vaxtlarda Amerikanın bir nömrəli ofisinin həndəvərində dolaşırmış.

Bu da xəbər verilir ki, xüsusi xidmət xəfiyyələri tərəfindən Maliyanın iş yerində həbs olunan Kordozo psixiatrik qiymətləndirmə üçün ruhi klinikaya aparılıb.

Xəfiyyələr ona qarşı rəsmi ittiham irəli sürüb-sürməmək barədə hələlik qərara gəlməyiblər.

Obama ailəsinə gəlincə isə, onlar Ağ Evi tərk etdikdən sonra Vaşinqtonun dəbdəbəli Kalorama məhəlləsində yerləşən 6 milyon dollarlıq evə köçüblər.

Deyilənlərə görə, 9 yataq otağı olan bu böyük ev, Bill Klintonun prezidentliyi dövründə Ağ Evin mətbuat katibi olmuş Coe Lokarta (Joe Lockhart) və onun xanımı Covani Qrey Lokarta (Giovanna Gray Lockhart) məxsus olub.

 





20.04.2017    çap et  çap et