Vaxt.Az

Hədəflər böyüyür


 

Ekspertlər hesab edir ki, qeyri-neft ixracının artırılması üçün etibarlı təməl yaradılıb

Hədəflər böyüyür Aprelin 17-də Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində qaldırılan məsələlər geniş müzakirə olunmaqdadır. Müşavirədə dövlət başçısı bildirib ki, veriləcək tapşırıqlar, qarşıya qoyulacaq vəzifələrin icrası nəticəsində Azərbaycan daha böyük ixrac potensialına nail olacaq: «Əlbəttə ki, biz bunu ancaq sahibkarların köməyi ilə, onların fəaliyyəti hesabına təmin edə bilərik. Dövlət isə həmişəki kimi sahibkarların yanında olacaq».

İqtisadçı-ekspert Pərviz Heydərov qəzetimizə açıqlamasında bildirdi ki, son illər qeyri-neft ixracının artırılması sahəsində böyük irəliləyişlər əldə olunub: «Azərbaycan dövlətinin və hökumətinin fəaliyyətində ölkə iqtisadiyyatını dayanıqlı, tarazlı və şaxələndirilmiş şəkildə inkişaf etdirmək, əhalinin sosial rifahını yaxşılaşdırmaq, sosial-iqtisadi irəliləyişdə cari, orta və uzunmüddətli dövrlər arasında qarşılıqlı əlaqə yolu ilə cəmiyyətin bütün istiqamətlərində tərəqqiyə nail olmaq həmişə mərkəzi yer tutduğundan, neftin bu dəfəki qiymət enişindən nisbətən sığortalanmaq mümkün oldu. Prezident İlham Əliyev hələ 29 dekabr 2012-ci il tarixdə «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqda Fərman imzalamışdı. Həmin Konsepsiyada ölkə həyatının bütün sahələrində tələb olunan əsas inkişaf siyasəti və strateji hədəflər dəqiq göstərilməklə, bütün bunlara konkret dövlət proqramları vasitəsi ilə nail olmaq qarşıya vəzifə qoyulmuşdu. Odur ki, son illərdə ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun inkişafında mühüm nailiyyətlər əldə olunmuş, istehsal olunan ümumi daxili məhsul (ÜDM) həcmində onun xüsusi çəkisi üstünlük təşkil etməyə başlamış, rəqabətqabiliyyətli, ixrac imkanlı məhsulların istehsalı genişlənmişdir».

İqtisadçı ekspert bildirdi ki, son illər ərzində həyata keçirilən müvafiq dövlət proqramları və görülən işlər nəticəsində sözügedən sektorun davamlı inkişafı, sahibkarlıq mühitinin yaxşılaşması, investisiyaların artması, yeni müəssisələrin və iş yerlərinin açılması istiqamətində böyük nailiyyətlər əldə edilib. Ancaq qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisinin artmasına baxmayaraq, ixracda onun ümumi payı yüksək deyil. Odur ki, neftin dünya bazar qiymətlərinin əlverişsiz səviyyəyə enməsi və ölkədə neft hasilatının getdikcə azalması ilə əlaqədar, yeni iqtisadi inkişaf modelinə keçid daha tez nail olunması vacib sayılan məsələyə çevrilib: «Bu səbəbdən də, ölkədə istehsal olunan qeyri-neft məhsulları ixracını həm kəmiyyət, həm də çeşid baxımından genişləndirmək istiqamətində həyata keçirilən tədbirlər keçən ildən etibarən, daha da sürətləndirildi. Prezident tərəfindən bir sıra mühüm dövlət sənədlərinin imzalanması ilə hökumətə verilən müvafiq tapşırıqlar sayəsində stimullaşdırıcı tədbirlər dövlət siyasətinə çevrildi. Məsələn, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqda 2016-cı ilin yanvarın 18-də imzalanan sərəncamda hökumətə kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəniş dəstəyi vermək, xarici ölkələrə ixrac missiyaları təşkil etmək, xarici bazarları araşdırmaq və marketinq fəaliyyəti, «Made in Azerbaijan» brendini xarici bazarlarda təşviq etmək, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər alması, ixracla əlaqəli tədqiqat-inkişaf proqramına və layihələrə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinə dair mexanizmlər hazırlamaq haqda göstərişlər verildi. 2016-cı il martın 1-də isə qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqda sənəd də imzalandı. Bu sənədlə isə 2016-2020-ci illər ərzində Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracı ilə məşğul şəxslərə dövlət büdcəsindən xüsusi ixrac təşviqi rüsumunun ödənilməsi qaydası müəyyən edildi».

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili bildirdi ki, qarşıya qoyulan əsas hədəf inkişaf dinamikasını saxlamaq və daim inkişaf etməkdir: «Müşavirədə ölkə Prezidenti çox aydın və ətraflı şəkildə ixrac fəaliyyətinin bütün komponentlərin təhlil edərək qarşıda duran hədəfləri müəyyən etdi və bu hədəflərə çatmaq yollarını da göstərdi. Keçən illərdə qeyri-neft sektorunda görülən tədbirlə bu sektorun daim artmasını təmin edib. Hətta 2016-cı ildə ÜDM-in azalmasına baxmayaraq, qeyri-neft sektoru artım nümayiş etdirib. Bu dövrlərdə ölkədə infrastruktur layihələrinin icrası və istehsal üçün tələb olunan bütün şərait yaradılıb. Bu baxımdan hesab edirəm ki, ixracın artırılması üçün etibarlı təməl yaradılıb. Təsadüfi deyil ki, 2017-ci ilin 1-cü rübündə ixracın həcmi artıb, istehsalın şaxələndirilməsi prossesi dərinləşib. Ənənəvi sahələrdən başqa, yeni istehsal sahələrinin dirçəldilməsi, sənaye, kimya sahələrində yeni məhsulların buraxılması ixracın artımı ilə yanaşı, ixrac məhsullarının çeşidinin artmasına gətirib çıxarıb. Bunun üçün həm istehsal sahərini artırmaq, keyfiyyətli məhsul buraxmaq, həm də yeni bazarlar axtarmaq, orda marketinq fəaliyyətini gücləndirməklə Azərbaycan məhsulları üçün bazar payı əldə etməkdir. Bu yolda dövlət daim sahibkarların yanında olacaqdır».

 





20.04.2017    çap et  çap et