Vaxt.Az

«Sözlərimi təhrif ediblər»


 

«Mən varlı ailələrin övladları ilə bağlı qanun layihəsi hazırlandığını deməmişəm»

«Sözlərimi təhrif ediblər» «Gənc ailələrin sosial müdafiəsi haqqında» qanun layihəsinin mahiyyətində gənc ailələrə dəstək məsələsi dayanır». Bunu açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyib. Onun sözlərinə görə, hazırda gənc ailələr əsasən mənzil problemindən əziyyət çəkir.
«Sözügedən qanun layihəsi üzərində hazırda işlər gedir. Gənclərin işlə təmin olunması məsələsinə gəlincə, bu qanunda müəyyən kvota nəzərdə tutulur. Digər tərəfdən isə əsas problemlərdən biri də sosial-psixoloji durumdur» - deyə komitə sədri bildirib. 
H. Rəcəbli təəssüflə bildirib ki, onun fikirləri bəzi media orqanları tərəfindən təhrif olunub. 
«Mənim dediklərimi başlığa təhrif olunmuş şəkildə çıxarıblar. Guya, mən sırf varlı ailələrin uşaqlarına yardımı nəzərdə tutan müddəaların yeni hazırlanan qanun layihəsində yer almağından bəhs etmişəm. Halbuki, mən belə deməmişəm. Bu layihə varlı və ya kasıb olmağından asılı olmayaraq, gənc ailələrin sosial müdafiəsini nəzərdə tutur. Varlının da sosial-psixoloji durumunun yaxşılaşdırılmasına ehtiyac var, kasıbın da. Bir daha deyirəm söhbət gənc ailələrin sosial müdafiəsindən gedir, varlı-kasıb məsələsinin bura dəxli yoxdur» - deyə millət vəkili qeyd edib.
Milli Məclisin komitə sədri onu da bildirib ki, Azərbaycanda il ərzində 85-90 min cütlük nikaha girir. Onun sözlərinə görə bu cütlüklərdən 10 faizi boşanır. «Boşanma səbəbləri isə əsasən psixoloji durumun yaxşı olmamağıdır. Nikaha girənlərin 5 mini isə 18-35 yaş arasında olur» - deyə H.Rəcəbli statistik rəqəmləri söyləyib.
 





28.11.2013    çap et  çap et